6 İyul 2026 / 17:18

Zamanın fəlsəfəsi sözə toxunarsa… -TƏMSİL

…Daima mütaliə ilə məşğul olan bir oxucu düşünürdü ki, kaş hansısa yazarlardan biri ilə qarşılaşmış olaydım. Mən oxuduğum kitablarla bağlı öz təəssüratlarımı onunla bölərdim.
Söz xoş vaxta düşdüyündən həmin oxucu təsadüfən tədbirlərin birində arzu etdiyi yazarla qarşılaşdı. Salam-sağoldan sonra oxucu yazara suallar verməyə başladı:
– Niyə indi kitablarda məntiqsiz mövzulara və çoxlu sayda texniki səhvlərə rast gəlinir? Nədən naşirlər bu məsələyə biganə yanaşırlar? Axı oxucu öz savadını artırmaq və həyata baxışını genişləndirmək üçün mütaliə edir. Həm də müasir əsərlərdə çoxlu haqsız hadisələr baş verir və ədalət kölgədə qalır. Maraqlıdır, əsər naşirə gedib çatana kimi günahkar söz olur, yoxsa qələm?
Oxucu təəccüblənmədən yazara bildirdi:
– Son vaxtlar mən yazılan bəzi əsərlərdə qəribə bir hiss duyuram. Elə bil qələm könülsüz yazır. Bunun səbəbi nədir?
Yazar isə suala belə cavab verdi:
– Mən də bunu hiss etmişəm. Sanki qələm üzümə durub, yazılmaq istəmir. Bir cümlə yazana qədər ucluğu dəfələrlə qırılır. Əvvəl bunu qüsur sanırdım. Amma indi anlayıram ki, məsələ başqa imiş…
Elə bu anda…
Qələm adını eşidəndə artıq susa bilmir. Və daxilində olan hayqırtı ilə sözə başlayır:
– İstəməzdim daxilimdəki iztirabın göz yaşına çevrilməsini oxucularım görsün. İstəməzdim axıtdığım göz yaşını görəsiniz! Bu dərdi görən yox… sətirlərin arasında qələmi tutub titrəyən əl bilər.
Mən yazan əlin barmaqları arasında sıxılaraq yazıram. Hər yazarın işıqlı dünyasını, qaranlığını, xoşbəxt olduğu anları yazıram. Şairlər kimi mən də insanların düşüncəsindəki ağrını, həsrəti, vüsalın sevincini, anaların göz yaşını və bir sözlə həyatın içindəki hay-həşiri yazıram.
Bəzən elə barmaqlar arasında sıxılıram ki, titrəyən əlləri hiss edirəm. Bəzən yazmaq istəmədiyim haqsız həqiqətləri görürəm. İstəmirəm yazmaq. Hərdən yazarın əlindən düşürəm, hərdən ucluğumu qırıram.
Axı mən yazmaq istəmirəm… işıqlı yolumu azmaq istəmirəm… həqiqəti əsir edib ona qəbir qazmaq istəmirəm… istəmirəm. Amma neynim? Tutan əllər xaindir… naxələfdir… amma o mən deyiləm!
Sizlər mənə inanarsınızmı?! Sizlər bilin ki, qələm söz deyə bilməsə də, səssiz danışır.
Söz öz adını eşidən kimi söhbətə qarışdı və dedi:
– Ey qələm, səni sıxan barmaqlar yazdırır, məni isə sətir-sətir 32 dişə sıxılan dil yazdırır. Baxmayaq ki, o sümüksüzdür. Amma məni bilirsiniz necə incidir, məni necə acıdır?
Qələm danışdıqca söz onu dinləyirdi. Və qəfildən ayıldı ki, qələm onu günahkar çıxarmaq istəyir. Söz özünü müdafiə etmək üçün qələmə dedi:
– Səni tutan əllər titrəyə bilər, məni sıxan dil isə sənin necə eşidəcəyini fərqinə varmaz.
Şüur hiss etdi ki, nəsə ortada söz-söhbət var. Şüur həm də anladı ki, söz onu laqeyd və biganə kimi qələmə vermək istəyir. Söz öz haqqını müdafiə etməyə hazırlaşırdı. Elə bu an şüur düşündü:
– Deyəsən, təfəkkür günahkar kimi görünəcək.
Söhbət qarışsa da, təfəkkür özünü müdafiə edərək insanın zəkasını günahlandırdı.
– Yazar istəsə, hamımızı haqq və ədalətlə idarə edə bilər.
Kənardan bütün hadisələri diqqətlə izləyən vicdan özünü kənarda qoymaq istəmədi. Vicdan öz fikrini belə bildirdi:
– Bu söhbətdə hər biriniz məsuliyyət daşıyırsınız. Hətta kitabın yazılması və yazarın fikirlərinin layiqincə oxucuya çatdırılması üçün naşir də hamı kimi məsuliyyət daşıyır.
Təklif edildi:
– Çağırın, naşir də öz fikrini bildirsin.
Naşir öz növbəsində qeyd etdi:
– Mənə gələn əlyazmaya çox diqqətlə baxıram. Gördüyüm xətaları yazara bildirəndə müəyyən yerlərdə düzəlişlər edilməli olduğunu deyirəm.
Yazar bu sözü eşidən kimi dedi:
– Mənim yazdıqlarım toxunulmaz olmalıdır! Heç bir əl onu poza bilməz! Çünki bu əsər sifarişlə yazılıb. Mən sifarişçinin istəyinə uyğun kitabı formalaşdırmışam. Bir kimsə mənə göstəriş verə bilməz!
İndi siz deyin: yazarın belə məntiqsiz düşüncəsinin qarşısında söz, qələm, təfəkkür, şüur, ələlxüsus naşir bu səhvlərə görə günahkar ola bilərlərmi?

Müəllifdən: deyirlər, kitab insanın ən sədaqətli dostudur. Görünür, dostlarımızın da taleyi insanların taleyinə bənzəyib. Elə kitablar var ki, üz qabığı həqiqətən parlaqdır, içindəki vicdan isə mürəkkəbin kölgəsində itib-batır. Bəzən qələmi günahlandırırlar, bəzən sözü, bəzən də naşiri. Amma heç bir yazar güzgünün qarşısında bir an dayanıb özünə sual vermir:
“Mən bu kitabın hansı səhifəsindəyəm?”
Həmin səhifə görəsən, məni görə bilirmi?
Qələm yalnız onu sıxan barmaqların niyyətini daşıyır, söz isə sahibi ilə vicdan arasında keçid yaradır. Şüur yatanda təfəkkür yorulur, vicdan susanda isə ən gur səs belə həqiqəti oyada bilmir.
Bu təmsildə danışan obrazlar qiyabi görünsələr də, onların söylədikləri fikirlər həyatın içindən keçir. Əgər oxucu bu sətirlərdə kimisə görəcəksə, qoy əvvəl öz kölgəsinə baxsın.
Çünki bəzən naşirin ən ağır redaktəsinə kitabın yox, insanın özü ehtiyac duyur.
Təranə Şəms

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!