HƏMAS Qəzzanın Deyr əl-Bəlah şəhərində güclü yağışlardan sonra məcburi köçkün fələstinlilərə məxsus çadırların üzərinə qum və qaya kütləsinin çökməsi nəticəsində beş nəfərin ölümünə görə İsrail qüvvələrinin tamamilə məsuliyyət daşıdığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, HƏMAS yazılı açıqlamasında qadın və uşaqlar da daxil olmaqla beş fələstinlinin həyatına son qoyan hadisənin “İsrail qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi cinayətkar siyasətin birbaşa nəticəsi” olduğunu vurğulayıb.
Açıqlamada əlavə edilib ki, İsrailin davam edən blokadası, humanitar yardımın, çadırların və sığınacaq materiallarının girişinə mane olması və dağıdılmış evlərin təmiri üçün lazım olan materialların keçidinə mane olmaq səyləri bu cür faciələrə səbəb olur. Açıqlamada həyatını itirənlərin ailələrinə başsağlığı verildi və itkin düşmüş şəxslərin axtarış işlərinin davam etdiyi qeyd edilib.
Açıqlamada İsrailin 2 milyondan çox fələstinlini zorla didərgin saldığı, onları Qəzza zolağının üçdə birindən az olan izdihamlı, təhlükəsiz olmayan ərazilərə sığışdırdığı və bu vəziyyətin davam etməsinin, əlverişsiz hava şəraiti ilə birlikdə oxşar fəlakətlərin təkrarlanmasına səbəb olacağı barədə xəbərdarlıq edilib.
Açıqlamada hücumların tamamilə dayandırılması, blokadanın qaldırılması və çadırların və tikinti materiallarının daxil olmasına icazə verilməsi üçün təcili müdaxilə tələb olunub.
Bundan əlavə, beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı (BMT) fələstinlilərin qorunması və humanitar yardımın maneəsiz çatdırılması ilə bağlı hüquqi və mənəvi məsuliyyətlərini yerinə yetirməyə çağırılıb.
Çadırların üzərinə qum və qaya kütlələri çökdü
Qəzzadakı Mülki Müdafiə Təşkilatının açıqlamasında dünən İsrail ordusu tərəfindən Deyr əl-Bəlahda didərgin salınmış mülki şəxslərin yerləşdiyi çadırların üzərinə qum və qaya kütlələrinin çökməsi nəticəsində iki qadın və üç uşağın öldüyü, digərlərinin isə yaralandığı və axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilir.
Cümə axşamından bəri Qəzza zolağında güclü yağış və fırtınalar müvəqqəti çadırlarda yaşayan didərgin salınmış fələstinlilərin vəziyyətini daha da ağırlaşdırıb.
Qəzza Hökumətinin Media Ofisi əlverişsiz hava şəraitinin ilk 12 saatında didərgin salınmış insanlara məxsus 70.000 çadırın su altında qaldığını və İsrail bombardmanları nəticəsində zədələnmiş onlarla divarın uçduğunu və ciddi xəsarətlərə səbəb olduğunu açıqlayıb.
Mülki Müdafiə Agentliyi həmçinin bəzi düşərgələrdə suyun səviyyəsinin 1,5 metrə qalxdığını bildirib.
ELBAR







