…Artıq 2 ildir ki, Xocalıılar Bilik gününün sevincini yaşayırlar.
Bura Xocalı 1 saylı tam orta məktəbdir. Bu məktəbin təməli Cumhuriyyət dövrlərinə təsadüf edir. San –Peterburqda təhsil alan bəy nəslindən olan Abdulla Cəfərovun böyük zəhməti ilə fəaliyyətə başlayan bu məktəb çox tanınmışlar yetişdirib. O, ərəb və rus dillərini mükəmməl bilirmiş. Əvvəlcə 4 illik, sonra 7 illik, 1951 –ci ildə isə tam orta məktəb kimi ilk məzunları müstəqil həyata qədəm qoyub. Hazırda bu məktəbin məzunlarının səsi –sorağı ölkəmizin hüdudlarından kənarda da eşidilir.
XXX
Tədbirin başlanmasına dəqiqələr qalır. Hamı həyacanlıdır. Şagirdlər də, müəllimlər də, valideyinlər də… İlk dəfə məktəbə qədəm qoyan balaca fidanlar da…
Nəhayət, tədbir başlayır. Azərbaycanın himni səslənir, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılır.
Xocalı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Nəvai Həsənov həyacanla sözə başlayır:
– Əziz müəllimlər, valideyinlər, şagirdlər, bu gün sizin gününüzdür. Yeni dərs ili münasibəti ilə sizi ürəkdən təbrik edirəm . İlk dəfə məktəbə qədəm qoyan fidan balalarımıza uğurlar arzulayıram. Bilirsiz ki, ilk dərs ilinə 32 şagirdlə başlamışdıq. Hazırda şagirdlərimizin sayı 241 nəfərə çatıb. 2025-2026- cı tədris ilində bir çox uğurlara da imza atmışıq. Respublika Fənn Müsabiqəsinin zona mərhələsində içtirak edən 3 nəfər şagirdimizdən Nicat Həsənov finala çıxa bilib. Həmçinin “Kenquru” riyaziyyat olimpiadasında finalçı olub. Onu ürəkdən təbrik edir, uğurlar arzulayırıq… Məktəbimizin komandası bu il “Gənc yanğınsöndürənlər və xilasedicilər” yarışında region birincisi, “Şahin” hərbi idman oyunlarında isə region üzrə 3-sü olublar.
Sevindirici haldır ki, bu il şagirdlərimizdən Ülvi Alıyev, Pərvaz Hacıyev ali məktəbə daxil olaraq tələbə adını qazanıblar…
XXX
Az qala şagirdlərindən seçilməyən gənc müəllim Əsmər Fərzəliyeva da bu gün həyacanını gizlədəb ilmir. Deyir:
-Tələbə adını qazanan bu gənclərin sinif rəhbəri olmuşam. Elə bilirəm bu mənim ən böyük uğurumdur. Burda işləmək həm məsuliyyət, həm də qürurdur…
Tədbirdə qonaqlar bir- birindən maraqlı çıxışlar etdilər. Şagirdlərin ifasında seirlər səsləndirildi… Sonra ilk zəng çalınır, şagirdlər sinif otaqlarına daxil olurlar…
XXX
…Qəhrəman oğularımızın canı-qanı bahasına düşməndən azad olunan Şuşada da Bilik günüdür. Burda da ənənəvi olaraq Azərbaycanın Dövlət himni səsləndirilib, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Xocalıdan çıxaraq dərhal Şuşadakı tədbirə qatılıram… Burada tədbiri giriş sözü ilə məktəbin direktoru Səbinə Gözəlova açaraq qonaqları salamladı, müəllimləri, şagirdləri Yeni dərs ilinin başlaması münasibəti ilə təbrik etdi. Builki uğurlardan danışdı.
-2025-2026-cı tədris ilində şagirdlərimizin sayı 237-yə çatıb. Bu tədris ilində 16 nəfər şagird məzun olub. Onlardan 4 nəfəri ali məktəbə, 2 nəfəri isə orta ixtisas təhsili müəssisəsinə daxil olub. Məzunlarımızdan Emil Əliyevin Qarabağ Univeristetini seçməsi də sevindirici haldır. Məktəbimizin əsas məqsədi yalnız şagirdlərə bilik vermək deyil, həm də onların hərtərəfli inkişaf etmiş, milli-mənəvi dəyərlərə bağlı, müasir düşüncəli və vətənpərvər vətəndaş kimi yetişməsini təmin etməkdir. Bu gün məktəbimizin qazandığı uğurlar və yetişdirdiyi məzunlar bu məqsədə doğru uğurla irəlilədiyimizi göstərir. Məktəbimiz 2 ildir fəaliyyət göstərməsinə baxmayaraq şagirdlərimiz fənn olimpiadalarında, müxtəlif intellektual yarışlarda, STEAM layihələrində, idman və yaradıcılıq müsabiqələrində uğurla iştirak etmişlər. Respublikamızın müxtəlif bölgələrində keçirilən müsabiqələrdə qalib və mükafatçı olan şagirdlərimiz məktəbimizin qürur mənbəyidir. Onların hər biri məktəbimizin adını layiqincə təmsil edir və cəmiyyətimizin inkişafına öz töhfəsini verir… Buraxılış imtahanlarının nəticələri də bizi sevindirir. Hər il məzunlarımızın böyük əksəriyyəti ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunur. Bu nəticələr müəllimlərimizin peşəkarlığının, şagirdlərimizin zəhmətinin və valideyn-məktəb əməkdaşlığının uğurlu göstəricisidir. Məktəbimizdə yalnız akademik biliklərlə kifayətlənmirik. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi, onların sosial fəallığının artırılması, liderlik bacarıqlarının formalaşdırılması daim diqqət mərkəzində saxlanılır. Şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbirlər, milli bayramlarımız, ekoloji layihələr, kitab təqdimatları, maarifləndirici görüşlər və sosial layihələr şagirdlərin inkişafında mühüm rol oynayır. Xüsusilə qeyd etmək istərdim ki, məktəbimiz son illər STEAM və innovativ təhsil layihələrində fəal iştirak edir. Şagirdlərimiz şəhərsalma, memarlıq, rəqəmsal texnologiyalar və mühəndislik istiqamətlərində müxtəlif layihələr hazırlayaraq öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Bu layihələr onların gələcək peşə seçimlərinə də müsbət təsir göstərir. Bu yaxınlarda Bakı Kristal Zalında keçirilən H2Grand Prix Pro yarışında 2 komanda ilə təmsil olunmuşuq. Bir komanda yüksək fəallıq nümayiş etdirdiyinə görə “STEAM Award”, digər komanda isə təqdimat mərhələsində uğurlu çıxışı ilə fərqləndiyi üçün “Promo First Place” mükafatına layiq görülmüşdür. Daha sonra şagirdlərimiz “Kenquru” olimpiadasında iştirak etmiş, final mərhələsinə vəsiqə qazanmışlar. Bu gün əldə etdiyimiz uğurların arxasında böyük bir komanda dayanır. Fədakar müəllimlərimiz, dəstək olan valideynlərimiz və məqsədlərinə inamla addımlayan şagirdlərimiz məktəbimizin əsas gücüdür. Biz gələcəkdə də təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin potensialının üzə çıxarılması və yeni uğurların qazanılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Əminik ki, bugünkü şagirdlərimiz sabah ölkəmizin inkişafına töhfə verən uğurlu mütəxəssislər, layiqli vətəndaşlar kimi yetişəcəklər. Bu isə məktəb olaraq bizim ən böyük nailiyyətimizdir…
XXX
Tələbə adını qazanan məzunların sinif rəhbəri İlham Salmanov uzun illərdi pedaqoji sahədə çalışır. Danışır:
–Sevinclisiz, həm də kədərli…
– Bu günün o qədər həsrətini çəkmişəm ki… Allah şəhidlərimizə rəhmət etsin, bizlərə torpaqlarımızı bəxş etdi…
O, daha sonra uzaqlara baxaraq, -Bu torpaqlar uğrunda şəhid olan oğullarımızın ruhu şad olsun, –deyib əlavə edir: -İnanıram ki, gənclərimiz bu torpağın adını həmişə uca tutacaq, göz bəbəyi kimi qoruyacaqlar…
***
…Məktəblərdən böyük təəssüratla ayrılıram. Hələ illərlə həsrətini çəkdiyimiz bu torpaqlarda Yeni dərs ilinin başlanması ilə bağlı Bilik günLəri çox keçiriləcək.
Yeni dərs İLİNİZ MÜBARƏK!
Səriyyə Müslümqızı,
Erməni Təcavüzünün Tanıdılması İB- nin sədr
Xocalı- Xankəndi
(Xüsusi olaraq “Təzadlar” üçün)















