Tbilisi Moskva ilə bu şərtlərlə əlaqə qura bilər

Oxunma sayı: 796

“İşğal şəraitində Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpasından danışmaq mümkün deyil”. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki,  bu sözləri Baş nazir İrakli Kobaxidze “Rustavi 2” telekanalının efirində deyib. Baş nazirin sözlərinə görə, Gürcüstanın ərazi bütövlüyünün bərpa ediləcəyi halda Rusiya ilə diplomatik münasibətlərin bərpası məntiqli olardı: “Bu gün Rusiya ərazilərimizin təqribən 20 faizini işğalda saxlayır. Bu şəraitdə diplomatik əlaqələrin bərpası o deməkdir ki, dövlət müəyyən mənada tarixi bölgələrini ərazilərinin bir hissəsi kimi tanımır. İşğal əlaqələrin bərpası qarşısında əsas maneədir. Bizim üçün ərazi bütövlüyü məsələsi “qırmızı xəttdir”, – deyə İ.Kobaxidze bildirib. Qeyd edək ki, Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bu günlərdə “İzvestiya” nəşrinə müsahibəsində Moskvanın Tbilisi ilə diplomatik əlaqələri bərpa etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, Gürcüstan və Rusiya arasında diplomatik əlaqələr 1992-ci ilin iyulun 1-də qurulub. 2008-ci ilin avqust müharibəsi nəticəsində Rusiya Abxaziya və Cənubi Osetiyanı işğal edib iki bölgənin müstəqilliyini tanıyandan sonra Tbilisi Moskva ilə diplomatik əlaqələri həmin ilin sentyabrın 2-də dayandırıb.

Xəbəri paylaş