7 Noyabr 2025 / 20:20

Tbilisidə gənclərin döyülməsi ilə bağlı etnik zəmində istintaq başladılıb

Bu günlərdə Tbilisidə supermarket qarşısında baş vermiş qrup halında zorakılığın təşkilində ittiham olunan Manana Giorgobianinin işini araşdıran prokuror Giorgi Dolakidzenin sözlərinə görə, Giorgobianinin hərəkətlərində etnik zəmində cinayət əlamətləri də araşdırılır. Tezadlar.az xəbər verir ki, Prokurorun sözlərinə görə, istintaq başa çatdıqdan sonra bu istiqamətdə hüquqi qiymət veriləcək. “Bu istiqamətdə istintaq gedir, sübutlar toplanır və nəticəyə uyğun olaraq hüquqi qiymət veriləcək. İttihamın ağırlaşdırılması mümkündür,” – deyə Dolakidze qeyd edib. Xatırladaq ki, yayılan videogörüntülərdə Giorgobiani mağaza işçilərinə – etnik azərbaycanlı gənclərə qarşı təhqiramiz ifadələr səsləndirib. Prokuror hadisənin motivinə də aydınlıq gətirib: “İctimaiyyətin gördüyü kimi, hadisəyə səbəb o olub ki, mağazanın iki əməkdaşı Giorgobianinin pul xırdalamaq xahişini rədd edib. Bu, zorakılığın təşkilinə səbəb olub,” – deyə prokuror bildirib. Dolakidzenin sözlərinə görə, Giorgobianın barəsində psixiatrik ekspertiza təyin edilib, lakin bu mərhələdə ona qarşı heç bir yumşaldıcı tədbir nəzərdə tutulmur: “Hazırda istintaq davam edir. Bütün prosessual hərəkətlər tamamlandıqdan sonra qərar veriləcək,” – deyə o əlavə edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!