Universitetdə külli miqdarda yeyinti üzə çıxıb…
Gürcüstan Baş Prokurorluğu Gürcüstan Texniki Universitetinə (GTU) məxsus böyük həcmdə əmlakın qanunsuz mənimsənilməsi və israf edilməsi faktı ilə bağlı istintaqa başlayıb.
Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb. Prokurorluğun açıqlamasına görə, Texniki Universitetin rektoru David Qurgenidze 17 oktyabr tarixində istintaq orqanına müraciət edərək, universitetin mülkiyyətində olan əmlakın qanunsuz özəlləşdirilməsi faktları barədə məlumat verib.
Bəyanatda qeyd olunur ki, söhbət Tbilisidə, Kostava küçəsi 77 ünvanında yerləşən, universitetə məxsus daşınmaz əmlakdan — torpaq sahələrindən, binalardan, tikililərdən və idman meydançalarından gedir. Rektorun sözlərinə görə, bu əmlak MMC “Gürcüstan Universiteti” tərəfindən qanunsuz şəkildə özəlləşdirilib. İstintaq Baş Prokurorluğunun Korrupsiya Cinayətləri ilə Mübarizə Departamenti tərəfindən aparılır.
Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin “d” bəndi və 3-cü hissəsinin “b” bəndi ilə 24 oktyabr tarixində başlanıb. Prokurorluq bildirir ki, istintaqın gedişi və hüquqi qiymətləndirmələrlə bağlı ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.
