Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Əks-kəşfiyyat Departamenti tərəfindən son aylarda həyata keçirilən əməliyyat tədbirləri nəticəsində casusluq ittihamı ilə ölkə vətəndaşı saxlanılıb. Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərinin birinci müavini Laşa Mağradze brifinqdə məlumat verib. Onun sözlərinə görə, saxlanılan şəxs xarici ölkənin xüsusi xidmət orqanının tapşırıqları əsasında məlumat toplamaq və ötürməkdə şübhəli bilinir.
Aparılan istintaq və gizli əməliyyatlar nəticəsində müəyyən edilib ki, dövlət qurumlarından birində yüksək vəzifədə çalışan həmin şəxs xidməti mövqeyindən və şəxsi əlaqələrindən istifadə edərək sistemli şəkildə məxfi məlumatlar toplayıb və xarici xüsusi xidmət orqanına ötürüb. Bildirilir ki, onun həmin qurumun nümayəndəsi ilə konspirativ qaydada, şifrələnmiş rabitə vasitəsilə əlaqə saxladığı və görüşləri əvvəlcədən razılaşdırılmış gizlilik şəraitində müxtəlif yerlərdə keçirdiyi müəyyən olunub. Məlumatların ötürülməsi həm birbaşa görüşlər, həm də elektron vasitələrlə həyata keçirilib.
Ötürülən məlumatların Gürcüstandakı siyasi və iqtisadi proseslər, təhlükəsizlik və güc strukturlarındakı vəziyyət, eləcə də etnik və dini azlıqlarla bağlı məlumatları əhatə etdiyi bildirilir. İstintaq materiallarına əsasən, saxlanılan şəxsin xarici xüsusi xidmət orqanının göstərişi ilə media nümayəndələrinin cəlb olunacağı informasiya platformalarının yaradılması üzərində də işlədiyi və bu şəbəkə vasitəsilə region ölkələri ilə bağlı kəşfiyyat xarakterli məlumatların toplanmasının planlaşdırıldığı qeyd olunur. Məlumata görə, o, bu fəaliyyəti maddi qazanc müqabilində həyata keçirib. Mediada yayılan məlumata əsasən, DTX tərəfindən casusluq ittihamı ilə həbs edilən şəxs Giorgi Udzilauridir. Bildirilir ki, o, əvvəllər Maliyyə Nazirliyinin istintaq xidmətinin şöbələrindən birinin rəhbəri olub və Avropa ölkəsinə casusluq edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314-cü maddəsinin 1-ci hissəsi üzrə istintaq aparılır. Həmin maddə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.