Tanınmış həkim Rəşid Mahmudovun araqla bağlı şərhi ciddi reaksiya doğurdu

Oxunma sayı: 432

Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudov efirdə arağın həm də əhəmiyyətini qeyd edib, bu isə sosial şəbəkələrdə bəzi narazı şərhlərə yol açıb… Elə sosial media istifadəçisi və yazar Arzu Əsəd bu barədə maraqlı şərh yazıb. Tezadlar.az təqdim edir:

-Rəşid müəllim arağı reklam edib. Müxtəlif reaksiyalar var. Kimlərsə bunu adam həkim olduğu üçün peşəkarlıq baxımından doğru hesab etmirlər ki, o niyə orqanizmə zərərli olan bir məhsulu reklam edir? Bir əhəmillyətli kəsim də bunu dini baxımdan, dinimizdə arağın haram buyurulduğu üçün xalqın sevimlisi olan ağsaqqala yaraşdırmır. Sözarası da eşitdirirlər ki, kişi qocalıb, yaşlılarda belə şeylər olur, yəni açıq desək, özünü idarə edə bilmir, ondan istifadə edirlər.

Hətta bunu xalqımızın milli-mənəvi dəyərlərinə hörmətsizlik kimi adlandıran dindarlarımız oldu.

Böyük səhv edirlər, hətta adama böhtan atırlar, əba altından zopa göstərib yumşaq bir tövrlə şantaj edirlər. Onlar bilərəkdən, ya da bilməyərəkdən anlayışları bir-birinə qarışdırırlar. Araq içmək niyə milli-mənəvi dəyərlərə hörmətsizlik olsun ki? Bu hər adamın öz şəxsi işidir. Arağın reklamı da iqtisadi məsələdir. Dünyəvi dövlətdə bir dindarın ölkə qanunlarına zidd olaraq insan haqlarına və ölkə iqtisadiyyatının təxribatına aparacaq hər hansı bir moizəsi qəbuledilməzdir.

Bunun milli-mənəvi dəyərlərlə qətiyyən əlaqəsi yoxdur. Əksinə, bu tip moizələr milli-mənəvi dəyərlərimizə zərər vura bilər. İçki içmək, insan münasibətlərində hər hansı bir hədd pozulmayıbsa, insanla Allah arasındakı münasibətlərə aiddir. İslamda, məsələn, xristianlıqda olduğu kimi insanla Allah arasında heç bir vasitəçi yoxdur, olmamalıdır.

Müsəlman gedib kilsədə keşişə etiraf edərək günah çıxarmır, öz günahı və Allahı ilə təkbətək qalır, günahları bir səviyyəyə gəlib qəlbə ağırlıq edəndə o yenə də heç kimin iştirakı olmadan tövbə edə, peşmançılığını bildirə bilər. Allahın tövbə qapısı da həmişə açıqdır. Özünü müsəlman adlandıran, özünü dindar bilib həyatını islamı təbliğ etməyə həsr edən dostlar, siz bu açıq həqiqəti bilmirsinizmi?

Başdan-ayaga günah yığını olduğunuz halda öz din qardaşlarınızı belə təqsirləndirmək nə deməkdir? Hərdən özünüzə sual verin ki, siz nə vaxtdan Allahın vəkili, vasitəçisi oldunuz? Sizi kim vəkil elədi? Siz kimsiniz də Allahla onun bəndəsi arasına girirsiniz? Sizə kim haqq verib ki, həyatı, dini, insan münasibətlərini bu qədər bəsitləşdirəsiniz? Siz nə vaxtdan öz günahlarınizdan arınıb cənnəti satın aldınız da, indi başqalarının günah etməsinin qarşısını alırsınız? Bu davranışlarla siz cəmiyyətdə günahın qarşısını almırsınız, riyakarlığı artırırsınız. Allah sizin də günahlarınızı bağışlasın!

 

Xəbəri paylaş

18 Aprel