Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Fevral 2026 / 16:15

Qarabağa köçməyi kimlər istəmir? -PA-NIN QƏBUL MƏRKƏZİNDƏ BAŞIMA GƏLƏNLƏR!

…Keçirəm mətləbə: ötən həftə «Təzadlar» qəzeti kollektivinin yekdil qərarı belə oldu ki, 33 ildir Bakıda oturub Qarabağdan yazdıq, daha bəsdir, indi də cənab Prezidentin təşəbbüs və çağırışlarına səs verərək gedib Qarabağdan Qarabağda yazaq… Ordakı quruculuqdan, ermənilərin otuz illik viranəliyindən… olduğu kimi xalqa və gözü kor, qulağı kar, dili lal ermənipərəstlərə çatdıraq!

 Bunun üçün qəzetin və eyni adlı saytın rəhbəri, Avropa Mətbuat Federasiyasının üzvü kimi qərara aldım ki, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi təyin edilmiş Emin Hüseynovun qəbuluna yazılıb məqsəd və məramımızı, niyyətimizi ona çatdırım… Və deyim ki, Emin müəllim, redaksiyamızın Qarabağ bölgəsində, ola bilsin Xankəndi və ya Ağdamda fəaliyyətini davam etdirməsinə kömək edin! Çünki qəzetdə Ağdamdan, Füzulidən, Xocalıdan, Şuşadan, Cəbrayıldan… xeyli əməkdaşımız var. Onların indi statusu və yaşı elədir ki, doğma yurdunun havasında fəaliyyət göstərmək xoşbəxtliyini yaşasınlar.

Beləcə, bu barədə Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı Xüsusi Nümayəndəliyinin rəhbəri cənab Emin Hüseynovun adına müraciət hazırlayaraq, qısa icmalını Nümayəndəliyin mətbuat rəhbəri Leyla xanım Sərabiyə göndərdim. Hörmətli Leyla xanımla danışdım, əlavə məlumatlandırdım da. Sonra düşündüm ki, qəbula yazılıb məqsədimizi cənab Emin Hüseynova daha ətraflı çatdırmaq məqsədəuyğundur. Belə də etdim.

Bu gün Prezident Adminstrasiyasının Nərimanov rayonu ərazisindəki Vətəndaş Qəbulu Mərkəzinə getdim… Çətinliklə də olsa(nəqliyyat sarıdan) mərkəzi tapdım, qəbul nömrəmi götürüb 39-cu şəxs olaraq gözlədim. Nəhayət, 12:37-də qəbul biletimi götürüb az sonra mərkəzin 3-cü mərtəbəsindəki 39-cu otağa yönləndirildim. Orada bir xanım məni olduqca səmimi qəbul etdi. Əvvəlcə çox razı qaldım… Və məqsədimi soruşdu. Bildirdim ki, mən ev, mənzil, torpaq, iş yeri, maddi yardım üçün gəlməmişəm. Əksinə, hörmətli Emin müəllimin komandasına kollektiv  informasiya yardımı etmək üçün qəbulunda olmaq istəyirəm. Ən vacibi, mən məcburi köçkün statuslu deyiləm, amma oralar ata yurdumdur, kəndimiz də 2020-ci ildə işğaldan azad edilib və s.

IMG
IMG

Xanım iş yerimi, peşə və vəzifəmi soruşdu, əlaqə nömrəimi qeyd etdi… Suallarına cavab verdim, danışdım… Məni diqqətlə dinlədi, kompüterdə qeydlər apardı.

Bu arada mənə elə gəlirdi ki, o, Bakıdakı isti yerini qoyub redaksiyanı Qarabağa köçürmə qəramıza ürəyində təəccüblənirdi də. Axı bizlər (kollektiv) niyə hazır iş yerimizi qoyub hələ illərlə tikiləcək, qurulacaq Qarabağa getmək istəyirik???

Nə isə, arzu və niyətimi qısa bildirdim ki, təklifim var, Ağdamda, yaxud bölgədə Media Mərkəzi yaradılsın və redaksiyanı ora köçürməklə, 30 ildir arzuladığımız Qarabağ torpağında fəaliyyətimizi davam etdirək. Çünki bəzi araqarışdıranlar yazır və onlara qoşulanlar da deyir ki, guya Ağdamdan, eləcə də digər rayonlardan olan köçkünlər yurduna qayıtmır, Bakıda məskunlaşdıqları binalardan, mənzillərdən çıxmır və s. Eləcə də iddialar var ki, yeni tikilən rayon mərkəzlərində, qəsəbələrdə və təmir olunan evlərdə ciddi korrupsiya hüquqpozmaları vardır. Ermənistanın sosial şəbəkə istifadəçiləri də bu cür informasiyalara sevinirlər… Bizim həm də beynəlxalq media qurumları ilə əlaqələrimiz var, internet üzərindən TV kanalımız, saytımız, TikTok platformamız var… Sadəcə, bu işdə bizə Dövlət qurumları səviyyəsində bəzi dəstək lazımdır. Bu həm cəmiyyətimizə bir nümunə olar, həm də köçkünlərin guya yurduna qayıtmamasını dilə gətirərək «Böyük Qayıdış»a kölgə salan və anti-təbliğatla məşğul olan məlum yalançılara bir tutarlı cavab olardı. Ən nəhayət, köçkünlərimizə də bir çağırış olar ki, əgər jurnalistlər paytaxdakı hazır iş yerini qoyub Qarabağa qayıdırsa, bəs keçmiş köçkünlər özləri kimi və nəyi gözləyir???».

Beləcə, xanım məni diqqətlə dinlədi, birdən nə desə yaxşıdır: «Bilirsiz, qəbul başa çatdı, siz mart ayında gəlib təkrar yazılın!».

İzah etdim ki, vaxt hamımızın ziyanına işləyir, əgər nahar vaxtınıza yaxınlaşırsa, nahardan sonra gəlim. Həm də axı PA-nın qəbul elanında yazılıb ki, qəbula yazılma qəbul gününə 1 gün qalmış dayandırılır. Emin Hüseynovun qəbul günü fevralın 23-dür, hələ xeyli saatımız və günümüz var vəs.

Xanım olduqca mehribanlıqla bir də qayıtdı: «Qəbul başa çatıb!». Yəni, dur get, bir aydan sonra bir də gəl!

***

Sözüm öncə Prezident Administrasiyasının rəhbəri cənab Samir Nuriyevədir! Hörmətli Samir müəllim, sizə tabe olan Vətəndaşların Qəbulu Mərkəzində Qarabağa könüllü getmək istəyən və heç bir təmənnası, tələbi…  olmayan jurnalistlərin Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı Xüsusi Nümayəndəliyinin rəhbəri cənab Emin Hüseynovun qəbuluna yazılıb arzularını bildirmələrini kimlərdir istəməyən? Bunu bilmək olarmı?

 İkinci sualım çox hörmətli Emin Hüseynovadır: dəyərli Emin müəllim, yuxarıda bəhs etdiyim arzu və niyyətimizi Sizə çatdırmaq üçün qəbulunuza yazılmaq istədim, amma adını soruşmadığım xanım bundan imtina etdi, bir ay sonraya saxladı. Mümkünsə, hələ zamanımız var, tapşırasınız, qəbulunuza gəlim, xoş və Azərbaycan cəmiyytinə nümunə olacaq istəklərimizi şəxsinizə çatdıra bilim.

Asif MƏRZİLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!