5 Fevral 2026 / 12:50

Kobaxidzedən sərt mövqe: “Amerika sənədləri illərdir söylədiklərimizi təsdiqlədi”

Gürcüstanın Baş nazir İrakli Kobaxidze də ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsinin hesabatına münasibət bildirib. Həmin hesabatda Avropa Komissiyasının Avropa İttifaqına üzv ölkələrin seçkilərinə mütəmadi müdaxilə etdiyi qeyd olunur. Tezadlar.az Gürcüstan mediasına istinadla  xəbər verir ki, baş nazirin sözlərinə görə, Amerika sənədlərində əks olunan faktlar Gürcüstan nümunəsində artıq praktiki olaraq müşahidə edilib. Baş nazir deyib ki, Gürcüstanda Avropa İttifaqı tərəfindən birbaşa müdaxilə halları açıq şəkildə görünürdü. Kobaxidze bildirib ki, ən bariz nümunə Avropa İttifaqının Gürcüstandakı səfirinin birbaşa çıxış edərək Gürcü xalqını mövcud hakimiyyətə qarşı müxalifəti dəstəkləməyə çağırması olub. Onun sözlərinə görə, bundan daha kobud və açıq müdaxiləni təsəvvür etmək çətindir.

Baş nazir əlavə edib ki, Gürcüstanda konstitusion quruluşa qarşı yönəlmiş koordinasiyalı mexanizm mövcud idi və Avropa İttifaqının konkret nümayəndələri açıq şəkildə hakimiyyətin devrilməsi cəhdinə dəstək veriblər. Kobaxidzenin sözlərinə görə, belə proseslərdə iştirak edən Gürcüstan vətəndaşları qanun qarşısında məsuliyyət daşımalıdır. İrakli Kobaxidze vurğulayıb ki, Amerika sənədləri Gürcüstanın bir neçə ildir dilə gətirdiyi problemləri bir daha üzə çıxarıb. O bildirib ki, Gürcüstan Avropa İttifaqında mövcud olan demokratik geriləmə və insan hüquqları ilə bağlı problemlər haqqında açıq danışan nadir ölkələrdən biri olub.

Baş nazir, həmçinin 2025-ci il 4 oktyabr hadisələrinə də toxunub. Onun sözlərinə görə, Avropa İttifaqı nümayəndələrinin həmin hadisələrlə bağlı indiyədək heç bir şərh verməməsi Avropa bürokratiyasının əsl niyyətini bir daha nümayiş etdirir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!