Qırğızıstanda yanacaq və sürtkü materialları qıtlığı yaşanır, lakin neft treyderləri də dəqiq proqnoz verə bilmirlər…
Qırğızıstan Neft Treyderləri Assosiasiyasının rəhbəri Kanatbek Eşatov ölkənin yanacaq və sürtkü materialları bazarında mövcud vəziyyəti çətin kimi qiymətləndirib.
Tezadlar.az xəbər verir ki, o, 24.kg-a bu vəziyyətin səbəblərini açıqlayıb.
“Müəyyən risklər var. Bəzi şirkətlərin mövcud ehtiyatları artıq tükənib, bir aydan da az vaxt qalıb. Amma hökumət hazırda məsələni gündəlik izləyir, fasilələrin və çatışmazlıqların qarşısını almaq üçün tədbirlər görür”, – deyə Eşatov bildirib.
O vurğulayıb ki, Qırğızıstanda yanacaq-sürtkü çatışmazlığı Rusiyada bəzi neft emalı zavodlarının planlı təmirə bağlanması , digərlərinin isə dron hücumlarına məruz qalaraq zədələnməsi səbəbindən yaranıb.
Buna görə də Qırğızıstan hökumətlərarası sazişlə təmin edilən yanacaq-sürtkü materiallarını hələ də tam həcmdə almayıb.
“Yanacaq-sürtkü yağları az miqdarda gəlir. “Müqavilə ilə zəmanət verilən həcmin bir hissəsi artıq təhvil verilib, qalan hissəsinin isə ilin sonuna qədər təhvil veriləcəyi vəd edilir. İndi heç kim heç bir proqnoz verə bilməz, çünki vəziyyət hər gün dəyişir”, – deyə Neft Treyderləri Assosiasiyasının rəhbəri bildirib.
Bundan əvvəl Qırğızıstan Respublikasının İqtisadiyyat və Ticarət Nazirliyi yanında Antiinhisar Tənzimləmə Xidməti ölkənin mövcud neft məhsulu ehtiyatlarının təxminən bir aya kifayət etdiyini bildirmişdi.
Y.Məmmədli

