Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Dekabr 2025 / 22:20

Əliağa Vahidin büstü niyə qəsdən zibillənir?-ABŞERONUN BAŞÇISI HARA BAXIR?

Artıq üçüncü yazıdır ki, bu problemi gündəmə gətiririk, amma biabırçılıq davam edir…

Masazır qəsəbəsində yerləşən, görkəmli qəzəlxan Əliağa Vahidin büstü ətrafında vəziyyət yenidən biabırçı həddə çatıb. “Təzadlar” bir müddət əvvəl sakinlərin şikayəti əsasında məsələni işıqlandırmış, foto və video materialları Abşeron Rayon İcra Hakimiyyətinə təqdim etmişdik. Həmin vaxt məsul qurumlar tərəfindən formal xarakter daşıyan, görüntü naminə keçirilmiş qısa müddətli “təmizlik aksiyası” baş tutdu, ərazi guya səliqəyə salındı. Amma çox keçmədi ki, hər şey yenidən əvvəlki halına qayıtdı.

Bu gün isə vəziyyət daha da acınacaqlıdır: büstün ətrafı yenidən zibil içindədir. Bəli, doğru başa düşdünüz, bu barədə sakinlərin şikayəti əsasında artıq üçüncü yazıdır ki, hazırlayırıq, lakin bir nəticə yoxdur! Əliağa Vahidin büstünün ətrafının bilə-bilə, qəsdən, kimlər tərəfindənsə zibilləndiyinin şahidi oluruq. Azərbaycanın dahi söz ustasına, “XX əsrin Füzulisi” adlandırılan Əliağa Vahidə münasibət beləmi olmalıdır?

xxx

Ərazidəki mənzərə adi bir zibilxananı xatırladır. Bu, təkcə bir sənətkara yox, bütövlükdə milli mədəniyyətimizə qarşı açıq hörmətsizlikdir. Təəssüf ki, bu fikirlər əvvəlki yazılarımızda olduğu kimi bu gün də aktuallığını qoruyur.

Artıq foto və videogörüntüdən də aydın olur ki, kimsə bu mövzuda bizimlə prinsipə girib. Yeni foto və video görüntülər açıq şəkildə göstərir ki, sanki kimlərsə qəsdən demək istəyir: “Siz nə yazırsınız-yazın, biz yenə də öz bildiyimizi edəcəyik və bu büstü zibilləməkdə davam edəcəyik.”

Biz yazdıqca, xəbərdarlıq etdikcə vəziyyət düzəlmək əvəzinə daha da pisləşir. Bəzi mədəniyyətsiz və məsuliyyətsiz şəxslər bunu əksinə anlayır, elə bil düşünürlər ki, buraya zibil atmaq olar, hətta lazımdır. Sanki Əliağa Vahidin büstü onların gözündə hörmət yeri yox, zibil atmaq üçün bir nöqtədir.

Bu mövzuda yazmaqdan artıq bezmişik. Elə bir həddə çatıb ki, bu haqda yazmaqdan klaviaturamızın düymələri də bezib… Eyni sözləri təkrar-təkrar deməkdən boğazımız quruyub. Amma görünür, başqa yol da qalmayıb.

Bu artıq təsadüf deyil, təkrar olunan, məqsədli davranışdır. Əgər bu vandalizm davam edərsə, ərazidə atılan tullantılarla bağlı araşdırma aparılacaq, zibilin mənbəyi müəyyənləşdiriləcək. Kim bu biabırçılığın arxasındadırsa, aşkara çıxarılmalı və qanunvericiliyin verdiyi imkanlar çərçivəsində cərimələnməlidir. Bəlkə onda kiminsə ağlına gələr ki, bu ölkənin böyük qəzəlxanının büstünü zibilləmək olmaz.

Bir daha, artıq neçə dəfə “son dəfə” dediyimizi özümüz də xatırlamırıq, yenə səslənirik…

Abşeron Rayon İcra Hakimiyyəti, Masazır Bələdiyyəsi, aidiyyəti qurumlar! Bu biabırçılığa nəhayət ki, son qoyun. Bu, təkcə bir büstün yox, milli dəyərlərə münasibətin göstəricisidir. Əgər bir sənətkarın adını daşıyan abidənin ətrafını qorumaq mümkün deyilsə, deməli, problem təkcə zibil atanlarda yox, illərlə göz yumanlardadır. Axı niyə bu qədər mədəniyyətsizlik, bu qədər laqeydlik? Niyə Masazırda doğulub boya-başa çatmış bir qəzəlxanın xatirəsinə bu cür münasibət göstərilir?

Son açıq çağırış!

“Bir daha, son dəfə səslənirik” deməkdən bezmişik. Amma yenə də deyirik, bəlkə də həqiqətən son dəfə. Abşeron Rayon İcra Hakimiyyətinə, Masazır Bələdiyyəsinə, şəxsən bələdiyyə sədri Azər Quliyevə çağırış edirik: bu biabırçılığa dərhal və köklü şəkildə son qoyun. Bir günlük “təmizlik şousu” ilə yox, davamlı nəzarət, real məsuliyyət və cəza mexanizmi ilə. Ərazi polis bölməsinin PPX xidmətçiləri hara baxır bəs?! Əgər bir sənətkarın büstünün 3–5 metr ətrafını belə qoruya bilmiriksə, deməli! dəyərlərimizi itiririk. Bu isə artıq təkcə bələdiyyənin yox, cəmiyyət olaraq hamımızın ayıbıdır. Amma unutmayın: biz bu mövzunu buraxmayacağıq. Ta ki, Əliağa Vahidin büstü zibilxana yox, layiq olduğu kimi hörmət məkanına çevriləcək!

Elşad FƏRMANOĞLU

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!