…Statistika göstərir ki, Azərbaycanda hazırda 4244 kənd var və bu kəndlərin bəzilərinin faktiki təsərrüfat (ev) sayı bəzi hallarda 30-40 civarındadır. Qarabağın işğaldan əvvəlki, yəni 1990-cı ilədək olan zamanında isə elə kəndləri var idi, əhali sayı 100-150, bəzi hallarda isə 50-70 nəfər olub.
***
Hazırda Qarabağın işğaldan azad edilmiş rayonlarında yenidənqurma işləri görülür, bərpa və yeni tikilən insan məskənləri salınır. Şübhəsiz ki, say çoxluğundansa, kənd və ya qəsəbələrin sambalına üstünlük verilməsi doğru olardı. Məsələn, 40-50 təsərrüfatı olan kəndlərin ərazisini bu az saylı insanların mal-qarasına, yaxud əkin yerinə ayırmaqdansa, kompakt kənd-qəsəbə modelindən istifadə etməklə, həm əhalinin lazımi sosial obyektlərlə təminatında operativlik qazanmaq olar, həm də onların sosial problemlərinin həllində keyfiyyət olar. Odur ki, əhali sayına görə şəhər tipli yaşayış məskənlərinə də üstünlük vermək mümkündür.
Yeri gəlmişkən, vaxtilə Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri Əsgəran idi. Əhalisi 25 min nəfər olub. Azərbaycan SSR Ali Sovetinin 15.05.1978-ci il tarixli Fərmanına ilə Stepanakert (Xankəndi) şəhəri, Kərkicahan kəndi daxil olmaqla “respublika tabeli şəhər” statusu aldığı nəzərə alınaraq, mərkəzi Əsgəran qəsəbəsi olmaqla keçmiş Stepanakert rayonunun digər yaşayış məntəqələrinin ərazisində Əsgəran rayonu təşkil edilmişdi. 1990-cı ildə Qərbi Azərbaycandan (Ermənistan ərazisindən) qovulan Azərbaycanlıların, habelə SSRİ-nin digər ərzilərindən Azərbaycana pənah gətirmiş ağıska türklərinin Əsgəran rayonunun Xocalı qəsəbəsində yerləşdirilməsi ilə Azərbaycan SSR KPMK ikinci katibi Viktor Polyaniçkonun təşəbbüsü ilə “Xocalı qəsəbəsi”, adı dəyişdirilərək, “Xocalı şəhəri” adlandırılmışdır. Bununla da Əsgəran rayonunun mərkəzinin dəyişdirilməsi üçün hüquqi və iqtisadi əsaslar yaradılmışdır. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında” Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli 279-XII nömrəli Qanununun 3-cü və 4-cü hissələri ilə qərara alınmışdı: “3. Əsgəran və Hadrut rayonları ləğv edilsin. 4. Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılsın, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilsin“. Keçmiş Əsgəran rayonunun əraziləri 1992-1993-cü illərdə rus-erməni birləşmələri tərəfindən işğal olunduqdan sonra, 2023-cü ilə qədər qondarma rejim tərəfindən bu torpaqlar “Əsgəran rayonu” adı altında idarə olunub. Həmin 1992-2023-cü illər ərzində “Əsgəran rayonu” ərazisində az sayda binalar (əsasən kilsələr) tikilib və Azərbaycan ərazilərindən çıxarılan dövlət arxivləri, əsasən bu ərazidə saxlanılıb.
Gələk mətləbə: hazırda Azərbaycanda ümumilikdə 4244 kənd var. Dövlət Statistika Komitəsinin məlumatına görə, hazırda Azərbaycanın ən çox əhali yaşayan kəndi Abşeron rayonunun Masazır kəndidir. 2019-cu ildə keçirilmiş əhalinin sonuncu siyahıya alınmasına görə, Masazırda 68 273 nəfər sakin olub. Ümumiyyətlə, siyahıda ilk “3-lük”də Abşeron rayonunun kəndləri yer alır. Digər kəndlər də belə sıralanır:
1. Abşeron rayonunun Masazır kəndi 68273 nəfər
2. Abşeron rayonunun Məmmədli kəndi 17039 nəfər
3. Abşeron rayonunun Novxanı kəndi 14089 nəfər
4. Tovuz rayonunun Əyyublu kəndi – 11989 nəfər
5. Tovuz rayonunun Aşağı Quşçu kəndi – 10699 nəfər
6. Biləsuvar rayonunun Xırmandalı kəndi – 10243 nəfər
7. Quba rayonunun İkinci Nügədi kəndi – 10648 nəfər
8. Qazax rayonunun Daş Salahlı kəndi – 10112 nəfər
9. Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndi – 9599 nəfər
10. Lənkəran rayonunun Boladı kəndi – 9547 nəfər
11. Beyləqan rayonunun Birinci Şahsevən kəndi – 9409 nəfər
12. Şəmkir rayonunun Düyərli kəndi – 9143 nəfər
13. Şəki rayonunun Kiçik Dəhnə kəndi – 9099 nəfər
14. Sədərək rayonunun Sədərək kəndi – 8871 nəfər
15. Şəki rayonunun Baş Göynük kəndi – 8468 nəfər
16. Cəlilabad rayonunun Alar kəndi – 8462 nəfər
17. Quba rayonunun Birinci Nügədi kəndi – 8160 nəfər
18. Zaqatala rayonunun Muxax kəndi – 8132 nəfər
19. Zaqatala rayonunun Yuxarı Tala kəndi – 8127 nəfər və sair.
Gülməli də olsa, əhali sayı bir nəfər olan kəndlərimiz də mövcuddur. Belə ki, Neftçalanın Kürdili kəndi, İsmayıllı rayonunun Gərzə və Pirəqanım kəndləri bu sıradadır. Lerikdə isə faktiki 10-20 nəfər əhalisi olan kəndlərin olduğu bildirilir. İş yeri olmadığından insanların kənar bölgələrə miqrasiyası kəndlərin boşaldılması ilə nəticələnməkdədir. Nümunə üçün: Rusiyanın vaxtilə 20-30 min nəfər əhalisi olan elə kndləri var ki, indi 10-20 nəfəri qalıb, hamısı köçüb gedib başqa ərazilərə.
***
Göründüyü kimi, vaxtilə 25 min nəfər əhalisi olan Əsgəran rayonu yaradılıb, mərkəzi qəsəbə statusu olsa da, ermənilər işğal dövründə ora şəhər statusu vermişdilər. Hazırda isə Əsgəran rayonundan daha çox əhalisi olan kənd və ya qəsəbələrimiz var. Təbii ki, Qarabağda aparılan quruculuq işləri ilə bağlı bir-birinə yaxın olan bir neçə kəndi birləşdirərək vahid idarəetmə sistemi olmaqla, yeni müasir qəsəbələr salmaq olar. Əhali sayı 30-40 mini keçən qəsəbələrə isə şəhər statusu verməklə Qarabağın coğrafi xəritəsini də təkmilləşdirmək mümkündür. Nəinki mümkündür, hətta deyərdik ki, bu starateji baxımdan çox vacibdir.
A.Məmmədli