30 Dekabr 2025 / 09:29

Birlik və həmrəyliyimizin təntənəsi

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü bu gün tarixi yaddaşı yaşadan bir rəmz olmaqla yanaşı, müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin, milli ideoloji xəttinin və qlobal miqyasda formalaşmış azərbaycançılıq düşüncəsinin real nəticələr doğuran mexanizminə çevrilmişdir. Bu mexanizmin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən uzaqgörənliklə qoyulmuş, Prezident İlham Əliyev tərəfindən isə müasir dövrün çağırışlarına uyğun olaraq institusional səviyyəyə yüksəldilmişdir.

Həmrəylik Günü bu gün dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur və diaspor həyatının ən mühüm rəmzlərindən birinə çevrilib. Bu bayram Azərbaycanla mənəvi bağlarla bağlı olan insanları bir araya gətirir. Tarixən azərbaycanlılar müharibələr, təlatümlü siyasi proseslər və ədalətsiz deportasiyalar nəticəsində doğma torpaqlarından uzaq düşərək dünyanın müxtəlif bölgələrinə səpələnmişlər. Onun nəticəsidir ki, bu gün Azərbaycan Respublikasının məqsədyönlü diaspor siyasəti vasitəsilə Rusiya, MDB məkanı, Avropa ölkələri, Amerika qitəsi, Yaxın Şərq və digər regionlarda güclü Azərbaycan icmaları formalaşdmışdır.

Dünyada yaşayan soydaşlarımız hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram xüsusilə böyük Zəfərimizdən sonra daha geniş, daha təmtəraqla keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir. Ulu Öndər Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən – 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarının birliyini möhkəmləndirməyin zəruriliyini düşünərək, dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Bundan sonra elə həmin il bayramın bütün ölkədə rəsmi qeyd edilməsi barədə Azərbaycan Respublikası Ali Sovetində qərar qəbul olundu. Dünya azərbaycanlılarının həmrəyliyi və təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyev xalqı öz ətrafında birləşdirməyə qadir olduğunu nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, birlik və həmrəyliyinin təmin olunması məqsədilə Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncam əsasında 2001-ci ildə Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Daha sonra 2006-cı ildə Dünya Azərbaycanlılarının II, 2011-ci ildə III, 2016-cı ildə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfələr verdi. Bu qurultaylar Azərbaycan xalqının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Bu qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqləyir.

Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynyır. 44 günlük Vətən müharibəsi ölkəmizdə formalaşmış milli ideologiyanın, milli mənlik şüurunun, dirçəlmiş ənənələrin, möhkəmlənmiş dövlətçiliyin və ümumxalq həmrəyliyinin bariz təzahürü oldu. Vətən müharibəsində şanlı Qələbənin qazanılmasında Azərbaycan cəmiyyətindəki yüksək həmrəylik ruhu mühüm rol oynadı. Bütün dünya azərbaycanlılarının qəlbi qüdrətli dövlətimizlə, milli birliyimizlə, həmrəyliyimizlə döyünür. Yeni il dövlətimizə, xalqımıza, hər bir azərbaycanlıya yeni-yeni uğurlar gətirsin!

Məhəmməd Əsədov, Fuad Səfərov, Səmid Şabanov, Tehran Rəhmanov, İsmayıl Novruzov, Aqşin Əkbərov, Yasin Məcidov, Rizvan Rəhimov, Samir Əliyev və Rauf Axundov xalqımızı 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edir, 2026-cı ildə hər bir azərbaycanlıya can sağlığı, xoşbəşxtlik, firavan həyat, sevincli günlər arzulayırlar!

CEYHUN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!