Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə özünüməşğulluq proqramının icrasını davam etdirir.
Tezadlar.az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, bu çərçivədə Ağdərə, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı və Xocavənd rayonlarında, eləcə də Xankəndi şəhərində daha 40-dək şəxsə mal və materiallar təqdim olunub.
Bildirilib ki, verilən avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatlarının istehsalı, kiçik dərzi sexi, broyler inkubatoru, avtomobil şinlərinin bərpası və təmiri, avtotəmizləmə, qadın gözəllik salonu, kişi bərbərxanası, dönərxana və avtoçilingər xidmətləri üzrə kiçik bizneslərini qurublar.
Proqram iştirakçıları göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində yaratdıqları təsərrüfatları gələcəkdə genişləndirməyə çalışacaqlarını qeyd ediblər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərdən artıq 950-yə yaxın şəxs özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını qurub.






