16 Yanvar 2026 / 13:36

Qanunla qan donorluğu necə tənzimlənib? – RƏSMİ

Ölkəmizdə qan donorluğu necə tənzimlənir, kimlər qan verə bilər, qanvermədən əvvəlki və sonrakı qaydalar haqqında əldə etdiyimiz məlumatı “Təzadlar” olaraq oxucularımızla paylaşırıq. Qan donorluğu – şərəfli əməl olub, öz qanını vermək deməkdir. Çoxsaylı tədqiqatlarla sübut olunub ki, 400-450 ml qan və ya 500 ml plazma götürmək sağlam insanın səhhətinə və əmək qabiliyyətinə mənfi təsir etmir. Əksinə, təkrar qanvermə qanda şəkərin, zərərli lipoproteinin, qan təzyiqinin, ürək döyüntüsünün azalmasına kömək edir, ürək xəstəlikləri riskini azaldır.

Qan vermək hansı hallarda və nə üçün lazımdır?

  • uşaqlıqdan kənar hamiləlik, doğuşa qədər, doğuş zamanı və ya doğuşdan sonra qanaxma ağırlaşmaları olan qadınlar üçün
  • malyariya və ya kifayət qədər qidalanmama nəticəsində ağır qanazlığı olan uşaqlar üçün
  • bədbəxt hadisələr nəticəsində ağır tr avmalar almış insanlar üçün
  • üzərində cərrahiyyə əməliyyatları keçirilən və xərçəng xəstəliklərindən əziyyət çəkən pasiyentlər üçün

Həmçinin talassemiya xəstəliyindən əziyyət çəkən insanlara müntəzəm olaraq qan köçürmə, hemofiliyadan əziyyət çəkən insanlar üçün qan laxtalanma faktorları məhsullarının hazırlanması məqsədilə də qan lazımdır.

Kimyaterapiya zamanı onkoloji xəstələr üçün isə qan həyati əhəmiyyət kəsb edir.  Müntəzəm qan təchizatına daimi ehtiyac vardır, çünki qanın saxlanma müddəti məhduddur və lazım olduqda həmişə və hər yerdə təhlükəsiz qan əldə etmək üçün kifayət qədər sağlam donorun müntəzəm olaraq qan verməsi lazımdır.

Qan donorundakı yaş həddi

Qan verməyə hazırlaşdığınız ərazidə qeydiyyatınız olmalıdır.  Çəkiniz 50 kq-dan artıq olmalıdır (donorun səhhətinə göstərilən qayğı məqsədilə).  Aşağı yaş həddi – 18, yuxarı yaş həddi – 65 olmalıdır. Lakin bəzi hallarda donorun yol verilən yaşı barədə qərarı (50 yaşdan yuxarı) konkret halda həkim qəbul edir.

Qanvermədən əvvəl hansı qaydalara əməl etmək lazımdır?

  1. Qan verməmişdən 72 saat əvvəl aspirin, analgin, no-şpa və s. kimi qanı durulaşdıran dərmanları qəbul etmək olmaz.
  2. 48 saata kimi alkoqol qəbul etmək olmaz.
  3. Mütləq yaxşı yatmaq, qan verən gün yüngülcə səhər yeməyi yemək lazımdır.
  4. Siqaret çəkməkdən çəkinmək məsləhət görülür (siqaretçəkmə donorluq üçün əks-göstəriş deyil, lakin həkimlər qan verməzdən bir saat əvvəl və bir saat sonra siqaret çəkməyi məsləhət görmürlər. Çünki qana düşən nikotinin zəhərli təsiri pasiyentlər üçün, xüsusən yeni doğulan körpələr üçün təhlükəlidir. Həmçinin bu, donorun əhvalına pis təsir edə bilər).
  5. Qızardılmış, istiotlu, duzlu, hisə verilmiş yeməkləri yemək, qida üçün banan, yumurta, süd məhsulları və yağ işlətmək məsləhət görülmür. Yaxşısı budur ki, qidada şirin çay, kompot, mineral su, mürəbbə, çörək, suxarı, suda qaynadılmış yarma, balıq, tərəvəz, meyvə istifadə olunsun.
  6. Qan verməzdən əvvəl içilən 2 stəkan şirə və ya su qan verdikdən sonra yaxşı əhval-ruhiyyəni təmin etmiş olur.

Qan verdikdən sonra hansı qaydalara əməl etmək lazımdır?

  1. Qan verdikdən sonra dərhal ayağa qalxmaq məsləhət görülmür, 10-15 dəqiqə ərzində sakitcə əyləşin.
  2. Başgicəllənmə və ya zəiflik hiss edirsinizsə, tibbi personala müraciət edin (ən sadə çıxış yolu – ya uzanmaq və ayaqları başdan yuxarı qaldırmaq, ya da oturmaq və başı dizlərin arasına aşağı salmaqdır).
  3. Sarğını 3-4 saat ərzində çıxartmayın, çalışın ki, sarğı islanmasın.
  4. Duş və ya vannanı ertəsi gün qəbul etmək olar.
  5. İki sutka ərzində yaxşı olar ki, fiziki gərginlikdən çəkinəsiniz. Qan verdikdən sonra imtahan vermək və ya idman yarışlarında iştirak etmək lazım deyil.
  6. Çoxlu və müntəzəm qidalanmaq vacibdir, çoxlu maye için (alkoqol məsləhət görülmür).
  7. Qan verəndən sonra peyvənd vurdurmağa 10 sutkadan tez olmamaq şərti ilə icazə verilir.
  8. Qan verilən gündə avtomobil sürməyə məhdudiyyət qoyulmur.

 

 

Qanın, qan komponentlərinin pullu donorluğunun qaydası və şərtləri

 

Qanın, qan komponentlərinin pullu donorluğunun qaydası və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 13 fevral tarixli 43 nömrəli qərarı ilə təsdiq edilmişdir.

  1. Bu Qayda “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanının 1.4-cü bəndinə uyğun hazırlanmışdır və qanın, qan komponentlərinin pullu donorluğunun qayda və şərtlərini müəyyən edir.
  2. Qana, qan komponentlərinə olan tələbatı tam ödəmək mümkün olmadığı hallarda (donor qanına təcili və təxirəsalınmaz ehtiyac yarandıqda) pullu donorlardan istifadə edilə bilər.
  3. Donor qanına təcili və təxirəsalınmaz ehtiyac yaranarsa, verilən qana görə haqq alan donorlar qan xidməti müəssisəsinə (qan bankına) donorların çağırışı üzrə məsul işçisi tərəfindən dəvət olunur və müvafiq qaydada qan verirlər.
  4. Qan xidməti müəssisələrində (qan banklarında) qeydiyyatda olan, mütəmadi qan verən donorlar ərizə ilə müəssisə rəhbərliyinə müraciət edərək rəhbərliyin razılığı ilə pullu donor kimi qəbul edilirlər.
  5. Pullu donorlara Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qiymətlər əsasında, verdikləri qanın həcmindən asılı olaraq, müvafiq haqq ödənilir. Haqq müəyyən olunmuş qaydada müəssisənin xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.
  6. Donorlar tibbi müayinədən keçdikləri, qan və ya qan komponentlərini verdikləri gün mülkiyyət formasından asılı olmayaraq işlədikləri müəssisə, idarə və təşkilatlarda orta əməkhaqqı saxlanılmaqla işdən azad olunurlar.

Qan və ya qan komponentlərini vermiş tələbələr qan verdikləri gün məşğələlərdən, hərbi qulluqçular isə hərbi xidmətin bütün növlərindən azad olunurlar.

  1. Qan verən zaman donorlar qan xidməti müəssisələrində (qan banklarında) pulsuz yeməklə təmin olunurlar.
  2. Donorluq funksiyasını yerinə yetirməsi ilə əlaqədar olaraq əmək qabiliyyətini müvəqqəti itirdikdə işləyən donora müavinət iş stajından asılı olmayaraq orta əməkhaqqının məbləği əsasında hesablanır.

Məqamında onu da bildirim ki, illərdir ki, ölkəmizdə hər il qanvermə aksiyaları keçirilir. Bu aksiyalarda dövlət müəssisələrində çalışanlar və həmçinin könüllülər iştirak edirlər.

Hazırladı: RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!