İRİA üçün əsas prioritet hackathon yox, biznes üçün datanın əlçatanlığı olmalı idi.
Bu fikri Multi-Media Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz bildirib.
“İki dövlət qurumu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Nərimanov Rayon İcra Hakimiyyəti birlikdə hackathon keçirir.
Əlbəttə, belə yarışmalar gənclər, developerlər və startaplar üçün faydalıdır. Mükafat fondu da marağı artırır. Amma burada vacib bir məqam var. Bu dövlət qurumlarının elan etdiyi Hackathonun əsas mövzusu dövlətə məxsus açıq məlumat bazaları üzərindən rəqəmsal həllərin qurulmasıdır.
Halbuki ölkədə açıq data ekosistemi hələ formalaşmayıb. Bu sahəyə cavabdeh əsas qurumlardan biri də elə İRİA-dır.
Açıq məlumat portalı illərdir real işlək platformaya çevrilə bilməyib. Vacib datalar yoxdur.
Bir çox dataset ya köhnədir və cəlbedici deyil, ya natamamdır və biznes əhəmiyyəti yoxdur, ya da istifadəyə yararlı formatda paylaşılmır.
Ən vacib problemlərdən biri isə hüquqi bazadır.
İndiyədək açıq məlumatlarla bağlı ciddi hüquqi mexanizmlər və standartlar formalaşdırılmayıb.MƏLUMATIN paylaşılması dövlət qurumu üçün məcburidir.
Hazırda hansısa bir ictimai əhəmiyyətli MƏLUMATIN paylaşılması dövlət qurumu üçün məcburidir.
Amma həmin məlumatın EMAL OLUNA BİLƏN FORMADA, yəni API, CSV, JSON və digər maşınoxunan formatlarda təqdim olunması dövlət qurumları üçün məcburi deyil.
Bildiyim qədər, məhz bu istiqamətə yönəlik maliyyə də nəzərdə tutulmur. Yəni bu məsələ sanki qurum rəhbərlərinin öz vicdanına buraxılıb desək, yanılmarıq.
Belə olan halda sual yaranır ki, developerlər hackathonda hansı data üzərində rəqəmsal məhsul qurmalıdır?
Əslində hazırkı mərhələdə İRİA üçün daha vacib prioritetlər bunlar olmalı idi:
— dövlət qurumlarını data açmağa təşviq etmək;
— açıq məlumat standartlarını formalaşdırmaq;
— API və maşınoxunan formatların tətbiqini genişləndirmək;
— açıq data üzrə dövlət qurumlarının reytinqini hazırlamaq;
— datasını keyfiyyətli açan qurumları mükafatlandırmaq və s.
Çünki dövlətə məxsus data əlçatan deyilsə, “open innovation” anlayışı da tam effekt vermir.
Hətta bu mərhələdə elan olunan “Openwave” hackathonundan daha məntiqli addım Nazirliklər və Agentliklər üçün müstəqil “Open Data Award” müsabiqəsinin təşkili olardı.
Prezidentin cari ilin əvvəli təsdiqlədiyi 2026–2028-ci illər üzrə Fəaliyyət Planında da açıq məlumatlar və dövlət datasının idarəçiliyi ayrıca prioritet kimi qeyd olunub.
Data ekosisteminin qurulması dövlət səviyyəsində strateji məsələ kimi qəbul edilir.
Sənəddə Aİ üçün vacib olan datanın əlçatanlığı, keyfiyyətli data, məlumat mübadiləsi və data idarəçiliyinin gücləndirilməsi xüsusi vurğulanır.
Düşünürəm ki, İRİA üçün əsas məsələ tədbir təşkil etməkdən daha çox dövlət datasının həqiqətən biznes və startaplar üçün əlçatan və istifadəyə yararlı hala gətirilməsi olmalıdır”, – deyə o bildirib.
JASMİN