Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Mart 2026 / 17:24

“SOCAR-ın fəaliyyətində ciddi qüsurlar görürəm, istərdim ki…” – DEPUTAT

Çox təəssüf ki, AR-nın İnsan hüquqları üzrə müvəkkilinin insan hüquqlarının qorunması haqqında illik məruzəsinin müzakirəsində deputat həmkarlarımın “səsə qoyaq” tələbləri nəticəsində çıxış edə bilmədim.
Tezadlar.az  xəbər verir ki,  bu sözləri Milli Məclisin deputatı, MCP lideri Razi Nurullayev bildirib. O, Məclisdə edə bilmədiyi çıxışının mətnini sosial media hesabında paylaşaraq ictimailəşdirib:
“Hörmətli xanım Sədr, hörmətli həmkarlar,
Ombudsmanın illik hesabatını ümumilikdə müsbət qiymətləndirirəm. Hesabat göstərir ki, institut problemləri görür və onları açıq şəkildə təqdim edir. Amma gəlin bu gün təkcə görülən işləri deyil, bu institutun gələcək gücünü də müzakirə edək.
Sual budur: biz Ombudsmanı sadəcə tövsiyə verən qurum kimi görmək istəyirik, yoxsa real təsir gücünə malik, vətəndaşın hüququnu operativ qoruyan güclü institut kimi?
Bu gün vətəndaşın hüququ çox vaxt məsafədə itir – regiondan mərkəzə gedən uzun yolda, prosedurların içində, cavab gözləməkdə. Ombudsman həmin məsafəni qısaltmalıdır. Amma məsafəni qısaltmaq üçün institutun həm səlahiyyəti, həm də fiziki mövcudluğu artmalıdır.
Mən hesab edirəm ki, Ombudsman institutunun ştatları və regional strukturları genişləndirilməlidir. Hər bir regionda və böyük rayonlarda ayrıca, tam səlahiyyətli Ombudsman idarələri yaradılmalıdır. Vətəndaş paytaxta gəlmədən öz rayonunda hüquqi müdafiə mexanizmini hiss etməlidir. Ombudsman Bakıda mərkəzləşmiş qurum kimi yox, ölkə üzrə şəbəkələnmiş hüquq sistemi kimi fəaliyyət göstərməlidir.
İkinci mühüm məsələ – səlahiyyət məsələsidir. Bu gün Ombudsmanın tövsiyələri var, rəyləri var. Amma bir çox hallarda tövsiyə icra olunmadıqda mexanizm zəif qalır. Mən hesab edirəm ki, qanunvericilik səviyyəsində Ombudsmana daha güclü tələb və qərarvermə səlahiyyətləri verilməlidir. Ən azı müəyyən kateqoriyalı işlər üzrə icrası məcburi olan qərar mexanizmi formalaşdırılmalıdır.
Əgər dövlət qurumu Ombudsmanın qanuni tələbini yerinə yetirmirsə, bunun hüquqi nəticəsi olmalıdır. Çünki Ombudsman sadəcə müşahidəçi deyil, insan hüquqlarının konstitusion təminat mexanizmidir. Hüququ qoruyan institutun özü zəif mexanizmə malik olmamalıdır.
Eyni zamanda, regional nümayəndələrin statusu gücləndirilməlidir. Onlar yalnız müraciət qəbul edən yox, yerində araşdırma aparmaq, sənəd tələb etmək və operativ qərar layihəsi hazırlamaq səlahiyyətinə malik olmalıdırlar. İnsan çox vaxt hüququnu yox, proseduru uduzur. Güclü Ombudsman həmin prosedur baryerini aradan qaldıra bilər.
Digər tərəfdən, Ombudsman institutunun analitik və monitorinq imkanları da genişləndirilməlidir. Rüblük regional hesabatlar, “hüquq temperaturu” göstəriciləri və problemli sahələr üzrə xüsusi nəzarət mexanizmi tətbiq olunmalıdır. Bu, tənqid üçün yox, idarəetməni gücləndirmək üçündür.
Hörmətli həmkarlar,
Güclü dövlət yalnız qanun qəbul edən deyil, qəbul etdiyi qanunun işləməsinə nəzarət edən dövlətdir. Ombudsman həmin nəzarət mexanizminin mühüm elementidir. Əgər biz vətəndaşın hüququnun real qorunmasını istəyiriksə, bu instituta daha çox səlahiyyət, daha çox resurs və daha geniş regional şəbəkə verməliyik.
Ombudsman tövsiyə edən qurumdan tələb edən quruma çevrilməlidir. Çünki vətəndaşın hüququ tövsiyə ilə deyil, təminatla qorunur.
Həmkarım Qüdrət müəllimin sözlərinə bütünlüklə qoşuluram və dəstəkləyirəm. Hüquq sisteminin boşluqlarının doldurulmasında institutun rolu genişlənməlidir. Bir misal çəkmək istəyirəm və Ombudsmanın bu məsələ ilə məşğul olmasını arzu edirəm.
Gəncədə Azəriqaz-da 49 il işləyən və təqaüdə çıxmasına 1 il qalmış Elman Məmmədovun işdən azad olunub peşəkarlıq səviyyəsinin yoxlanması üçün imtaha cəlb edilməsinə hüququ qiymət verilsin.
Ümumiyyətlə, SOCAR-ın fəaliyyətində ciddi qüsurlar görürəm. Istərdim ki, SOCAR-ın fəaliyyətini qiymətləndirmək üçün hansısa addımlar ataq və SOCAR rəhbərini Parlamentə dəvət edərək, ona suallarımızı ünvanlayaq”, – deyə bildirib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!