Hollivudun məşhur aktyorları Silvestr Stallone və Riçard Girin şahzadə Diananın uğrunda dava etdikləri məlum olub.
Tezadlar.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisənin təfərrüatlarını məşhur müğənni Elton Con 2019-cu ildə nəşr olunan “Mən” adlı xatirə kitabında açıqlayıb.
Müğənninin sözlərinə görə, 1990-cı illərdə təşkil etdiyi ziyafətlərdən birinə Stallone, Gir və Uels şahzadəsi Diananı dəvət edib. Həmin vaxt şahzadə Diana artıq şahzadə Çarlzdan ayrılmışdı. Riçard Gir isə supermodel Sindi Kroufordla münasibətlərinə son qoymuşdu.
Elton Conun sözlərinə görə, Diana ziyafət zamanı Riçard Girə xüsusi maraq göstərib. İkili uzun müddət səmimi söhbət edib. Bu mənzərə isə Silvestr Stallonenin xoşuna gəlməyib. Müğənninin həyat yoldaşı Devid Ferniş bir müddət sonra dəhlizdə iki Hollivud ulduzunun qarşı-qarşıya gəldiyini görüb. Onlar arasında vəziyyət o qədər gərginləşib ki, az qala əlbəyaxa dava başlayıb.
“Görünür, onlar Diana ilə bağlı fikir ayrılıqlarını yumruq davası ilə həll etməyə hazırlaşırdılar”, – Elton Con xatirələrində yazıb.
İddialara görə, Stallone ziyafəti tərk edərkən əsəbi şəkildə bildirib:
“Burada bu lənətə gəlmiş nağıl şahzadəsinin olacağını bilsəydim, heç gəlməzdim. Diananı istəsəydim, onu əldə edərdim!”
Elton Conun sözlərinə görə, bütün bu hadisələr zamanı şahzadə Diana tamamilə sakit qalıb.
“Ola bilsin, nə baş verdiyini anlamırdı. Bəlkə də belə hadisələr onun həyatında tez-tez yaşanırdı”, – müğənni qeyd edib.
Məlum olub ki, Stallone ilə Gir arasındakı gərgin münasibətlər şahzadə Diana ilə bağlı hadisədən xeyli əvvəl yaranıb.
Stallone sentyabrın 29-da nəşr olunan “Addımlar” adlı yeni xatirə kitabında aktyorlar arasında ilk ciddi münaqişənin “Fletbuş lordları” filminin çəkilişləri zamanı baş verdiyini yazıb.
Onun sözlərinə görə, Riçard Gir sınaq çəkilişlərində improvizasiya zamanı Stallonenin köynəyindən yapışıb və dırnaqları onun dərisinə batıb.
“Mən ona uzaqlaşmasını dedim, amma ikinci çəkilişdə yenə eyni hərəkəti etdi. O bilmirdi ki, artıq içimdəki qəzəbi oyatmağa başlamışdı”, – Stallone xatırladıb.
Aktyor rejissor Stiven F. Veronadan belə vəziyyətdə real həyatda necə davranardısa, elə də reaksiya verməyə icazə istəyib. Rejissor bunun nə demək olduğunu soruşanda Stallone “Onun dişlərini sındıracağam” cavabını verib. Rejissor isə “Xahiş edirəm, bunu etmə” deyərək onu sakitləşdirməyə çalışıb.
Çəkilişlər zamanı başqa bir insident də yaşanıb. Girin toyuq yağını Stallonenin üzərinə tökməsi aktyorlar arasındakı münasibətləri daha da gərginləşdirib. Nəticədə Riçard Gir layihədən uzaqlaşdırılıb və onun yerinə Perri Kinq çəkilib. Stallone xatirələrində həmin dövrü belə qiymətləndirib:
“Hər kəsə aydın idi ki, bu əməkdaşlıq alınmır”.
Beləliklə, Hollivudun iki məşhur aktyoru arasındakı uzunmüddətli gərginlik illər sonra şahzadə Diananın iştirak etdiyi ziyafətdə yenidən üzə çıxıb.







