Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamar İoseliani Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinin (TRACECA) Hökumətlərarası Komissiyasının 18-ci illik iclasında Orta Dəhlizin inkişafı və regional nəqliyyat əlaqələrinin gücləndirilməsinin strateji əhəmiyyət daşıdığını bildirib.
Tezadlar.az xəbər verir ki, nazir müavini Gürcüstanın Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması üçün üzv dövlətlər və tərəfdaşlarla sıx əməkdaşlıq etdiyini deyib.
Onun sözlərinə görə, ölkə tranzit və logistika imkanlarının genişləndirilməsi istiqamətində layihələr həyata keçirir.
Tamar İoseliani xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin region üçün strateji rolunu vurğulayıb. O bildirib ki, layihənin tamamlanması Şərq-Qərb istiqamətində yükdaşımaların artmasına və regional dəmir yolu əlaqələrinin daha da güclənməsinə imkan yaradıb.
Nazir müavini əlavə edib ki, Gürcüstan 2032-ci ilə qədər əsas nəqliyyat və logistika infrastrukturunun inkişafına 7 milyard ABŞ dolları həcmində investisiya cəlb etməyi planlaşdırır.
İclas zamanı Orta Dəhliz boyunca yük axınında əhəmiyyətli artımın qeydə alındığı da diqqətə çatdırılıb. Məlumata görə, 2025-ci ildə Gürcüstan limanlarında konteyner daşımaları 20 %, dəmir yolu ilə konteyner daşımaları isə 14 % artıb. Orta Dəhliz üzrə ümumi nəqliyyat axını isə 33 % çoxalıb.
T. İoseliani bildirib ki, Orta Dəhliz ölkələrinin dəmir yolları arasında birgə müəssisənin yaradılması multimodal daşımaların koordinasiyasını və marşrutun rəqabət qabiliyyətini daha da artıracaq.
Nazir müavini həmçinin Qara dəniz üzərindən Avropa bazarlarına çıxışın genişləndirilməsi məqsədilə birbaşa bərə əlaqələrinin inkişafının prioritet istiqamətlərdən biri olaraq qaldığını qeyd edib.
Sessiya çərçivəsində TRACECA-ya sədrlik Qazaxıstana ötürülüb. Üzv dövlətlərin qərarı ilə Özbəkistanın sabiq nəqliyyat nazirinin müavini Çoriyev Casurbek təşkilatın yeni baş katibi seçilib.