Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 İyul 2026 / 20:35

Tanınmış vəkil Respublika Klinik Xəstəxanası ilə bağlı həyəcan təbili çalır

Vəkil Aslan İsmayılovun aşağıda təqdim etdiyimiz statusu ürək ağrıdır, təəssüf hissi doğurur. Tezadlar.az təqdim edir:
“Dünən bir qohumun əlilliyi ilə bağlı Bilgəhdə yerləşən Respublika Xəstəxanasında oldum. Bəli, Azərbaycanın Ağstafa rayonunun ən ucqar kəndindən olan şəxsin göndərişində “Azərbaycan Respublikası Xəstəxanası” yazılmışdı. Onun 20 Yanvar ərazisində yox, Bilgəhdə yerləşdiyini isə uzun araşdırmalardan sonra öyrəndim.
Əvvəl bildirildi ki, Bilgəhdə Kardioloji Mərkəzin ərazisində yerləşir. Ora çatanda isə müəyyən etdim ki, Bilgəhin heç yerli sakinlərinin də bilmədiyi bir ərazidə yerləşir. Güc-bəla ilə həmin ərazini tapdım. Gördüyüm mənzərədən dəhşətə gəldim.
Sizə təqdim etdiyim görüntülərdə orada gördüyüm mənzərəni qismən də olsa təsəvvür edəcəksiniz. Xəstəxana deyilən sahə sözün həqiqi mənasında qoyun ferması tipində idi və insanlar da həmin fermanın içində sanki qoyun kimi ləhləyirdilər. Növbə əlindən xəstəxana deyilən ərazinin daxilində hərəkət etmək mümkünsüz idi. Əsəbləri tarıma çəkilmiş əlil insanlar əsəblərini bir-birinin üstünə, imkanı olan isə elə onlar kimi vəziyyətdə olan həkimlərin üzərinə tökürdü.
Tibb personalı və həkimlər haqqında yazacaq heç nə yoxdur. Onları və əlil insanları o vəziyyətə salanlar isə tənqid olunmalı yox, həbs edilməlidirlər. Çünki bir balaca vicdanı, insafı, insan şərəf və ləyaqətinə hörməti olan şəxs əlilləri o əziyyətə salmazdı.
Yazdıqlarımı görmək üçün səhər saat 8-dən 15-ə qədər ora axışan, növbələr tutan minlərlə insanın çəkdiyi əzabı, sifətlərindəki iztirabları, özlərindən gedənləri görmək lazımdır. Nəzərə alın ki, ora gələnlər sadəcə xəstə yox, əlil insanlardır.
Vaxtilə Səlim Müslümov kimi cinayətkarın on minlərlə yalan əlil istehsalının qarşısını hökmən almaq lazım idi. Ancaq heç bir günahı olmayan əlillərə işgəncə verməklə yox. Vaxtilə müharibə əlilləri ilə də belə vəziyyət yaşandığından o vaxt da yazım olmuşdu. Əlil insanları birbaşa Ağstafadan, Lerikdən, Astaradan, Qusardan, Balakəndən tutmuş bütün bölgələrdən ünvanı da dəqiq olmayan, Bakıda yaşayanların belə güclə tapdığı Bilgəhdə yerləşən xəstəxanaya yığmaq kimin ağlına gəlib?!
Niyə hansısa yaramazların milyardları mənimsəməsinin əziyyətini bu gün minlərlə əlil insanlar çəkməlidirlər? Bunun başqa yolunu tapmaq doğrudanmı mümkünsüzdür? Bu azmış kimi, bu ildən elan ediblər ki, əlillikdən asılı olmayaraq hər 5 ildən bir keçirilən yoxlama indi hər il keçiriləcək.
Bu sahəyə cavabdeh olanlar, əgər sizdə qanundan demirəm, heç olmasa Allah qorxusu varsa, ora baş çəkib olanları öz gözlərinizlə görün!”.
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!