Tanınmış naşir və publisist, şair Əli Mahmuda həsr edilmiş kitab təqdim edildi

Oxunma sayı: 691

Azərbaycan Yazıçılar Birliyində az sonra tanınmış şair və publisist Əli Mahmuda həsr edilmiş “Əli Mahmud və onun “Qarabağa aparan yol”u kitabının təqdimatı olacaq.  Təqdimat mərasimində şairin qələmdaşları onun həyat və yaradıcılığına nəzər salacaq, haqqında maraqlı xatirələr söyləniləcək.

XXX

Kitabın müəllifi, yazıçı- publisist Fariz Çobanoğlu oxucuya bələdçilik edərək yazır: “…Əli Mahmud 1948-ci il mayın 1-də Laçın rayonunun Piçənis kəndində doğulub. Bu günlərdə onun 70 yaşı tamam oldu. Və beləcə, Əli Mahmudun mənalı həyat və 50 illik keşməkeşli yaradıcılıq yolu gözlərim önündə canlanır. O, iki fərqli dövrdə fəaliyyət göstərib, yazıb-yaradıb  – həm siyasi-ideoloji basqıların, təzyiqlərin insan ruhuna hakim olduğu bir dövrdə, həm də sözün azadlığa, günəş işığına çıxdığı bir zamanda – müstəqillik illərimizdə. Onun ədəbi taleyi sınaqlardan keçə-keçə zamanımıza öz saflığı, duruluğu ilə birgə gəlib çıxıb. Biz indi onu həm sovet dövrünün, zamanının şairi, həm də çağdaş, müstəqil Azərbaycanın şairi kimi tanıyırıq. Postsovet ədəbi mühitinə məxsus müsbət əlamətləri də bir şair kimi özündə qoruyub-saxlayıb. Eyni zamanda, sözün müasir ruhunda da özünəməxsus koloritilə, zəngin yaradıcılıq nümunələrilə seçilən yazarlarımızdan biridir. Ədəbi yaradıcılığı Qarabağ tabloları, parçalanmış Vətənin ayrılıq, həsrət dolu əzabları ilə çulğalaşıb. Nəticədə, onun yazdığı bütün poetik örnəklər canında, qanında təpər olan hər bir soydaşımızın milli mənliyinin, milli özünüdərkinin formalaşmasına təsirsiz ötüşmür. Əli Mahmudun yaradıcılığı ilə nə vaxt baş-başa qalıramsa, o zaman sanki XIX əsr ədəbi mühiti də yaddaşımdan bir-bir gəlib keçir. O dövrün düşüncəsi, şifahi yaddaşı, hər cür tərənnüm vasitələri Əli müəllimin şeirlərində milli-mənəvi yaddaşımızın bir guşəsi kimi əzizlənir, nazlanır. Bir sözlə, şair bu günə, sabaha olduğu kimi, dünənə, ötən çağlara da  böyük sevgilə yanaşır. Dedik ki, Əli Mahmud Şuşadan, Qarabağdan ayrı düşmüş, lakin qəlbi doğma yurd eşqi ilə çırpınan şairlərimizdəndir…”.

Daha ətraflı tədbir gedişində bıhs olunacaq.

A.Məmmədli

Xəbəri paylaş

23 May