7 Yanvar 2026 / 17:15

PUTİN “AZAL TƏYYARƏSİ”NİN “QANI”NI BELƏ BATIRDI- SOS

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin ötən axşam AZAL-ın təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsi barədə bəyanatını yəqinki hamı oxuyub. Bəs nə baş verir? O, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyevə göndərdiyi məktubunda bəzi detallara, daha dəqiq, bəhanə və burcutmalara aydınlıq gətirib. Amma bu və məlum təyyarə böhranı ətrafında yeni suallar yaranır. Politoloq Asif Nərimanlı bu barədə maraqlı detalları ortaya qoyub. Sitat: “…Məktubda AZAL-ın təyyarəsinin hava şəraitinə görə marşrutunu dəyişdirdiyi, qəzanın da buna görə baş verdiyi qeyd olunur, atəş açılmasından bəhs edilmir. Xarici işlər naziri Ceyhun Bayramov da ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirdi ki, Rusiya İstintaq Komitəsi təəccüb doğuran məktub göndərib. Məktubda cinayət işinə xitam verildiyi bildirilir.
Bastrıkinin məktubu qəza ilə bağlı Rusiyanın da yer aldığı komissiyanın ilkin araşdırmasının nəticələrinə, eləcə də Putinin Əliyevlə Düşənbə görüşündə dediklərinə ziddir.
– Komissiya təyyarəyə kənar müdaxiləni təsdiq edir;
– Putin də Əliyevə təyyarənin Rusiya hava hücumundan müdafiə sistemlərinin açdığı atəşə tuş gəldiyini deyib və buna görə kompensasiyanın ödəniləcəyini, məsuliyyətli şəxslərlə bağlı hüquqi qiymət veriləcəyini bildirib;
Bunun fonunda Rusiya İstintaq Komitəsinin əsassız mövqeyi Bakıda suallar yaradır: Bastrıkin Putinə qarşı çıxır?
Mümkün ehtimaldır, Rusiyanın hərbi-siyasi elitasında qruplaşmaların olduğunu nəzərə alsaq, təyyarənin vurulmasına görə məsuliyyət daşıyan şəxsləri qorumaq istəyən qrupların rol oynadığı versiyası ön plana çıxır. Cinayət işinə xitam verilməsi ilə Putinin də mövqeyinə təsir etmək istəyə bilərlər. Hərçənd, mümkün görünən bu ehtimal belə bir qərarın birbaşa Kreml – Putin tərəfindən verilməsi versiyası ilə müqayisədə zəif görünür.
İstisna deyil ki, Putin qəbul etdiyi tələblərin icrasını məqsədyönlü şəkildə gecikdirir. Moskva da beynəlxalq komissiyanın araşdırdığı qəzada atəş açıldığı faktının təsdiqlənəcəyini və Azərbaycanın tələblərindən geri çəkilməyəcəyini anlayır, lakin Bakı ilə pərdəarxası danışıqlarda bundan (Moskva üçün Cənubi Qafqazda zəifləyən mövqelərini yenidən bərpa etmək məqsədilə açılacaq kommunikasiyalardan pay almaq istəyi prioritetə çevrilib) “bazarlıq” üçün istifadə etmək istəyi də müşahidə olunur. Görünür, Putin Bastrıkini “pis polis” obrazında önə çəkməklə Bakıya mesaj ötürür, eyni zamanda, lazım olacağı təqdirdə “yaxşı polis” rolunda prosesə müdaxilə imkanlarını da saxlayır”.
Amma hamı dəqiq bilir ki, bu “xəmir” hələ çox su aparacaq…
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!