Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İşçi haqsızlıq və özbaşınalıqdan şikayət edir…
Redaksiyamıza daxil olan müraciət “İdeal Motors” MMC-də baş verən əmək mübahisəsini gündəmə gətirib. Məsələ ilə bağlı tərəflərin mövqeyini araşdırmağa çalışdıq. Söhbət bir gənc işçinin, 18 yaşlı usta köməkçisi Rəhim Əlilinin məcburi şəkildə işdən çıxarılması, əməkhaqqının mənimsənilməsi və mümkün vergi pozuntuları ilə bağlı səsləndirdiyi ciddi iddialardan gedir. Məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq, əvvəlcə şirkət haqqında qısa arayışı təqdim edirik.

Şirkət haqqında arayış: “İdeal Motors” MMC 28 noyabr 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb və rəsmi hüquqi şəxs kimi fəaliyyət göstərir. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 88 D, məhəllə 3166-da yerləşir. Şirkətin qanuni təmsilçisi və rəhbəri Abbasov Zaur Vidadi oğludur.
***
…Açıq mənbələrdə yer alan məlumatlara görə, “İdeal Motors” MMC avtomobil satışı və servis xidməti sahəsində fəaliyyət göstərir. Şirkətin adı daha əvvəl mediada müştəriyə qüsurlu avtomobil satılması ilə bağlı yayılan xəbərlərdə də hallanıb. Həmin məlumatlar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən ictimaiyyətə təqdim olunub. Bu fakt şirkətin fəaliyyətinin müəyyən dövrlərində yol verdiyi nöqsanlara görə müzakirə mövzusu olduğunu göstərir. Eyni zamanda məlumdur ki, “İdeal Motors” MMC Azərbaycanda “Chevrolet”, “Baic” və “Jak” markalı avtomobillərin satışını həyata keçirən “Performance Center Co” şirkəti ilə eyni hüquqi ünvanda fəaliyyət göstərir. Bu məqam şirkətin avtomobil sektorunda daha geniş kommersiya strukturu daxilində fəaliyyət göstərdiyini sübut edən detallardan biridir. Şirkət, həmçinin müxtəlif dövlət qurumlarının avtomobil alışı ilə bağlı keçirdiyi tenderlərdə iştirak edib və bir sıra hallarda qalib elan olunub. Dövlət satınalmalarında iştirak faktı “İdeal Motors” MMC-nin rəsmi iqtisadi subyekt kimi dövlət sifarişləri bazarında da yer aldığını göstərir.

Beləliklə, 2018-ci ildən fəaliyyət göstərən şirkət avtomobil satışı və servis bazarında mövcudluğa malik olmaqla yanaşı, zaman-zaman ictimai və media diqqətində olan kommersiya qurumu kimi də tanınır.
İndi isə keçək əsas məsələyə. Redaksiyamıza müraciət edən Əlili Rəhim Atəş oğlu bildirdi ki, əmək müqaviləsinin bitməsinə iki ay qalmış ona məcburi şəkildə ərizə yazdırılıb və guya öz istəyi ilə işdən çıxdığına dair imza atmağa məcbur edilib. Şikayətçi Rəhim Əlilinin sözlərinə görə, proses onun razılığı olmadan və təzyiq altında baş verib. O iddia edir ki, rəhbərlik tərəfindən psixoloji təsir göstərilib, üzərinə qışqırıblar və nalayiq ifadələr işlədilib. Rəhim bildirir ki, işini davam etdirmək istədiyini açıq şəkildə bəyan etsə də, ondan ərizəyə imza atması tələb olunub.

Rəhim Əlili hadisənin detallarını belə təsvir edir: “Mən bildirdim ki, işdən çıxmaq istəmirəm. Lakin o, qışqıraraq, hətta təhqir edərək “tez imza at” dedi və məni məcbur şəkildə ərizəyə qol çəkməyə vadar etdi”.
Şikayətçinin iddiasına əsasən, ərizəni məcburi şəkildə imzaladan şəxs Vüqar Məmmədov adlı biridir. Onun sözlərinə görə, həmin şəxs servisdə “ustaların müdiri” kimi tanınır və faktiki olaraq bir çox proseslərə nəzarət edir.
Eyni zamanda iddia olunur ki, Vüqarın rəsmi olaraq işçini işdən azad etmək səlahiyyəti yoxdur. Şikayətçi bildirir ki, Vüqar Məmmədov adlı şəxs servisdə hegemonluq edir, işçilərlə kobud davranır, təhqir və təhdid yolu ilə təzyiq göstərir. Onun sözlərinə görə, bu şəxs faktiki olaraq kadr məsələlərinə də müdaxilə edir və ya ona verilmiş tapşırıqları yerinə yetirir. “Yenə də qeyd edirəm ki, o, servisdə ustaların müdiridir. Bir sözlə, həmin şəxs orada at oynatmaqla məşğuldur. Abbasov Zaura məxsus olan bu şirkətdə istədiyini işə götürür, istədiyini işdən çıxarır”, – deyə şikayətçi vurğulayır.
Rəhim Əlili bildirir ki, yaşca özündən böyük şəxsə hörmətsizlik etməmək və vəziyyəti daha da gərginləşdirməmək üçün ərizəni imzalamağa məcbur qaldım. Onun sözlərinə görə, sənədi “kadrlar” şöbəsinə təqdim etmək adı ilə götürərək ərazini tərk edib və birbaşa redaksiyamıza müraciət edib.
Məsələ ilə bağlı redaksiya olaraq “Media haqqında” qanunun tələblərinə uyğun şəkildə qarşı tərəfin mövqeyini öyrənməyi zəruri hesab etdik. Balans və obyektivlik prinsipinə riayət edərək, ilk növbədə şirkətin kadrlar şöbəsinin əlaqə nömrəsini əldə etdik və kadrların rəisi Gülər xanımla əlaqə saxladıq. Söhbət zamanı məsələnin detalları barədə qarşı tərəfi məlumatlandırdıq. Bildirdik ki, şikayətçi artıq 5 aydır həmin servisdə çalışır. Bu müddət ərzində özünü intizamlı və nümunəvi işçi kimi göstərib. Onun sözlərinə görə, birbaşa ustası da indiyədək ondan narazılıq etməyib, əksinə, işindən razı qaldığını bildirib.

Vurğuladıq ki, əmək müqaviləsinin bitməsinə iki ay qalmış bir gənc işçinin bu şəkildə, üstəlik təzyiq iddiaları fonunda ərizə yazmağa məcbur edilməsi ciddi suallar doğurur. Şikayətçinin bildirdiyinə görə, məhz V.Məmmədov adlı şəxs tərəfindən ona təzyiq göstərilib və ərizəyə imza atmağa vadar edilib.
Qeyd etdik ki, əgər işçi ilə bağlı hər hansı narazılıq və ya rəsmi prosedur mövcuddursa, bu, qanunvericiliyə uyğun şəkildə həyata keçirilməlidir. Əks halda, müqavilə müddəti davam etdiyi halda işçinin məcburi şəkildə ərizə yazmağa vadar edilməsi hüquqi baxımdan mübahisəli məsələ kimi qiymətləndirilə bilər. Bununla yanaşı, şikayətçi daha bir ciddi iddia da səsləndirir. Onun sözlərinə görə, şirkətdə əməkhaqqının rəsmiləşdirilməsi ilə bağlı suallar doğuran hallar mövcuddur. Bildirilir ki, vergi öhdəliklərini azaltmaq məqsədilə gəncin adına rəsmi olaraq 200 manat əməkhaqqı rəsmiləşdirilir. Lakin həmin məbləğ faktiki olaraq onun özünə verilmir. Şikayətçinin iddiasına əsasən, əməkhaqqı kartı onun əlində olmur və karta köçürülən 200 manat vəsait isə sonradan usta alır. Kart da elə ustanın özündə olur.

Məsələnin mahiyyəti göstərir ki, burada açıq şəkildə işçi istismarı əlamətləri müşahidə olunur. İşçiyə bildirilir ki, o, ora yalnız öyrənmək üçün gəlir və “öyrənmə” dövründə ona ödəniş düşmür. Amma rəsmi şəkildə yazılan əməkhaqqını qeyd etdiyimiz kimi usta alır… Hətta söhbət əsnasında biz kadrlar şöbəsinin rəisi Gülər xanımla telefon danışığımızda onu da bildirdik ki, uşaq razıdır ki, adına yazılan və karta köçürülən məbləğ ona verilməsin, sadəcə işə gəlib əvvəlki qaydada ustasının yanında işləsin və öyrənsin. Biz də dönə-dönə xahiş etdik ki, məsələ rəhbərliyə çatdırılsın, bu usta köməkçisi kimi çalışan Rəhim yenidən işinə bərpa olunsun və əvvəlki qaydada işləməyinə davam etsin. Biz əlavə olaraq soruşduq ki, Rəhimi ərizə yazmağa məcbur edən, işdən çıxarmağa təşəbbüs göstərən V.Məmmədov kimdir və onun belə bir səlahiyyəti varmı? Gülər xanım cavabında bildirdi ki, Vüqarın işdən çıxarma səlahiyyəti yoxdur, o sadəcə təklif verə bilər. Həmçinin qeyd etdi ki, narahat olmağa əsas yoxdur, məsələni araşdırıb bizə əlavə məlumat verəcək. Gülər xanım iş gününün sonunda bizimlə əlaqə saxlayaraq bildirdi ki, problem anlaşılmazlıqdan qaynaqlanıb və işçi sabahdan işinə qayıda bilər. Hətta məsələni şirkətin müdir müavini ilə də müzakirə etdiyin qeyd edən Gülər xanım, Rəhim Əlili ilə bağlı heç bir problemin olmadığını da diqqətə çatdırdı.
Biz də öz növbəmizdə məsələni belə operativ şəkildə həll etdiklərinə görə şirkət rəhbəri Zaur müəllimə, müavinə və Gülər xanıma təşəkkürümüzü bildirdik və şikayətin dərcinə lüzum görmədik. Biz də dərhal Rəhim Əlilliyə zəng edərək məlumat verdik ki, hər şüy qaydasındadır və sabahdan işinə davam edə bilər. Lakin bu məlumatı gənc Rəhimə çatdırdıqdan cəmi yarım saat sonra onun ustası Rəhimə zəng edərək kəsgin şəkildə irad bildirib ki, niyə Vüqar bəy haqqında “Təzadlar” qəzetinə müraciət edib? Onların arasında yenidən mübahisə yaranıb.
Şirkətdən göndərilən “xəbərdarlıq” məktubu…

Redaksiyaya təqdim edilən sənədə əsasən, 13 fevral 2026-cı il tarixində “İdeal Motors” MMC tərəfindən Əliyev Rəhim Atəş oğluna ünvanlanmış rəsmi xəbərdarlıq məktubu göndərilib. Məktubda qeyd olunur ki, işçi 05.02.2026-cı il tarixindən etibarən heç bir məlumat vermədən işə gəlmir və işə çıxmamasının səbəbləri barədə şirkətə yazılı açıqlama təqdim etməyib. Bildirilir ki, üzrlü səbəbləri təsdiq edən sənədlər təqdim edilmədiyi təqdirdə, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən xitam verilə bilər. Bununla da tərəflər arasında yaranmış mübahisə artıq rəsmi intizam və hüquqi müstəviyə keçmiş olur. Belə çıxır ki, ya bizim xahişimizə əməl etməyiblər, sadəcə bizi “yola” veriblər, ya da Gülər xanımın kadrların rəisi kimi sözü Vüqar Məmmədovun yanında keçərli deyil.
Atanın iddiaları: “Öncə məcbur ərizə yazdırıblar”
Lakin Rəhimin atası Atəş Əliyevin də məsələyə münasibətini öyrənmək istədik. A.Əliyev hadisələrin tamamilə fərqli inkişaf etdiyini bildirdi: ”… 4 fevral tarixində oğluma iş yerindən zəng edilərək çağırılıb və işdən çıxmaq barədə ərizə yazması tələb olunub. Oğluma təzyiq göstərilib və hətta “ərizəyə qol çəkməsən 2000 manat cərimə ediləcəksən” deyə hədə-qorxu da gəlinib. Oğluma deyiblər ki, gəl ərizəyə qol çək. Rəhim əvvəlcə getməyib. Sonra məcbur qalıb fevralın 6-sı iş yerinə gedib. Fevralın 6-da gedib və ona ərizəyə imza atdırıblar. Amma oğlum həmin ərizəni kadrlar şöbəsinə təqdim etməyib, özü ilə götürərək evə qayıdıb. Ərizə hazırda evdədir”.
Atanın sözlərinə görə, şirkət indi 5 fevral tarixindən etibarən işə gəlmədiyini əsas gətirir. Halbuki iddiaya görə, məhz həmin günlərdə işçiyə işdən çıxmaq üçün təzyiq göstərilib. “Əgər sən özün çağırıb deyirsənsə ki, gəl ərizə yaz, necə olur ki, bir gün sonra deyirsən işə gəlməyib? Bu necə yanaşmadır?” – deyə ata sual edir.
Əməkhaqqı və bank kartı ilə bağlı suallar…
Atəş Əliyev oğlunun əməkhaqqı məsələsinə də yenidən toxunur: ”Oğlunun adına 200 manat əməkhaqqı yazılsa da, faktiki olaraq həmin vəsaiti özü almayıb. Oğlu Rəhimin bank kartı faktiki olaraq özündə olmayıb. Əgər rəsmi işçi kimi götürmüsünüzsə, göstərin hansı bankdan özü pul çıxarıb? O pulu kim alıb? Əgər başqası alıbsa, o da məsuliyyət daşımalıdır”.

Bu iddialar, araşdırma aparılacağı təqdirdə, əməkhaqqının faktiki ödənilib-ödənilməməsi və vergi öhdəliklərinin yerinə yetirilməsi məsələsini gündəmə gətirə bilər.
Qeyd edək ki, Əlilli Rəhim Əmək Müfəttişliyinə də müraciət edib və ona 15–30 iş günü ərzində araşdırma aparılacağı barədə rəsmi bildiriş göndərilib. Bu da onu göstərir ki, məsələ artıq hüquqi müstəviyə çıxarılıb və dövlət qurumlarının diqqətindədir. A.Əliyev bizimlə söhbətində bildirir ki, “əgər əmək münasibətlərinə qanunsuz xitam verilibsə, oğluna azı 3 aylıq təzminat ödənilməlidir. Onun sözlərinə görə, məsələ yalnız işdən çıxarılma deyil, həm də gənc işçiyə qarşı təzyiq və hüquqların pozulması məsələsidir”.
Əgər Gülər xanımın dediyi kimi məsələ həqiqətən də anlaşılmazlıq idisə, bu halda ilk növbədə Əliyev Rəhimə zəng olunmalı, kadrların funksiyasını mənimsəyən V.Məmmədova xəbərdarlıq olunmalı idi ki, belə özbaşınalıq etməsin. V.Məmmədov da öz növbəsində oğlu və ya nəvəsi yaşında olan Rəhimə qarşı etdiyi, böyüyə yaraşmayan kobudluq və təhqirə görə üzr istəməli idi.. Lakin bunların heç biri baş verməyib. Deməli bir gənc və heç bir əmək haqqı almayan Rəhimə qarşı təzyiqlər “yuxarıdan” başlayıb. Əlbəttə, bu, həm etik, həm də hüquqi baxımdan doğru yanaşma deyil. Lakin əksinə, şirkətdə çalışan bəzi ustaların və digər şəxslərin bir uşağa qarşı əsl “hücuma” keçiblər. Zəng edənlərin hərbiri “niyə şikayət etmisən?” deməsi, hətta “bura gəlməyin məsləhət deyil” kimi ifadələr işlətməsi vəziyyətin heç də sadə anlaşılmazlıq olmadığını göstərir. Əksinə, bu cür yanaşma işçiyə psixoloji təzyiq elementi kimi qiymətləndirilə bilər və məsələni daha da ağırlaşdırır. Necə ki, ağırlaşdırdı və Rəhim işə çıxmaqdan imtina etdi.

Bu səbəbdən biz buradan bir daha şirkət rəhbərliyinə və aidiyyəti qurumlara müraciət edirik ki, həmin müəssisədə baş verən hadisələr ciddi şəkildə nəzarətə götürülsün, bütün faktlar araşdırılsın və oradakı işçilərin mümkün əmək istismarı hallarının qarşısı alınsın. Əgər deyilən faktlar təsdiqini taparsa, bu artıq təkcə daxili intizam məsələsi deyil, ciddi qanun pozuntusu deməkdir və hüquqi qiymət verilməlidir. Çünki ortada təkcə Əlilli Rəhim Atəş oğlunun problemi olmaya bilər. Ehtimal etmək olar ki, usta köməkçisi kimi çalışan digər şəxslərin də adına eyni qaydada 200 manat əməkhaqqı rəsmiləşdirilir və həmin vəsait faktiki olaraq onların özünə çatmır. Bu isə sistemli xarakter daşıyan bir mexanizmin mövcudluğu ehtimalını yaradır.
Belə bir vəziyyətin böyük və tanınmış bir şirkətdə baş verməsi cəmiyyət üçün ciddi siqnaldır. Çünki bu tip hallar yalnız bir müəssisənin daxili problemi kimi qalmır, ümumilikdə əmək münasibətlərinə olan ictimai etimada mənfi təsir göstərir. Bir daha buradan aidiyyəti qurumlara müraciət edirik ki, məsələ obyektiv və şəffaf şəkildə araşdırılsın.
Burada söhbət təkcə bir əməkhaqqı məsələsindən getmir. Burada söhbət bir işçiyə qarşı hörmətsiz münasibətdən, haqsızlıqdan, əmək hüquqlarının və insan ləyaqətinin qorunmasından gedir. İnsan işləmək və öyrənmək üçün müraciət edir, lakin qarşılığında hüquqlarının tapdalanması, adının formal şəkildə sənədlərdə istifadə olunması və psixoloji təzyiqlə üzləşirsə, bu artıq ciddi sosial problemdir.
İnanırıq ki, Azərbaycan qanunları hər zaman vətəndaşının yanında olduğunu bu məsələdə də göstərəcək və obyektiv, hərtərəfli araşdırma aparılacaq. Çünki bu kimi hallara yol verən şirkətlər təkcə ayrı-ayrı şəxslərə deyil, ümumilikdə ölkənin biznes mühitinə və dövlətin imicinə də zərər vurur. Qanun qarşısında hamı bərabərdir və heç bir şirkət özünü qanundan üstün hesab etməməlidir.
Elşad FƏRMANOĞLU
P.S Redaksiya olaraq tərəflərin mövqeyini olduğu kimi təqdim etdik. Lakin şirkətin rəsmi, əsaslandırılmış mövqeyini də dərc etməyə hazırıq.
Araşdırma davam edir.