Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Aşınma” anlayışı adətən tədricən dağılma, məhv olma ilə assosiasiya olunur. Məsələn, dəmirdən hazırlanmış məişət əşyaları zamanla korroziyaya uğrayır, paslanır və istismardan çıxır. Bunun səbəbləri var: nəm, torpaq altında qalmaq, baxımsızlıq və s. Yəni heç nə səbəbsiz aşınmır. Bəs maraqlıdır: insan necə aşınır? İnsanın daxili aləmi zəngin olmadıqda, nəfsinə tabe olduqda, paxıllıq və qəlbiqaralıq hissləri üstünlük təşkil etdikdə o da tədricən aşınmağa başlayır. Başqasının uğuru, intellekti, yaxşı yaşaması bəzilərinin daxilində kin və nifrət yaradır və bu hisslər insanı öz-özünə məhvə aparır.
İnsani müstəvidə aşınmanın əksi isə cilalanmadır. Necə ki, almaz cilalanaraq brilyanta çevrilir və dəyəri artır, insan da münasibətlər, ünsiyyət və özünü dərk etmə yolu ilə cilalana bilər. Ruhən özünə bənzər insanla qurulan sağlam ünsiyyət tədricən insanı saflaşdırır.
Əlbəttə, münasibətlərdə toqquşmalar da olur. İki insan fikir ayrılığı yaşadıqda bu toqquşmalar xarakterləri üzə çıxarır. Əgər insan özünü tənzimləməyi bacarırsa, bu proses cilalanmaya çevrilir və qarşılıqlı anlaşma yaranır. Belə hallarda dostluq daha da möhkəmlənir.
Amma elə insanlar da var ki, Nyutonun üçüncü qanununda deyildiyi kimi, “təsirə əks təsir” prinsipi ilə hərəkət edir və nəticədə münasibətlər aşınma ilə bitir. Bu tip insanlar zamanla ünsiyyətdən silinib gedirlər. Cilalanma isə insanı yeniləyir, yaradıcılığa, yeni layihələrə, əməkdaşlığa sövq edir. Bəzən isə həqiqəti demək münasibətləri pozur. Çünki həqiqət acıdır. Həqiqəti eşidən, amma onu qəbul etməyən insan ünsiyyətdən qaçır. Halbuki ona ayna tutulur. Belə hallarda anlayırsan ki, bir vaxtlar sən kiməsə lazım olmusan — amma səni öz məqsədləri üçün. Zəif nöqtələrini öyrənib, sənin öz silahınla vurmaq istəyən insanlar xalq arasında “nankor” adlanır. Söz çox zaman ən təhlükəli silahdır. O, yaralaya da bilər, sağalda da. Söz dəmiri muma döndərən qüvvəyə malikdir.
Ona görə də insan ünsiyyətdə, dost seçimində, ailə qurarkən çox diqqətli olmalıdır. Həddindən artıq səmimiyyət bəzən qarşı tərəfə yanlış fürsətlər yaradır. Xüsusilə gənc qızlarımız bu məsələdə ehtiyatlı olmalıdırlar. Şirin sözlərə aldanmaq gələcəkdə ağır nəticələr doğura bilər.
İnsan örtülü boxçadır; daxilində nə gizlətdiyi isə çox vaxt dili ilə üzə çıxır.
Təranə Şəms