…Bəli, qarşıdan Polis Günü gəlir. Bu münasibətlə, iç dünyasına bələd olduğum artıq üç polisdən söhbət açmışam. Bu dəfə sizə polis polkovniki Fəqan Azadəliyevdən danışmaq istəyirəm. Amma əvvəlcə qəhrəmanımın adı barəsində qısa məlumat verməyi düşünürəm. Azərbaycan dilində işlədilən sözlərin əksəriyyəti dərin tarixi köklərə malikdir və bir çoxu qədim türkcə, ərəb, fars, eləcə də digər dillərindən təsirlənərək formalaşıb.
“Fəqan” sözü də məhz bu sözlərdən biridir və onun mənşəyi barədə müxtəlif elmi araşdırmalar var. Əsas iddialara görə, “Fəqan” sözü qədim türk dillərində istifadə olunmuş və zamanla həm leksik, həm də semantik baxımdan inkişaf edib. “Fəqan” sözünün etimologiyası tədqiq olunarkən, onun həm klassik ədəbiyyat nümunələrində, həm də xalq danışıq dilində geniş yayıldığı müşahidə edilir. Dil tarixçiləri və etimoloqlar “Fəqan” sözünün, əsasən, “ağlamaq”, “ah-nalə etmək”, “şikayətlənmək” anlamlarını ifadə etdiyini göstərirlər…
Nə isə, çoxları elə düşünürdü ki, o vaxt orta məktəbi qızıl medalla bitirən Fəqan yəqin ki, atasının yolunu davam etdirəcək. Axı geologiya-minerologiya elmləri doktoru, professor Cəbrayıl Azadəliyev öz sahəsinin görkəmli mütəxəssislərindən biri kimi tanınırdı. Əslində Fəqanın da marağı bu sahəyə idi. Tətildə Qafan rayonunun Mahmudlu kəndinə gedər, qayıdanda çoxlu mineral və süxur gətirərdi ki, bunların adlarını, “xarakteristikasını” öyrənsin. Ancaq Fəqan sonda başqa yol seçdi…
Öyrənmək, səbəbi bilmək, araşdırmaq Fəqanın genində var idi və tələbə olduğu müddətdə onu daha çox mürəkkəb cinayət işləri maraqlandırırdı. Universiteti bitirdikdən sonra prokurorluqda işləmək- müstəntiq olmaq istəyirdi. Ancaq sonralar işin mahiyyəti ilə tanış olandan sonra gördü ki, ilk işi polisdə əməliyyatçılar aparır…
Yüz şərin, pisliyin içində bir yaxşı varsa, dünya elə o bir yaxşıya görə mənalıdır və yaşamağa dəyər. Fəqan Azadəliyev bu bölgüdə ikinciyə aid olan insanlardandır. Fəqan Azadəliyevlə tanış olanda onun 34 yaşı var idi. Yardımlı rayon Polis şöbəsinə rəhbərlik edirdi. Hər dəfə rayona yolum düşəndə onunla görüşüb, saatlarla həmsöhbət olurduq. Bu gənc zabitin mənəvi dünyasının zənginliyinə heyran qalırdım. Aramızda səmimi salam-əleyk yaranmışdı. Mehriban, iti zəkalı, mədəni, geniş təfəkkürlü adamdır. Etik qaydalara yüksək səviyyədə əməl edir. Lovğalanmaq, özündənrazılıq ondan çox uzaqdır. Etiraf edək ki, gənc yaşlarından vəzifə yüksəlişi müqabilində mənəvi keyfiyyətləri saxlamaq hər kəsə nəsib olmur və mən bunu Fəqan Azadəliyevin xarakteri ilə yanaşı, həm də yüksək ailə tərbiyəsi ilə bağlayıram…
O, həftənin 3-cü günü dünyaya gəlib. Odur ki, güclü intellektə, ünsiyyətcil xarakterə və zəngin daxili aləmə malikdir. Bütün ömürü boyu öyrənməyə can atır, məqsədyönlüdür və ətraflarındakı insanlara təsir etmək qabiliyyəti var. Savadlı, məlumatı tez qavrayan və məntiqli şəxsiyyətdir. Ünsiyyət qurmaqda və öz fikirlərini cəmiyyətə çatdırmaqda çox istedadlıdır. İnsanları inandırmaq qabiliyyəti güclüdür. Geniş maraq dairəsinə sahibdir. Həyatın müxtəlif sahələrində zəngin təcrübə qazanmağı və macəraları sevir. Belə adamlar hələ uşaqlıq və gənclik illərindən hədəflərini planlaşdırır və bu yolda inamla addımlamağı bacarırlar…
Deyir ki:- “Atam mənə birbaşa heç nə deməyib: nəyi etmək olar, nəyi olmaz. Mən sadəcə atamın hərəkətlərinə baxıb nəticə çıxarmışam. Doğru deyirlər ki, ən gözəl tərbiyə şəxsi nümunədir…”
İnsan son dərəcə mürəkkəb, ziddiyyətli varlıqdır və onun dünyagörüşü, zövqü, maraq dünyası da önəmlidir. Bu mürəkkəb varlığın dünyagörüşü, zövqünün formalaşmasına ən müxtəlif amillər təsir edir. İnsanın mənəvi dünyası necədir, nə oxuyur, nələr haqqında düşünür? -bu sualların cavabı insanın xarakteri haqqında müəyyən təsəvvür yaradır. Şübhəsiz ki, insanın dünyagörüşünə təsir edən amillərdən biri də incəsənətdir, xüsusən ədəbiyyatdir. Orta və ali məktəbdə elmi-kütləvi ədəbiyyatı daha çox oxuduğunu deyən Fəqan Azadəliyevin ümumən Azərbaycan, keçmiş sovet kinosu, ayrı-ayrı filmlər haqqındakı fikirləri adamı yaxşı mənada təəccübləndirir, həm də sevindirir ki, polislərin arasında da belə ziyalıar var…
Çoxdandır ki, yolumuz kəsişmir. Buna baxmayaraq içimdə ona bir sayğı və rəğbət var. Bildiyimə görə, hazırda Sumqayıt polisinə rəhbərlik edir. Müxtəlif mədəniyyətlərin qovuşduğu bu şəhərdə hörmət qazanmaq, yaddaşlarda yuva qurmaq çox çətindir. Amma şəxsi nümunə çox şeyi həll edir. Ümid edirəm ki, o, ədalətli polis rəisi kimi sumqayıtlıların sevgisini qazanıb…
Bəli, Fəqan Azadəliyev təkcə polis polkovniki deyil, o, həm də gözəl insan, əsl ziyalı, ləyaqətli kişilərdəndir. Qarşıdan gələn Polis Gününü təbrik edirəm!..