Əsas məzmuna keç

“Heç kim Azərbaycanla Türkiyənin arasına girə bilməz”

“Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər heç vaxt bu məqsədlərinə çata bilməyəcəklər”. Tezadlar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib. Ərdoğan deyib: “Hamı bilir ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif imtahanlarından keçərək bugünkü səviyyəsinə çatıb. Bir millət, iki dövlət cümləsi ilə izah etdiyimiz bu könül birliyi sabahlarımıza işıq tutan sönməz məşəldir. Qardaşlığımız ortaq bir dilin, tarixin və mədəniyyətin önündədir. Bakının sevinci Ankaranın sevincidir. Şuşanın qürurunu bütün millətin qüruru bilirik. Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı Qələbə bütün Türk dünyasında sevinc doğurmaqda davam edir və tarixi ədalətin bərpasının göstəricisidir. 2021-ci il iyununda Şuşa Bəyannaməsində təsbit olunan Ankara ilə Bakı arasındakı qardaşlığı zəiflətməyə çalışanlar heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər. TDT-nin bugünkü vəziyyəti ortaq iradə və səylərimizin ən bariz nümunəsidir. Bunun üçün var gücümüzlə çalışırıq. Türk dünyasının birliyi üçün addım atılır. Bu səbəbdən Azərbaycana təşəkkür edirik”.

İlham Əliyev isə öz növbəsində deyib: “Bizim birliyimiz sarsılmazdır. Bunu sarsıltmaq istəyənlər də öz arzularına heç vaxt çatmayacaqlar. Onların arzuları onların gözlərində qalacaq. Biz bu sərvəti qoruyuruq. İki xalq, iki lider heç kimə imkan vermərik ki, bizim aramıza girsin. Bu gün Türkiyə dövləti əziz qardaşım Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib. Nəinki bölgədə gedən proseslərə, eyni zamanda dünya əhəmiyyətli məsələlərdə də söz sahibidir. Türkiyənin güclü iqtisadiyyatı, hərbi sənayesi və potensialı, siyasi çəkisi bu gün reallıqdır. Bu bizi çox sevindirir və bizi də gücləndirir”. Əliyev vurğulayıb ki, Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçib: “Bu gün bu yolla irəliləyirik. Türkiyə Azərbaycan birliyi önəmli amildir və faktordur. Sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur. Əziz qardaşım Ərdoğanın çətin qrafikinə baxmayaraq, Qarabağda olması dünyaya bir daha birliyimizi göstərdi. Bu birlik əbədidir. Biz keçmişdə də, müharibədə, indi və gələcəkdə də bir olacağıq”.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…