24 Aprel 2026 / 13:45

70 illik Ömrün izi ilə! – Tədbirdən reportaj

…Xanım İsmayılqızı 1956-cı il aprel ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Atası İsmayıl Qarayev  Goranboylu, anası Pərizad Tağıyeva Xızılıdır. ADU-nun (indiki BDU) filologiya fakültəsini bitirmişdir (1979). “Gənclik” Nəşriyyatında korrektor, kiçik redaktor, mühəndis-texnoloq (1972–1984) işləmişdir. Efiopiyada yaşaması ilə bağlı nəşriyyat işindən ayrılmış, Azərbaycana döndükdən sonra yenidən nəşriyyat işinə qayıtmışdır. ADU-nun nəşriyyatında şöbə müdiri (1987–1989), Azərbaycan bədii tərcümə və ədəbi əlaqələr Mərkəzində şöbə müdiri, sədr müavini (1989–1995), “Bilik” Maarifçilik Cəmiyyətinin “Bayatı” Sifariş Ədəbiyyatı Mərkəzində direktor müavini (1995–1998), direktor, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində Nəşriyyat şöbəsinin müdiri vəzifələrində (2014–2016) işləmişdir. (2019 – 2024) Azərbaycan Dövlət Tərcümə Mərkəzində şöbə müdiri vəzivəsində işləmişdir.

Xanım İsmayılqızı gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş, ilk şeri “Yol” qəzetində dərc olunmuşdur (1991). Qələmini poeziya, publisistika və tərcümə sahəsində sınamışdır. 1979-cu ildən jurnalistlik fəaliyyətinə başlamış, dövrü mətbuatda məqalə, oçerk və esseləri dərc olunmuşdur. AzTV-də və ilk müstəqil telekanal olan BMTİ-də “Dünyam qəfil işıqlansa” adlı müəllif verilişi ilə çıxış etmişdir (1992–1993).

“Kimlər keçir bu dünyadan” ilk nəşr olunan publisistik kitabıdır (1996). Vasili Şukşinin “İlan zəhəri” adlı hekayələr toplusunu, “İssumbosi” yapon nağıllarını tərcümə etmişdir. Dünya işığından məhrum olan insanların – korların dünyasından, daxili aləmindən bəhs edən “Ruhun da gözü var” adlı fəlsəfi-publisistik kitabı (1997) çap olunub. “Bir məndim, bir də özüm” (1997), “Ağ və qara” (2006), “Dua yağışı” (2014), “Səni göyə bağışladım” (2020), “Adı olmayan fəsil” (2021), “İlahi, yerimi demə” (2022), “Səni göyə bağışladım” (2022), “Do və başlanır hər şey” (2024) şeir toplularının müəllifidir. Şeirləri rus, belarus, özbək, fars, polyak, türk, holland dillərinə tərcümə edilmiş, xarici mətbuatda dərc olunmuş, antalogiyalara daxil edilmişdir.

Şair kimi ilk dəfə bəstəkar Faiq Sücəddinovla əməkdaşlıq etmişdir. F.Sücəddinovun onun sözlərinə yazdığı “Harda qaldın” ( Kaman) mahnısı şair kimi onun vizit vərəqinə çevrildi. Mahnı bəstəçisi kimi ilk işi “Sevgimizi qoruyaq” mahnısıdır (1993). Efirdə ilk səslənən manhısı da məhz “Sevgimizi qoruyaq”dır (1994). Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” pyesinə yazdığı musiqi bəstəkarın ilk irihəcmli əsəridir. 400-dən çox mahnının müəllifidir. Nəsimi, Mikayıl Müşfiq, Məmməd Araz, Ramiz Rövşən, İsmayıl Qarayev, Vaqif Bayatlı Önər, Vahid Əziz, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Davud Aslan, Paşa Qəlbinur, Rəşad Məcid, Tamara Vəliyeva, Elçin Mirzəbəyli, Elman Tovuz, Leyla Əliyeva və b. şairlərin şeirlərinə musiqi bəstələmişdir.

Onun 500-dən çox şerinə Polad Bülbüloğlu, Faiq Sücəddinov,  Eldar Mansurov, Emin Sabitoğlu, Nadir Əzimov, Səyavuş Kərimi, Aygün Səmədzadə, Nailə Mirməmmədli, Novruz Aslan, Elçin İmanov, Məryəm Əlibəyli, Sevda Məmmədli, Aytən İsmixanova, Cabbar Musayev, Vüqar Camalzadə, İsa Məlikov, Nazim Əhməd, Sevinc Tofiqqızı, Gülnar Əlfiqızı və b. bəstəkarlar musiqi bəstələmişdir. Mahnıları İlhamə Quliyeva,  Flora Kərimova,  Brilliant Dadaşova,  Mübariz Tağıyev,  Faiq Ağayev, Ağadadaş Ağayev, Mətanət İsgəndərli, Nazpəri Dostəliyeva, Ruhəngiz Allahverdiyeva, Nəzakət Teymurova, Səməd Səmədov, Zöhrə Abdullayeva, Gülyanaq və Gülyaz Məmmədovalar, Elçin Cəlilov, Sənubər İsgəndərli, Hacıbaba Bağırov, Cavan Zeynallı, Rəşad İlyasov, Könül Kərimova, Aygün Kazımova, Tünzalə Ağayeva, İradə İbrahimova, Röya, Elnarə Xəlilova, Samir Piriyev, Mətanət Əsədova, Zakir Əliyev, Teyyub Aslan, XAN qrupu, Ayan Babakişiyeva, Cahangir Qurbanov, Çinarə Məlikzadə, Zabitə Alıyeva, Şəhla Həmidova və bir çox müğənnilər tərəfindən ifa olunmuşdur. 1999-cu ildə “Respublika” Sarayında, 2001-ci ildə Sumqayıtın “Kimyaçılar” Sarayında, 2024-cü ildə Heydər Əliyev Sarayında yaradıcılıq gecələri keçirilmişdir. Qocalar, Əlillər, Yetimlər evində xeyriyyə gecələri keçirmişdir. Həm şair, həm bəstəkar kimi bir çox müsabiqələrin diplomantı, laureatı və qalibi olmuşdur.

Xanım İsmayılqızı 2003-cü ildə “Planet dostları” adlı layihədə, Amerika bəstəkarı və söz yazarı Stan Slauqhter ilə birgə “Doğma diyar” adlı vətənpərvər mahnılardan ibarət albomun müəllifi olub. Bu alboma daxil olan 12 mahnıdan 7-sinin həm söz, həm də musiqi yazarı — Xanım İsmayılqızı, 5-nin həm söz, həm musiqi yazarı — Stan Slauqhter olub. Bu albom həm Amerikada, həm də Azərbaycanda yayımlanıb. Bu layihədən məqsəd Azərbaycanla Amerika arasında mədəni dostluq, musiqinin, sözün dili ilə ölkələri bir-birinə yaxınlaşdırmaq və əlaqələr yaratmaq idi. Bütün mahnılar uşaq xoru, gənc solistlər tərəfindən ifa olunub. O, eyni zamanda “Dünya quraq”, “Unut məni”, “Gözlər”, “Qəm qalası” , “Doğma diyar”, “Mənim ağ göyərçinim” və s. musiqi albomlarının müəllifidir. Həmçinin Xanım İsmayılqızı 1989-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1999-cu ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

***

Şərəfli ömür yaşayan Xanım İsmayılqızının artıq 70 yaşı tamam oldu. Bununla əlaqədar olaraq, bugün  tanınmış şair və bəstəkar Xanım İsmayılqızının yubiley gecəsi keçirildi. “Tezadlar.az” olaraq biz də bu mötəbər tədbirdə iştirak etdik. Tədbir haqqında məlumatları və təəssüratlarımızı oxucularımızla bölüşürük. Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Milli İncəsənət Muzeyi ilə birgə muzeyin “Səttar Bəhlulzadə” zalında tanınmış şair və bəstəkar Xanım İsmayılqızının 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçirdilər.

Yubiley gecəsinin aparıcısı tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova qonaqları salamladı və istedadlı şair, bəstəkar Xanım İsmayılqızının yubileyinin həqiqətən xalq bayramına çevrildiyini dedi. Çıxışında Lətifə Məmmədova qeyd etdi ki, Xanım İsmayılqızı vətənpərvər, filosof, həyat və gözəllik şairidir. Xanım İsmayılqızı sözü yaşadan, musiqini sevdirən bir xanımdır. Onun özü də, yaradıcılığı da parlaqdır. Şairin çox müdrik, dildən-dilə gəzən sözləri var. Tədbirin aparıcısı Lətifə Məmmədova sevilən şair, bəstəkar Xanım İsmayılqızına Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucu diplomunu və Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Fəxri fərmanını da təqdim etdi.

Məqamında bildirək ki, tədbirdə həmçinin Azərbaycan Milli İncəsənət Muzeyi adından Xanım İsmayılqızı yubileyi münasibətilə təbrik edildi və ona muzeyin Fəxri fərmanı da təqdim olundu. Respublika və Beynəlxalq laureatı, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu, xanəndə Maya Cəbrayılova yubilyarı mahnı ilə təbrik etdi, sonra isə “Ana Kür” mahnısını ifa etdi. İstedadlı müğənni, müəllim İslam Əlizadə musiqisi Xanım İsmayılqızının olan “Unudursan”, Əbilov adına Mədəniyyət Mərkəzinin “Şəlalə” xalq çalğı alətləri ansamblının solistləri Ceyran Abbaslı və Fərid Əzizli “Qonşular”, M.Rastropoviçlər adına 21 nömrəli onbirillik Musiqi Məktəbinin 4-cü sinif şagirdi Raul Həmidov, 33 nömrəli Musiqi Məktəbinin konsertmeysteri Şahin Yahyəzadənin musiqisi ilə “O sole mio”, “Zibeydə” mahnılarını yubilyara hədiyyə etdilər.

Yubiley gecəsinin aparıcısı Lətifə Məmmədova qeyd etdi ki, M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyi ilə birgə tərtib etdiyi “60 çiçək-bir çələng”adlı Zəfər almanaxına Xanım İsmayılqızının da şeiri daxil edilib və kitabı yubilyara təqdim edildi.

M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Zeynəb Cəmaləddin Xanım İsmayılqızının yubileyinə həsr etdiyi şeiri söylədi və şeirə tərtib olunmuş videoklipi nümayiş etdirdi.

225 nömrəli tam orta məktəbin direktor müavini, “Kiçik Akademiya” nın rəhbəri, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru Zenfira Nusalova yubilyarı təbrik edərək ona yaradıcılıq uğurları arzuladı və sonra isə şeir söylədi. Bununla yanaşı, 225 nömrəli tam orta məktəbin nəzdindəki “Kiçik Akademiya” nın şagirdləri də sevilən şair və bəstəkar Xanım İsmayılqızının şeirlərini söylədilər. Bədii hissədə populyar gənc müğənnilər Zabitə Əliyeva musiqisi Xanım İsmayılqızına məxsus olan “Səndən ibarət”, “Allah görübdü, yeri”, Ağabala Sadıqzadə, Məzahir Hikmətoğlu, Rəvan Qocayev və Pərvaz İbrahimli söz və musiqisi yubilyara aid olan “Məktub yazmışam”, “Eşq bir aləmdir”, “Gecələr”, “Ünvanımı bilən yox”, “Sağol” adlı mahnıları ifa etdilər. Tədbirin sonunda yubilyar tədbir iştirakçılarının suallarına cavab verdi və bu möhtəşəm tədbirin iştirakçılarına dərin minnətdarlığını bildirdi. Yubilyar poeziya sevənlərə və ölkəmizin kitabxanalarına öz kitablarını hədiyyə etdi.

Həmçinin tədbir iştirakçıları M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının hazırladığı Xanım İsmayılqızının həyat və yaradıcılığına həsr olunmuş videoçarxları izlədilər. Eyni zamanda, tədbirdə şair və bəstəkarın kitablarından ibarət sərgi də nümayiş olundu. Fürsətdən istifadə edərək bildirək ki, yubiley gecəsində diplomatik korpusun nümayəndələri, şəhid ailələri, qazi və veteranlar, şair və yazıçılar, ziyalılar, tanınmış sənət adamları, mədəniyyət işçiləri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal və Fəxri oxucuları, şagird və müəllimlər geniş ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.

Son olaraq oxucularımıza bildirək ki, sözügedən tədbirdə təqdim olunan videoçarxlar kitabxananın Youtube kanalında aşağıdakı keçiddə yerləşdirilib:

https://www.yotube.com/watch?=hQCkw3259co&t=115s

https://www.yotube.com/watch?=-jauui67iAg&t=103s

Hazırladı: RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!