2 Mart 2026 / 14:39

İran səfiri “Təzadlar”ın sualını cavablandırdı: “Əgər bu haqsız müharibə davam etsə…”

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu son günlər ABŞ və İsrailin İrana hücumu barədə yerli media subyektləri üçün mətbuat konfransı keçirdi. Giriş sözü ilə çıxışına başlayan cənab səfir M.Dəmirçilu Amerika hökumətini və prezidentini beynəlxalq qanunlara zidd hərəkət etdiyini qınayaraq, bu müharibəni dərhal dayandırmağı tələb etdi.

Bununla İran xalqını məğlub etməyin mümkün olmayacağını qeyd edən səfir ABŞ və sionist rejimlərinə qarşı sarsıdıcı cavab zərbələrinin davamlı olacağını bildirdi.

Öz çıxışında səfir bu müharibədə tutduğu dost mövqeyinə görə əvvəlcə Azərbaycan dövlətinə də təşəkkür etdi: “Azərbaycan dövləti və xalqına minnətdaram ki, bu çətin dövrdə özünün rəsmi və qeyri-rəsmi mesajları ilə dəstəyini nümayiş etdirib. Bu, bizim mədəniyyətimizin bir hissəsidir. Buna görə təşəkkür edirik. Biz hər zaman inanmışıq və Azərbaycan da ən ali şəkildə mövqeyini bəlli edib ki, onun ərazisindən İrana qarşı heç bir hücum təşkil edilməyəcək”.

Giriş çıxışından sonra səfir M.Dəmirçilu ABŞ və İsrailin İrana  hücumu nəticəsində dünənə qədər baş verən itkilərin rəsmi statistikasını açıqladı. Səfirin məlumatından aydın oldu ki, təkcə Minab şəhərindəki qızlar məktəbinə ABŞ-ın atdığı raket partlayışından 180 qız şagird həlak olub. İdman obyektlərinin dağıdılması nəticəsində isə 18 voleybolçu qız dünyasını dəyişib. Bununla bərabər, dövlət televiziyası və radiosu da dağıntıya məruz qalıb. Həmin gün baş verən hücumlar nəticəsində ölənlərin sayı artıq 555-ə və yaralıların sayı 700-ə yaxındır.

Bu məlumatlardan sonra cənab səfir yerli jurnalistlərin suallarını cavablandırdı.

 Tədbirə rəsmi dəvət edilən “Təzadlar”ın əməkdaşı olaraq cənab səfirə belə sualla müraciət etdim:

-Cənab səfir, məlumata görə, İran dövləti Hörmüz boğazını bağlayıb ki, bu da bir çox dövlətlərdə ciddi narazılıq yaradıb. Yəni, bu yolun bağlanması həmin dövlətlərdə ticarəti iflic edib. Əgər Hörmüz boğazı bir neçə gün də bağlı qalarsa, bu dövlətlərdə neftin qiyməti bahlaşacaq və çox ciddi iqtisadi problemlər yaşanacaq.  Bu barədə nə deyə bilərsiniz?

Cavab:

– Təəssüflər olsun ki, bir çox dövlətlər, xüsusi ilə hegemon dövlətlər bunun fərqində deyillər. Siz çox düzgün vurğuladınız ki, Hörmüz boğazının bağlı qalması bir çox dövlətlərdə iqtisadi problemlər yaradacaq. Bu problemlər təkcə sərhədyanı dövlətlər üçün yox, digər uzaq dövlətlərə də ciddi təsir edəcək. Hətta bu haqda İranın xarici işlər naziri  Abbas Əraqçi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub. Hər iki nazir həm Hörmüz boğazı problemini, həm də son günlər ABŞ və İsrailin İrana etdikləri hücum barədə müzakirələr aparıblar. Onu da diqqətə çatdırmaq istəyirəm ki, bu gündən Hörmüz boğazı açılıb. Amma bu müvəqqəti xarakter daşıyır. Əgər bu haqsız müharibə davam etsə, Hörmüz boğazı tamamilə bağlanacaq…

Rövşanə Nağıyeva

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!