Dünən ölkədə keçirilən bələdiyyə seçkilərini baykot edən vətəndaşlar sonradan Rustaveli prospektinə, parlament binası önünə toplaşıb. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, etirazçılar Rustaveli prospektini və Azadlıq meydanını tamamilə bağlayıblar. Tbilisi Dövlət Universitetinin birinci korpusundan başlayan tələbə marşı, aksiyanı dəstəkləyərək prospekt üzərindəki protest iştirakçılarına qoşulub. Tələbələrin bildirdiklərinə görə, bugünkü yığıncağın əsas məqsədi vətənin qorunması və gələcək dəyişikliklər üçün mübarizə aparmaqdır. Aksiya iştirakçıları əllərində çox sayda Gürcüstan bayrağını qaldırıblar. Təşkilatçılar bu günü “Bayraqlar inqilabı” günü kimi qeyd etməyi təklif ediblər. Həmçinin, ötən gün etirazların 311-ci günü qeyd olunur. Etirazçılar yeni parlament seçkilərinin keçirilməsini və aksiyalar zamanı həbs edilənlərin azad edilməsini tələb edirlər. Azadlıq meydanında qurulmuş səhnədə aksiyanın davam etməsi gözlənilir. Etirazın əsas hissəsi isə Tbilisi Şəhər Şurasının binası qarşısında olacaq.
Ölkə MSK- sı isə artıq bələdiyyə seçkilərinin ilkin nəticələrini elan edib, hakimiyyət partiyası böyük səs çoxluğu ilə öndədir.

