Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Artıq dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.
Tezadlar.az xəbər verir ki, qaydalarda II-IV siniflər üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb.
Belə ki, II-IV siniflər üzrə müsahibə zamanı şagirdin tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək:
Şagird dinlədiyi mətnin məzmunu ilə bağlı əsas məqamları qeyd etməli və faktoloji suallara cavab verməli, dinlədiyi mətnin məzmununu şərh etməli, obraz, fakt və fikirlərə münasibət bildirməli, dinlədiyi mətni genişləndirməli və yaradıcı yanaşmalıdır.
Şagird müvafiq mətnləri sürətli, səlis və aydın səslə oxumalı, mətni oxuyarkən durğu işarələrini nəzərə almalı və məzmuna uyğun səs tonu seçməli, mətndəki məlumatları mənimsədiyini nümayiş etdirməli, kontekstdən çıxış edərək söz və ifadələrin mənasını müəyyən etməlidir.
Şagird oxuduğu və dinlədiyi mətni yaradıcı şəkildə danışmalı, hər hansı hadisə və mövzu ilə bağlı bildiklərini, fikir və təəssüratlarını rabitəli şəkildə təqdim etməli, cümlə qurarkən leksik və qrammatik normalara əməl etməli, danışarkən məzmuna uyğun intonasiya, jest və mimikadan istifadə etməlidir.
Şagird bir neçə cümlədən ibarət rabitəli mətn yazmalı, yazı zamanı mətndəki məlumatları məntiqi və xronoloji ardıcıllığı gözləməklə qruplaşdırmalı, tanış olduğu məlumatlara və təxəyyülünə əsasən bədii, qeyri-bədii mətn və əməli yazılar (elan, anket, dəvətnamə, təlimat) yazmalıdır.
Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun bal müəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagird müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektron kabinetə göndərilir.
trend