16 Dekabr 2025 / 15:10

Əgər siz də Çinin bu fincanlarını əldə etmisizsə, təcili SN- ə aparın – Polşa təhlükə barədə xəbərdarlıq edib (FOTO)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.

Tezadlar.az  xəbər verir ki,  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Polşa Respublikasından daxil olan məlumata əsasən, Çin Xalq Respublikasında fəaliyyət göstərən “Market Union Co. Ltd” şirkəti tərəfindən istehsal edilən şüşə fincanlarda kadmium və qurğuşun ağır metallarının miqrasiyası aşkarlanıb.

Məlumatda qeyd olunur ki, bu məhsulların 6 ədədi Azərbaycan Respublikasında fəaliyyət göstərən “Sevinc Mall” ticarət mərkəzində yerləşən “Sinsay” mağazasına göndərilib.

Bildiririk ki, sözügedən fincanlar Səhiyyə Nazirliyinin Respublika Sanitariya – Karantin Mərkəzinə təqdim edilməyib və bu səbəbdən müvafiq laborator müayinələrdən keçirilməyib.

Həmin məhsulları əldə etmiş vətəndaşlardan şüşə fincanları yoxlanılması məqsədilə Səhiyyə Nazirliyinin Respublika Sanitariya – Karantin Mərkəzinə təqdim etmələri xahiş olunur. Laborator müayinələr ödənişsiz əsaslarla həyata keçiriləcək. Yoxlamalar nəticəsində təhlükəli ağır metallar aşkarlanmadığı halda, məhsullar vətəndaşlara geri qaytarılacaq.

Qida Təhlükəsizliyi Agentliyi və Səhiyyə Nazirliyi məsələni nəzarətdə saxlayır, istehlakçıların sağlamlığının qorunması məqsədilə zəruri tədbirlər davam etdirilir.

Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi

Əlaqə; 012-497-63-62

Ünvan: Həmidağa Hüseynzadə 39

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!