Təranə Sevdalı “Ağlama, Sevdam” adlı yeni kitabı ilə oxucularının növbəti görüşünə gəlib. Kitaba T.Sevdalının şəhid Mehman Musayevə və onu 32 il həsrətlə gözləyən nişanlısı Sevda Əliyevaya ithaf etdiyi “Ağlama, Sevdam” poeması və son illər yazdığı şeirlər daxil edilib.
Müəllifin sayca ikinci kitabı olan “Ağlama, Sevdam” onun yaradıcılığının yeni mərhələsini təşkil edir. “Ağlama, Sevdam” poemasında sevginin sədaqətə çevrildiyi, sədaqətin isə tarixə yazıldığı bir ömür təqdim edilir, Sevdanın timsalında Azərbaycan qadınının dözümü, ismət və vəfası poeziyanın dili ilə canlandırılır.
Kitabda yer almış şeirlərdə müəllifin yaşadığı ictimai kədərin poetik ifadəsi əks olunur, vətənə, yurda, elə-obaya, torpağa sonsuz məhəbbət, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşmüş cəsur oğullarımızın qəhrəmanlığı, xalqımıza tarixi qələbənin sevincini yaşadan şəhidlərimizin igidliyi tərənnüm edilir, işğaldan azad olunmuş yurd yerlərinə baş çəkən insanlarımızın yaşantıları, hiss və həyəcanları poetik dillə ifadə olunur.
Şair-publisist Yusif Nəğməkarın “Ön Söz”ü ilə başlayan kitabın redaktoru Elbar Şirinovdur. Şair-publisist Yusif Nəğməkar “Ağlama, Sevdam” kitabı haqqında belə yazır:
SEVGİ, YADDAŞ VƏ TARİX
Təranə Sevdalının “Ağlama, Sevdam” kitabına Ön Söz
Bəzən bir kitab bir ömrün ağrısını, bir sevginin səssiz fəryadını, bir xalqın taleyini daşıyır. Təranə Sevdalının sayca ikinci kitabı olan “Ağlama, Sevdam” məhz bu qəbildəndir və onun yaradıcılıq yolunda yeni bir mərhələ olmaqla yanaşı, həm də daxili dünyasının daha açıq, daha yanğılı ifadəsidir.
Müəllifin dili sadədir, amma bu sadəliyin içində böyük bir səmimiyyət və təsir gücü var. Onun misraları bəzəksizdir, lakin ürəyə birbaşa yol tapır. Oxucu bu sətirlərdə süni pafos yox, içdən gələn yanğı hiss edir.
Təranə Sevdalının yaradıcılığına baxanda aydın görünür ki, bu şeirlər elə-belə yazılmayıb, yaşanıb. Onun taleyi ilə yazdıqları arasında sərhəd demək olar ki, yoxdur. 1963-cü ildə Ağdamın Tağıbəyli kəndində dünyaya gələn, müəllim ömrü yaşayan, Birinci Qarabağ müharibəsini birbaşa yaşamış bir xanımın qələmindən çıxan misralar təbii olaraq süni ola bilməzdi.
O, təkcə şahid deyil, o, həmin dövrün içində yaşayan insandır. Yazdıqları da didərginliyin nə demək olduğunu, yurd həsrətinin necə yandırdığını, gözləməyin hansı ağırlıq olduğunu bilən bir qəlbin hissləridir. Bəlkə də elə buna görə Təranə Sevdalı uzun illər qələm tutmayıb. Çünki bəzi hisslər yazılmır, insanın içində yığılıb qalır, amma zaman gəlir, həmin susqunluq yenidən sözə çevrilir. 2020-ci ildə torpaqlarımızın azad olunması ilə yenidən qələmə sarılması da, sadəcə, yaradıcılığa dönüş yox, həm də bir ruhun oyanışıdır.
Onun ilk kitabı olan “Yurd yarası” adından da göründüyü kimi, itkinin poetik ifadəsi idi. İkinci kitab isə artıq bu ağrının içindən doğulan sevginin dastanıdır.
Kitabın mərkəzində duran “Ağlama, Sevdam” poemasının hekayəsi bir qadının – Sevdanın taleyi olmaqdan çıxaraq ümumxalq faciəsinin, eyni zamanda milli qürurun bədii ifadəsinə çevrilir. Mehman və Sevdanın sevgisi həyatda olduğu kimi, iki insan arasında yaşanan hiss kimi təqdim olunmur, bu sevgi zamanın, müharibənin, ayrılığın sınağından keçərək müqəddəsləşir, simvolik məna qazanır. Burada otuz iki il davam edən bir gözlənti, ümidlə ümidsizliyin sərhədində yaşayan bir qadın taleyi var. Bu, susaraq danışan həqiqətdir, müəllif üçünsə ədəbi hadisədir.
“Ağlama, Sevdam” əsərində müəllif sevginin sədaqətə çevrildiyi, sədaqətin isə tarixə yazıldığı bir ömrü təqdim edir. Sevdanın timsalında Azərbaycan qadınının dözümü, ismət və vəfası poetik dillə canlandırılır.

Sevda və Mehman Musayevin taleyi artıq təkcə bir ailənin, bir kəndin yox, bütöv bir xalqın yaşadığı gerçəklikdir. Birinci Qarabağ müharibəsinin ən ağır illərində – 1992–93-cü illərdə yarımçıq qalan bir nişan, deyilməmiş sözlər, qurulmamış bir toy… və ardınca gələn uzun, çox uzun gözlənti.
Otuz iki il gözləməklə keçən zaman ölçüsü deyil, bir ömrün içində donub qalan ümid, ya da sədaqətin ən sərt, ən sarsıdıcı halıdır. Və nəhayət, illər sonra Mehmanın nəşinin tapılıb dəfn olunması ilə bu hekayə yeni bir mərhələyə keçdi: həsrət bitdi, kədər isə sonadək davam edir.
Məhz bu məqamdan başlayır Təranə Sevdalının bu sevgi dastanına poetik baxışı. Poemanın proloqunda verilən qısa bir telefon danışığı var. Zahirən adi görünən bir dialoq əslində bütöv bir faciənin qapısını açır:
Sənə xəbərim var! Möhkəm ol bir az!…
Üç cəsəd tapıblar, biri Mehmandır!
Verilən xəbərdə illər sonra gələn acı həqiqət, bir qadının içində qurduğu bütün ümidlərin bir anda uçulub dağılması var.
Poemanın ən təsirli məqamlarından biri xəbər səhnəsinin davamıdır. Çingizin tərəddüdü, Sevdanın hiss etdiyi, amma qəbul etmək istəmədiyi gerçəklik… Bu dialoqlar bədii cəhətdən sadə görünsə də, psixoloji baxımdan olduqca dərin qatlara malikdir. Sevdanın:
Yox! Yox! Bu, düz deyil, bu ola bilməz!
Məni tənha qoyub, o, ölə bilməz!
Deyib, qayıdacaq, yəqin, yalandır,
Onu gözləyirəm, Allah, amandır!
– fəryadı isə artıq təkcə Sevdanın yox, bənzər taleyi yaşayan bütün qızların, gəlinlərin, anaların, bacıların səsidir.
Təranə Sevdalı bu səhnəni xüsusi bədii yüklə vermir, onu süni şəkildə ağırlaşdırmır. Əksinə, adi dialoq formasında təqdim edir. Amma elə bu sadəlik oxucunu sarsıdır, çünki həyatın özü də ən böyük faciələri çox vaxt belə sakit, qəfil və amansız şəkildə təqdim edir. Sevda eşitdiyinə yox, illər əvvəl nişanlısının dediyinə inanır. Müəllif bu səhnəni belə canlandırır:
Oxucum, inanmır öz gözlərinə,
Sevda gördüyünü bir yuxu sanır.
Üz tutur Mehmanın son sözlərinə
O, odsuz-ocaqsız alışır, yanır:
“Bir toy vurduracam Taxtabaşında,
Toyların içində birinci olsun.
Siləcəm üzündən qəmi-kədəri,
Bu toy ömrümüzün sevinci olsun”.
…Bir qara sevdalım yaman ağlayır…
Poemada müəllif bir mühüm məqama toxunur: gözləməyin sonu hər zaman qovuşmaq deyil. Bəzən gözləməyin sonu bir məzar başında bitir. Bu, sevginin məğlubiyyəti deyil, əksinə, onun ən yüksək zirvəsidir. Əsərdə diqqəti cəlb edən əsas cəhətlərdən biri də baş verənlərin sadəcə təsvir olunmaması, yaşadılmasıdır. Müəllif oxucunu müşahidəçi mövqeyində saxlamır, onu birbaşa bu prosesin içinə çəkir. Elə bu səbəbdən də döyüş səhnələri fon kimi görünmür – bu səhnələr insan talelərinin qırıldığı, sevginin yarımçıq qaldığı məkan kimi çıxış edir.
“Dağlarda gedirdi ağır döyüşlər…” misraları ilə başlayan parçalar müharibənin təsvirindən çox oradakı xaosu, itkini, ümidsizlik və eyni zamanda insan iradəsinin sərt sınağını təqdim edir. Mehmanın mühasirədən çıxardığı dəstə ilə birlikdə geri dönməməsi bir qəhrəmanlıq epizodu olmaqla yanaşı, həm də bir sevginin taleyini həll edən məqamdır.
Müəllif müharibənin sərt üzünü həm qaynar cəbhədə, həm də arxada açıq göstərir:
Güllələr yağıştək göydən tökürdü,
Qəflətən ev-eşik yerə çökürdü…
Bu misralarda pafos yoxdur, bəzək yoxdur, yalnız həqiqət var. Müasir oxucu bu misraları oxuduqca gözünün qarşısında həqiqətdə yaşanan səhnələri canlandırır.
On fəsildən ibarət poemanın sonlarına doğru hisslər daha çox danışır. Sevdanın qəm otağının, nəm yastığının, səssiz gecələrinin təsviri onun daxili dünyasının metaforalarıdır.
Ən maraqlı məqamlardan biri isə Zeynəb Xanlarovanın ifasında səslənən “Ağlama, Sevdam” mahnısının mətndə yer almasıdır. Əlbəttə ki, bu mahnının sözlərinin poemaya daxil edilməsi təsadüfən seçilməyib. Sanki illər əvvəl yazılsa da, taleyin qəribə bir ironiyası ilə sanki sözlər məhz Sevdanın həyatına ithaf olunub. Oxucu bu məqamda istər-istəməz düşünür ki, bəzən sənət həyatdan doğur, bəzən də həyat, tale sənəti tamamlayır.
Bu fərdi talenin ağrısı müəllifin yaradıcılığında tək qalmır. Təranə Sevdalı fərdi bir sevgi dastanından çıxaraq ümummilli duyğuya keçid etməyi bacarır. “Ağlama, Sevdam” poemasında bir talenin iztirabı təqdim olunursa, şəhidlərə həsr olunmuş “Şəhidlər ölməz, vətən bölünməz” bölməsində bu hiss artıq çoxalır, genişlənir, bütöv bir xalqın duyğusuna çevrilir. Bu şeirlərdə müəllif şəhidləri ancaq xatırlatmır, onları yaşadır, hətta bəzən çağırır, danışdırır. Milli Qəhrəman Allahverdi Bağırova həsr olunmuş “Qarabağın aslanı” şeirində qəhrəman obrazı canlı bir tarix kimi təqdim olunur. Şair onun yoxluğunu itki saymır, qorunmuş şərəf kimi dəyərləndirir. “Nə yaxşı ki, görmədin o talanı…” misrası isə xüsusi diqqət çəkir, burada həm dərin bir kədər, həm də bir növ qoruma instinkti hiss olunur. Sanki müəllif qəhrəmanı həmin faciədən uzaq tutmaq istəyir.
Eyni yanaşma “Vətənin bayraqdarı” şeirində də hiss olunur. Burada şəhidlik anlayışı seçilmiş bir zirvə kimi təqdim edilir. Bu şeirlərdə şəhidlər torpağa qarışmır, əksinə, torpağı mənalandırır.
“Al vətən oğlunu qoynuna, torpaq” şeirində torpaq həm son ünvan kimi, həm də ana obrazı kimi ön plana keçir. Bu, klassik motiv olsa da, Təranə Sevdalının təqdimatında səmimi və təsirlidir.
Kitabda şəhid ailələrinin hisslərinə toxunan şeirlər çoxdur. “Göylərin sultanı çağırıb, ana” şeirində ana-oğul münasibətinin ən yanğılı tərəfi açılır. Müəllif şəhidin dili ilə təsəlli verdikcə oxucuya dərin kədər yaşadır.
“A dağlar” şeirində isə müəllif məkanı danışdırır. Dağlar burada təbiət elementindən çox şahid, dərd daşıyıcısı kimi çıxış edır. “Dərdin bir batmandır sənin, a dağlar” misrası bütöv bir coğrafiyanın çəkdiyi yükü ifadə edir.
“Unutmayaq” şeiri kitabın ümumi ideyasının – unutmamağın ən aydın, ən qısa və ən təsirli ifadəsidir. Burada sadalanan hər bir obraz – vaxtsız məzarlar, qara şallı analar, dağıdılmış şəhərlər oxucunun nəzərində konkret mənzərələr yaradır.
Təranə Sevdalı oxucuya bir şeyi xatırladır: yaddaşsızlıq ən böyük itkidir. Çünki unutduğumuz anda itirdiklərimiz ikinci dəfə ölür.
Kitabın sonunda – “Vətən, el-oba, yurd nəğmələri” bölməsində də eyni hiss müxtəlif formalarda təzahür edir. “Ay Ağdam” şeirində Ağdam sadəcə bir şəhər deyil, canlı varlıqdır, danışılan, dərdi bölünən, həsrəti çəkilən bir doğmadır. Müəllifin “Sevgimin dəyərin ölçüm, ay Ağdam” misrası bu münasibətin mahiyyətini açır: bu sevgi ölçüyəgəlməzdir.
“Savalanım” şeirində coğrafiya sərhədləri aşır. Savalan dağı müəllif üçün bölünmüş vətənin ünvanıdır. Şeirdə birləşmək arzusu, körpü salmaq istəyi, ayrılığa qarşı çıxmaq hissi təsvir olunur.
Kitabın sonlarında diqqətdən yayınmayan cəhət budur ki, müəllif nə qədər dərddən, itkidən, həsrətdən yazsa da, sözünü yalnız qəm üzərində qurub saxlamır. O, bu ağırlığın içindən çıxaraq oxucunu yenidən həyata qaytarmağı bacarır.
“Təbiət, gözəllik, sevgi” bölməsi məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
“Yağ, yağışım” şeiri bu hissənin ruhunu açan əsas nümunələrdən biridir. Burada artıq müharibənin səsi yox, təbiətin ahəngi eşidilir. Güllə səslərini yağışın səsi əvəz edir. Bu dəyişiklik müəllifin daxili dünyasında Qarabağ zəfərindən sonra baş verən sakitləşmənin, barışığın poetik ifadəsidir.
Təqdim etdi:
E.ŞİRİNOV







