Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Binəqədi rayon Polis İdarəsinin Binəqədi Dövlət Yol Polisi Şöbəsinin inspektorunun vətəndaş Tahir Əliyevə yazdığı əsassız inzibati xəta protokolu məhkəmə qərarı ilə. Üç dəfə ləğv olunsa da, qanuni tədbir görülərək protokol ləğv edilmir… Bəs belə olan halda vətəndaş nə etməlidir? Daxili işləe naziri cənab Vilayət Eyvazova şikayət etsin? Bəlkə ölkə Prezidentinə yazsın?!
Amma Tahir Əliyev hələki inspektorun dirənişini nəzərə almadan “Təzadlar” qəzetinə üz tutmağa qərar verib. O, maddi sübutları, xüsusən də adı çəkilən məhkəmə qərarlarını bizə təqdim etdi. Araşdırdıq və məsələni çox da şişirtmədən gəldiyimiz nəticəni təqdim edirik…
XXX
Beləliklə, Binəqədi DYPŞ-nin inspektoru, baş leytenant Fərid Rzayev qəza baş verən yerin video görüntüsünü gizlədib, qanunsuz və əsassız protokol tərtib etməklə, sığorta şirkətinə zərərçəkənin adından sığortadan imtina etməsi haqqında (imzası olmadan) sübutsuz arayış yazmışdır.
Bir daha qeyd edirik ki, redaksiyamıza Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon H.Babaşov küçəsi, ev-5 mənzil-67-də yaşayan Əliyev Tahir İmran oğlu tərəfindən şikayət məktubu daxil olub. Şikayət məktubunun mahiyyəti ondan ibarətdir ki, Tahir Əliyev 16 iyun 2025-ci il tarixdə saat 08:45 radələrində idarə etdiyi “Hundai” markalı 90 VB 646 dövlət qeydiyyat nişanlı avtomobili ilə Binəqədi şosesində Bakı şəhərinin mərkəzi istiqamətinə, sıx yol şəraitində hərəkət edərkən, arxadan onunla eyni istiqamətdə gələn “KİA” markalı 99 UV 874 dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfdən onu ötməyə cəhd etmiş və bu zaman onun avtomobilini sağ tərəfdən vurmuşdur. Nəticədə T.Əliyevin maşını yolun sol tərəfindəki məhəccərə sıxılmış vəziyyətdə dayanmalı olmuşdur. Qəzanı törədən sürücü isə avtomobildən düşərək, yüksək səslə onun üzərinə gəlmişdir. T.Əliyev həmin şəxsin sərxoş vəziyyətdə olmasından şübhələndiyi üçün ona heç bir cavab verməmişdir. Amma o, dərhal Daxili İşlər Nazirliyinin “102 qaynar” xəttinə zəng etmişdir.

T.Əliyev daha sonra müraciətində bildirir ki, onun DİN-nin “102 qaynar” xəttinə zəngindən sonra hadisə yerinə yol polisi əməkdaşları gəliblər. Bunu görən qəza törədən sürücü telefonla kiməsə zəng edib məlumat verdikdən sonra, hadisə yerinə başqa bir polis əməkdaşı gəlmişdir. O da gələn kimi qəza törədən şəxslə öpüşüb, görüşmüş və hadisəni araşdıran yol polisi xidməti əməkdaşlarını oradan uzaqlaşdırmış və məsələ ilə özünün məşğul olacağını bildirmişdir. Sonradan məlum olmuşdur ki, adı Fərid Rzayev olan həmin polis əməkdaşı qəzanı törədən sürücünün yox, T.Əliyevin sənədlərini alaraq T.Əliyevə növbəti gün DYP-nin Binəqədi Rayon Şöbəsinə gəlməsini bildirmişdir.
T. Əliyev bu zaman F.Rzayevə etirazını bildirir ki, niyə təkcə onun sənədlərini tələb edir, bəs qəza törədən şəxsin sənədlərini niyə götürmür? Yaxud, niyə qəza törədən şəxsin alkoqol testindən keçirilməsini təmin etmir? Bəs niyə yalnız onun şöbəyə gəlməsin tələb edir? Bütün bu suallara baş leytenant F.Rzayev heç bir cavab vermədən, hadisə yerinin sxemini hazırlamadan, qəza yerinə heç bir baxış keçirmədən ərazidən çıxıb gedir.
Tahir Əliyev onu da qeyd edir ki, Binəqədi Dövlət Yol Polisi Şöbəsinə (DYPŞ) dəfələrlə getməsinə baxmayaraq, Fərdi dlı polisi yerində tapa bilmir ki, maşının sənədlərini götürsün. Hər dəfə deyirlər indi gələr, bu saat gələr və bizimlə söhbətində də Tahir Əliyevin bildirdiyinə görə, bu şəxs tutduğu vəzifəsinə bu cür məsuliyyətsiz yanaşır və çox vaxt da işdə tapılmır.
Beləliklə, uzun get–gəllərdən sonra Tahir Əliyev polis baş leytenantı, Binəqədi rayon DYPŞ –nin nisbi şöbəsinin inspektoru Fərid Rzayev Fəxrəddin oğlunu nəhayət, iş yerində tapa bilir. Sənədlərini ondan alır və iradlarını bir daha bildirir ki, niyə hadisə yeri araşdırılmır, hadisənin kamera görüntülərinə baxılmır və s. Yenə də F.Rzayev suallara cavab vermir.
Sonradan məlum olur ki,T.Əliyevin xəbəri olmadan, F.Rzayevin tərtib etdiyi qanunsuz və əsassız protokola görə, ona iki gündən sonra 40 manat cərimə olunması barədə mesaj gəlir. Sən demə, qəzanı törədən elə Tahir Əliyevin özüdür. Amma çox təəssüf ki, F.Rzayev burada hadisəni olduğu kimi əks etdirən kamera görüntülərini izləmək belə istəməyib. Bununla da baş leytenant F.Rzayev T.Əliyevi sığorta pulundan da məhrum edib. Çünki F. Rzayev qəzanı törədən “KİA” markalı 99 UV 874 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Musyev Asif Vasif oğlu ilə dost, qardaşdırlar. Bu səbəbdən də elə ilk gündən F.Rzayev hadisəni ört-basdır etmək yolunu tutub və nəticədə T.Əliyevi günahkar çıxardaraq, onun cərimələnməsinə nail olub.
Araşdırmalarımızla o da bəlli oldu ki, F.Rzayevin qanunsuz əməlləri bununla kifayətlənmir. O, T.Əliyevə çatası sığorta pulunun qəza törədən dostuna verilməsi üçün T.Əliyevin adından sığorta şirkətinə qəzanı özünün törətdiyini bildirən saxta arayış yazıb. Amma çoxbilmişlik edərək, imza etməyib. Sığorta şirkəti də imzasız sənədi qəbul edib. Bu imzasız və saxta arayış əsasında sığorta şirkəti qəza törədən Vasif Musayevə 150 manat pul ödəyib. Belə yerdə deyiblər, “nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı”.
İşi belə görən T.Əliyev müxtəlif dövlət orqanlarına, o cümlədən Daxili İşlər Nazirliyinə şikayət məktubu yazır. Nazirliyə yazdığı məktuba Binəqədi RPİ-dən cavab gəlir. Binəqədi RPİ-nin 03.11.2025- ci il tarixli cavab məktubunda oxuyuruq: ”Bildiririk ki, eyni məzmunli ilkin müraciətinizə Binəqədi RPİ-nin DYPŞ-də baxılmış və nəticəsi barədə sizə cavab məktubu göndərilmişdir. Məyyən edilmişdir ki, 16.06. 2025-ci il tarixdə Binəqədi şossesində “Hyundai” markalı Az 90 VB 646 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkatı qaydasını pozub “KİA” markalı Az 99 UV 874 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, yol nəqliyat hadisəsi törətdiyinizə görə, Binəqədi RPİ-nin DYPŞ-də barənizdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Törətdiyiniz inzibati xətanın aşkar olunması və sənədləşdirilməsində hüquqa zidd hərəkətlərə yol verilməsi müəyyən edilməmişdir”.
Məktubu Binəqədi RPİ-nin rəisi, hörmətli İlqar Məmmədov imzalayıb.
Atalar belə yerdə yaxşı deyib: “Adımı sənə qoyum, səni də yana-yana qoyum”. Zərərçəkəni günahkar çıxarmaq heç ədalətlidirmi? Mənə burada maraqlı gələn odur ki, hər hansı bir əməkdaş, istənilən yerdə, o cümlədən polis idarəsində də, iş prosesi zamanı da səhv edə bilər. Amma rəhbərş əxs, xüsusilə Binəqədi RPİ-nin rəisi olan İlqar Məmmədov heç olmasa, öz əməkdaşının əməllərini araşdırmağa borclu idi. Ətraflı araşdırma aparıb bilməli idi ki, hadisə necə baş verib? Axı tapşırıq Daxili İşlər Nazirliyindən gəlmişdi… Rəis özü kamera görüntülərinə baxılmalı idi. Mən bu sahədə mütəxəssis deyiləm, amma mütəxəssislərdən soruşub eşidib öyrənmişəm ki, hadisə yerinin sxemi çəkilməliydi. Hadisə zamanı, hətta maşında yaranmış cızıqların yeri müəyyən ekspert tərəfindən qeydə alınmalı idi. O da araşdırılmalı idi ki, maşına sağ tərəfdən necə olub zərbə dəyib axı? Ötmə qaydası, mənim bildiyimə görə, sol tərəfdən olmalıdır. Əgər ötmə qaydası belədirsə, Vasif Musayev niyə T.Əliyevin maşınının sağ tərəfindən keçib? Buna hansı zərurət yaranmışdı? Niyə T.Əliyevin maşını sol tərəfdəki məhəccərə sıxılıb? Amma hörmətli rəis bütün bunları araşdırmaq əvəzinə, öz əməkdaşı olan polis baş leytenantı F.Rzayevi müdafiə yolunu tutaraq, onun yol verdiyi qanunsuzluqlara hüquqi cəhətdən haqq qazandırır. Biz buna, ancaq təəssüf edə bilərik.

Daxili İşlər Nazirliyinə müraciətinin əsasında Binəqədi RPİ- də bu cür araşdırılmasına təəssüflənən T.Əliyev Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edir. Baş prokurorluğun 01.09. 2025-ci il tarixli Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəis müavini Zamir Paşayevin imzasıyla gələn cavab məktubundan sitat: Müəyyən edilmişdir ki,16.06.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu Binəqədi şosesində idarə etdiyiniz “Hyundai” markalı 90 VB 646 dövlət qeydiyyat nişanlı avtomobillə Musayev Vasif Asif oğlunun idarə etdiyi “KİA” markalı 99 UV8 74 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi üzrə Binəqədi RPİ-nin DYPŞ-də aparılmış araşdırma nəticəsində yol hərəkatı haqqında Azərbaycan Respublikası qanunun 42-ci maddəsinin tələbinə zidd olaraq, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğunuz aşkarlandığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə barənizdə 18.06.2025-ci il tarixdə İXP 7209467 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul olunmuş TP 7320249 nömrəli inzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğində inzibati cərimə olunmusunuz. Araşdırma zamanı barənizdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir”.
İndi sual olunur: Baş prokurorluğun Cinayət Təqibindən Kənar İcraatlar İdarəsinin rəis müavini, hörmətli Zamir Paşayev, necə araşdırma aparmısınız ki, kamera görüntülərinə baxılmadan, qəza yerinin sxemi götürülmədən, sürücülərin ikisi də dindirilmədən qeyd edirsiniz ki, “qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir”. Əlbəttə, buna, hüquqi dildə yarımçıq araşdırma və tərəf saxlamaq deyilir.

Bu dəfə isə şikayətçi T. Əliyev dövlət qurumlarına müraciətinin heç bir nəticə vermədiyini görüb, nəhayət, məhkəməyə üz tutur. Binəqədi Rayon Məhkəməsinin 08.10. 2025-ci il tarixdə, hakim Nəsibov Samir Nadir oğlunun sədrliylə keçirilən iclasında hakim də Binəqədi DYP-nin, yəni konkret desək, Binəqədi rayon DYPŞ-nin nəqliyyat hadisələri üzrə inspektoru, polis baş letenanti Rzayev Fərid Fəxrəddin oğlunun yazdığı qanunsuz protokola qanunu don geyindirir. Məhkəmə iclasının sonunda hakim belə qərar qəbul edir: ”Əliyev Tahir İmran oğlunun barəsində qəbul edilmiş 18 iyun 2025-ci il tarixli TP 7320249 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan şikayət təmin edilməsin”.
Bu qərardan görünür ki, hakim Samir Nəsibov qanunsuz protokol tərtib etmiş polis baş leytenantı F. Rzayevin maraqlarını təmin edir. Ona görə də T. Əliyev öz haqqını qorumaq üçün haqsız qərardan apellyasiya şikayəti verir.
Bakı Apellyasiya Məhkəməsinin 03.11.2025-ci il tarixdə Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi ilə keçən iclasında, nəhayət, haqq öz yerini tapır. Əlbəttə, Emin Əliyev kimi obyektiv, haqqı nahaqqa verməyən, hakim mantiyasına hörmət gətirən hakimlərimiz yetərincədir. Çox təəssüf ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Samir Nəsibovun məlum başdansovdu qərarı, ancaq qanqaraldan olur… Və hörmətli və ədalətli hakim Emin Əliyev çox düzgün məhkəmə araşdırması apararaq, sonda belə qərar qəbul edir: ”Şikayət qisman təmin edilsin. Əliyev Tahir İmran oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə ilə tənbeh edilməsi barədə Bakı şəhəri Binəqədi DYPŞ-nin polis leytenantı Rzayev Fərid Fəxrəddin oğlu tərəfindən qəbul edilmiş 18.06. 2025-ci il tarixli TP 7320249 saylı inzibati tənbeh vermə haqqında verdiyi şikayətə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.10.2025-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraat materialları Əliyev Tahir İmran oğlunun şikayətinin dəlillərinə münasibətdə hərtərəfli, tam obyektiv araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılsın”.
Bu qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Samir Nəsibov doğrudan da saxtakarlıq edib. Bakı Apellyasiya Məhkəməsinin hakimi, işə çox ədalətli yanaşan Emin Əliyev öz qərarı ilə sübut edir ki, Tahir Əliyevin heç bir günahı yoxdur.
XXX
Belə yerdə deyiblər, sən saydığını say…, gör Fərid Rzayev nə sayır? Bəli, apellyasiya məhkəməsi işi yenidən təkrar istintaq üçün Binəqədi rayon Məhkəməsinə göndərir. Burada Fərid Rzayev və onun arxasında duran Binəqədi RPİ–nin rəisi İlqar Məmmədov çox çabalar göstərsə də, Binəqədi Rayon Məhkəməsinin hakimi hörmətli İbrahimova Aytəkin Nazim qızı hakim şərəfini və nüfuzunu qoruyaraq, çox ədalətli bir qərar qəbul edir. 15.12. 2025-ci il tarixdə keçirilmiş məhkəmənin qərarında oxuyuruq: ”Əliyev Tahir İmran oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Əliyev Tahir İmran oğlu barəsində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş 18.06.2025-ci il tarixli TP 7320249 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin”.
İndi burada mən bir az əvvələ qayıtmaq istəyirəm. Yəni, Binəqədi Rayon Məhkəməsinin birinci iclasının materialından sitat gətirməklə bəzi qaranlıq məqamları yenidən yada salaq. Deməli, ədaləti yox, şəxsi maraqları üstün tutan hakim Samir Nəsibovun araşdırmasına daxil edilən Binəqədi RPİ DYPŞ-inin inspektoru polis kapitanı Elnur Səfərov tərəfindən tərtib edilmiş 08.08. 2025-ci il tarixli arayışdan sitat: ”Polis baş leytenantı Fərid Rzayev tərəfindən araşdırma aparılan hadisənin baş vermə səbəb və şəraiti müəyyən olumuş, hadisə yerinin sxemi tərtib edilmiş və həmin sxemi sürücülər imzalayaraq, təsdiq etmişlər”.
Belə yerdə nə deyəsən?! Hanı o imzalı sənəd, hardadır o sxem???
Bu hələ harasıdır, sitatı davam etdirək: ”Qeyd olunan hadisənin baş verməsinə səbəb olan yol hərəkatı qaydasını pozduğuna görə, Tahir Əliyevin barəsində törətdiyi inzibati xətaya uyğun İXM 327.1 maddəsilə İXP 7209467 nömrəli əsaslı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Aparılan araşdırma zamanı DYP əməkdaşları tərəfindən hər hansı qanunsuz hərəkətlərə yol verilməsi hallarının təsdiqini tapmaması, vətəndaş Tahir Əliyevin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsinin qeydiyyata alınaraq, müvafiq qaydada sənədləşdirilməsi… müəyyən edilmişdir”.
Burada isə daha başqa sözümüz yoxdur… Və təkcə son iki məhkəmə qərarının Tahir Əliyevin xeyrinə olması F. Rzayevi, həmçinin saxtakarlığı görmək istəməyən polis kapitanı Elnur Səfərovu, eləcə də Binəqədi RPİ-nin rəisi cənab İlqar Məmmədovu bərk narahat etdiyindən, bu dəfı polis idarəsi adından yenidən apellyasiya şikayəti verilir. Təsəvvür edin ki, o boyda RPİ, DYPŞ rəsmiləri haqlı olan sadə bir vətəndaş T.Əliyevin əlində əsir-yesir qalıblar. Belə yerdə deyiblər ki, “bir dəli quyuya daş atdı, qırx ağıllı onu çıxara bilmədi”. Axı bu F. Rzayevin qanunsuzluğunu və dövlətin qanununu tanışlığa qurban verdiyini hörmətli DYPŞ-nin rəsmisi, kapitan Elnur Səfərov gözəl bilirdi. Məgər F. Rzayevi qanuna dəvət etmək, daşıdığı paqona hörmət göstərməyi başa salmaq, elə böyük bir problem idi? Axı bu təkəbbür, inadkarlıq nəyə lazım idi? Nəticədə həmin F.Rzayevin özbaşınalığının sayəsində nəinki Binəqədi RPİ və Binəqədi DYPŞ, hətta bütovlükdə Daxili İşlər Nazirliyinin nüfuzuna ciddi ziyan dəyir.

(Şəkildə: şikayətçi T.Əliyev)
Uduzduqları son iki məhkəmə qərarı isə, əsas verirdi ki, rəis hörmətli İlqar Məmmədov işçisinə bir yüngül də olsa, cəza versin. Həmçinin, xəbərdarlıq etməli idi ki, bir də idarənin adını belə məhkəmə qərarları ilə biabır etməsin. Amma belə olmadı və sadə vətəndaş olan Tahir Əliyevə uduzmaqlarını özlərinə sığışdıra bilmirdilər. Düşünmək istəmədilər ki, axı hər insan səhv edə bilər, o cümlədən F. Rzayev də çox ciddi bir səhvə yol vermişdi. Bu səhvi düzəltmək isə məhkəmələrin yox, F.Rzayevin rəhbərliyinin birbaşa borcu idi. Amma əksinə, Binəqədi RPİ-nin rəisi hörmətli cənab İlqar Məmmədov işçisinin yol verdiyi qanunsuzluğuna göz yumaraq, yenidən, bu dəfə isə, şəxsən öz adından sonuncu məhkəmə qərarından rəsmi şikayəti verir. Bakı Apellyasiya Məhkəməsinin 19.01.2026-cı il tarixdə, çox hörmətli və ədalətli hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi ilə keçirilən iclasında Tahir Əliyevin dəvəti ilə, jurnalist kimi, mən də iştirak etdim. Məlumat üçün deyim ki, mən çoxsaylı belə məhkəmə iclaslarında iştirak etmişəm, amma inanın ki, polis rəisi İlqar Məmmədov, baş leytenant Fərid Rzayev və onların hüquqlarını qoruyan, Bakıdakı 18 saylı Vəkil Bürosunun vəkili Ağalarov Mirdamət Hadı oğlu kimi belə çətin vəziyyətə düşənləri görməmişdim.
Mən sonradan T.Əliyevin təqdim etdiyi sənədlərlə tanış olandan sonra da görürəm ki, vəkil Mirdamət Ağalarov hüquqi əsaslara və mötəbər sübutlara istinad etməli olduğu halda, özü qanunsuzluğa yol verib. Belə ki, Binəqədi RPİ-nin rəsi İ. Məmmədovun 08.07.2025-il də tarixdə verdiyi etibarnamənin müddəti 31 dekabr 2025-ci ildə başa çatıb. 19.01. 2026-cı ildə Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında, vəkil Mirdamət Ağalarov hörmətli hakim Mehriban xanım Qarayevanı, bununla yanaşı ədalət məhkəməsini aldadaraq, müddəti bitmiş etibarnamə ilə prosesə çıxmışdır. Hakim Mehriban xanımın “etibarnamən varmı”- sualına vəkil Mirdamə Ağalarov cavab verdi ki, “bəli var”. Bununla da, M. Ağalarov açıq–aşkar saxtakarlıq edirdi. Amma vəkil ilahi ədaləti aldada bilmədi. Ona görə də ədalət mücəssəməsi olan hörmətli hakim Mehriban Qarayeva vəkilin və məhkəmədə iştirak edən bütün bu bəlaların səbəbkarı F.Rzayevin əsassız arqumentlərini alt -üst edərək, çox obyektiv bir qərar çıxartdı. Qərardan sitat: ”Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.12.2025 -ci il tarixli 3(001)-6701/ 2025 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz”.
XXX
Bildiyimiz kimi, daxili işlər naziri hörmətli cənab Vilayət Eyvazov polisin adının, nüfuzunun qaldırılması üçün islahatlar aparır və böyük işlər görür. Respublikanın bütün rayonlarını gəzərək, yerlərdə vətəndaşları qəbul edir, onların problemlərinə yerindəcə yardımçı olur və bununla da polisə böyük hörmət, nüfuz qazandırır. Fərid Rzayev, Binəqədi RPİ-nin rəisi cənab İlqar Məmmədov, polis kapitanı Elnur Səfərov isə hörmətli nazirin bu əməyini yerə vururlar. Axı, 3 məhkəmə qərarı da bir daha sübut etdi ki, haqq nazildi, amma üzülmədi… Və bu məhkəmə qərarları, əslində, həm də nazir Vilayət Eyvazovun polis orqanlarında apardığı islahatların nə qədər ciddi və dönməz olduğuna hesablanmışdır…
Hazırladı: Elçin MƏMMƏDLİ