Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qeyri-formal məşğulluqda olan şəxslər, yəni sığorta sisteminə daxil olmayan şəxslər belə, ilkin səhiyyə xidməti və təcili tibbi yardım xidmətlərindən ödənişsiz şəkildə yararlana bilirlər. Yəni, hər hansı təcili tibbi yardım halında bu şəxslər xidmətlərdən məhrum qalmayacaqlar.
Tezadlar.az xəbər verir ki, bunu bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Milli Məclisin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Sədr bildirib ki, ilkin səhiyyə xidməti İTSDA üçün prioritet istiqamətlərdən biridir. Bu sahə nə qədər inkişaf edərsə, bir o qədər preventiv tədbirlərin görülməsi mümkün olacaq və xəstəxanalara düşən yük azalacaq.
“Hazırda bu sahədə iki əsas problem var:
1. Tibb müəssisələrinin fiziki vəziyyəti: Ölkədə təxminən 2 500-dək tibb məntəqəsi mövcuddur, onların 43 %-i tam yararsız vəziyyətdədir. Bu, əsasən kənd yerlərindəki məntəqələrə aiddir.
2. Kadr çatışmazlığı: Hazırda kənd məntəqələrində xidmət göstərmək üçün azı 1 500 həkimə ehtiyac var. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə bir neçə görüşümüz olub və nazirlik tərəfindən bu çatışmazlığın aradan qaldırılması istiqamətində müəyyən təklif və həll yoları var”.
Z.Əliyev əlavə edib ki, sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində 2027-2030-cu illərdə təmir mərhələli şəkildə həll olunacaq.
“Pilot layihə olaraq isə Bərdə rayonu seçilib. Bərdə yeganə rayondur ki, hazırda bütün kəndlərdə həkim təminatı mövcuddur. Bu səbəbdən, ilin sonuna qədər bütün tibb məntəqələrinin yenidən qurulması planlaşdırılır. Gələn ilin mart ayında sizi Bərdəyə dəvət etməyi planlaşdırırıq ki, görülən işlərlə yerində tanış ola biləsiniz.
Bu istiqamətdə işlərimizi davam etdiririk və inanıram ki, qarşıdakı bir neçə ildə bunun müsbət nəticələrini görəcəyik”, – deyə o fikrini yekunlaşdırıb (trend).
***
Belə görünür ki, kənd yerlərində həkim çatışmazlığı illərlə yığılıb qalmış problemdir. Elə zamanında həkim müdaxiləsi olmaması səbəbindən kəndlərdə həyatını itirənlər barədə faktlar da mövcuddur. Maraqlıdır ki, Tibb Universitetinə qəbul planında artım da edilib. Məsələn, 2024-cu ildə plan yerləri 190 yer artırılaraq 975-ə çatdırılmışdı. Son 30 ildə ölkədə minlərlə şəxs həkimlik ixtisasına yiyələnib (hətta bəzi özəl universitetlərdə də həkimlik ixtisası tədris edilirdi). Bölgələrdən gələrək universitetdə təhsil alan məzunların böyük əksəriyyəti el-obasında çalışmaq üçün geri dönür. Və mümkün deyil ki, universitetdən məzun olan bütün əli diplomlu həkimlər Bakıda (həm yerli sakinlər, həm də bölgəyə qayıtmayanlar) çalışsın. Məlumdur ki, paytaxtda günbəgün sağlıq ocaqlarının sayı artırılsa da, boş yer tapmaq çətindir. Belə olan halda, niyə iş ilə təmin oluna bilmədiyindən bəzən başqa sahələrə yönəlmək məcburiyyətində qalan həkimlərin kənd məntəqələrində iş ilə təmin olunması üçün zamanında addımlar atılmayıb. Hər il bu universitetdən məzun olanların işsiz qismini araşdıraraq müəyyən etmək və onlara lazımi güzəştlər – stimullaşdırıcı təkliflər edərək (yaşamaq üçün ev, əlavə maaş və s.) kənd yerlərimizə göndərmək olmazdımı? Əgər belə olsaydı, nə kəndlərimiz həkimsiz, nə də əli diplomlu həkimlərimiz işsiz qalmazdı…
JASMİN