20 Avqust 2026 / 16:50

“TikTok”da bir-birinə birbaşa pul köçürmə də mümkün olacaq

“TikTok” şəxsi mesajlar vasitəsilə pulköçürmə funksiyasını sınaqdan keçirir.

Tezadlar.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, yeni funksiya istifadəçilərə sosial şəbəkə daxilində bir-birilərinə birbaşa pul göndərməyə imkan verəcək.

“TikTok”un “iPhone” tətbiqinin Amerika versiyasının kodunda aşkar edilmiş funksionallığa əsasən, “TikTok Pay” ödəniş xidməti əməliyyatlar üçün nəzərdə tutulub.

Köçürmə alanlar vəsaitin alınmasını təsdiqləyə biləcəklər, göndərənlər isə əməliyyatın statusu barədə bildirişlər alacaqlar. Bundan əlavə, köçürməyə mesaj da əlavə edilə bilər.

“TikTok”un nümayəndəsi “Bloomberg”ə bildirib ki, funksiya hazırda inkişaf mərhələsindədir. Şirkət hələlik onun istifadəyə verilməsi ilə bağlı yekun qərar verməyib.

“Bloomberg” bildirir ki, ödəniş xidmətlərinin inkişafı “TikTok”a daha çox maliyyə əməliyyatını öz ekosistemində saxlamağa imkan verə bilər. Hazırda platforma istifadəçiləri “TikTok Mağazası”nda mallar üçün ödəniş edə, rəqəmsal sikkələr ala və kontent yaradıcılarına virtual hədiyyələr göndərə bilərlər.

“Sensor Tower” platformasına görə, 2026-cı ilin əvvəlindən bəri dünya üzrə istifadəçilər “TikTok”da 2,9 milyard dollardan çox pul xərcləyiblər. 2022-ci ildən bəri xidmət tətbiqdaxili alış-verişlərdən əldə edilən gəlirə görə tətbiqlər arasında birinci yeri tutur. ABŞ-də “TikTok” istifadəçi xərcləri “YouTube”, “Facebook” və digərlərinin xərclərindən çoxdur.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!