13 İyun 2026 / 07:25

Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların futbol üzrə yığmasının dünya çempionatının ilk oyunundan bir gün əvvəl baş məşqçisi Maurisio Poçettinoya zəng edib.

Tezadlar.az-ın məlumatına görə, danışığın videosu ABŞ milli komandasının mətbuat xidməti tərəfindən “X” sosial media platformasında yayımlanıb.

“Demək istəyirəm ki, siz çox güclü insan və əla məşqçisiniz. Sizin nailiyyətlərinizi və necə əla oyunçularınızın olduğunu bilirəm. Düşünürəm ki, sonadək getmək üçün yaxşı şansımız var, sizə uğurlar arzulayıram”, – Tramp deyib.

Poçettino Prezidentə dəstəyinə görə təşəkkür edib.

“Sizi və ölkənin hər sakinini qürurlandırmaq üçün əlimizdən gələni edəcəyik”, – argentinalı məşqçi cavab verib.

Dünya Kubokunun evdə keçiriləcək ilk matçında ABŞ millisi Paraqvay yığması ilə qarşılaşacaq. Oyunun Bakı vaxtı ilə saat 5:00-da başlaması planlaşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!