Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Son illər ölkədə bütün təsərrüfat kateqoriyaları üzrə ev heyvanları və quşlarının sayında azalma var. Dövlət Statistika Komitəsinin 2025-ci ilin yanvarın 1-nə olan məlumatına görə, iri buynuzlu mal-qaranın baş sayı 2 milyon 465 min 600 olub. Bu, 2023-cü illə müqayisədə 152 min 500 baş azdır. Belə aşağı göstərici 2008-ci ildən bəri qeydə alınmayıb. O cümlədən, inəklərin baş sayı (1 milyon 178 min 600) 2015-ci ildən bəri ən pis göstərici olub.
***
1959-2017-ci illərdə ölkədə camışların sayı 100-162 min baş aralığında olub. 2018-ci ildən etibarən 100 min başdan aşağı enib və hər il əvvəlkindən az olub. Son 4 ilin hər birində 5 min baş azalma qeydə alınıb. 2025-ci ildə təsərrüfatlarda saxlanılan camışların sayı 45 min 600 hesablanıb.
***
Kəskin azalma qoyunçuluqda da müşahidə olunub. Əgər 2015-16-cı ilərdə ölkədə təqribən 8 milyon baş qoyun olmuşdusa, 2025-ci ilin əvəlində bu göstərici 6 milyon 502 min 300-ə düşüb. Göründüyü kimi, son 10 ildə milyon yarım azalma var.
Keçilərin sayında da kəskin geriləmə diqqət çəkir. 2010-2023-cü illərdə ölkədə 581-658 min aralığında keçi olub. Bu göstərici 2024-cü ildə 419 min 900-ə, 2025- ci ildə isə 394 min 200-ə enib.
2005-6-cı illərdə ölkədə 22 min 900 baş donuz saxlanılıb. Onların sayı 2008-ci ildə 18 min 700-ə, 2022-ci ildə 6 minə, 2025-ci ildə isə 3 min 100-ə qədər düşüb. Beləliklə, təsərrüfatlarda donuzların sayı son 20 ildə 7 dəfədən çox, son 3 ildə isə 2 dəfəyədək azalıb.

2025-ci ildə ölkədə 49 400 baş at olub. Bu, əvvəlki ildəkindən 3 min 700 , 2020-ci ildəkindən 13 min 300 baş azdır.
Ölkədə eşşəklərin sayı 2015-ci ildə 40 min, 2020ci ildə 25 min 800, 2023-cü ildə 20 min, 2024-cü ildə 14 min 900, 2025-ci ildə 12 min 700 baş olub.
Ev heyvanları arasında yalnız dəvələrin sayında sabitlik var: son 3 ildə 400 baş dəyişməz qalıb. Qeyd edək ki, bu göstərici 1971-2022-ci illərdə 100-300 aralığında olub.
Ev quşlarının sayı 2025-ci ildə, əvvəlki ildəkindən 592 min baş artıq olubsa, 2020-ci ildəkindən təqribən 3 milyon baş az olub.

Arı ailələrinin sayında da son 5 ilin ən pis göstəricisi qeydə alınıb: 2021-ci ildə 596 min 700, 2022-ci ildə 625 min 300, 2023-cü ildə 656 min 100, 2024-cü ildə 597 min, 2025-ci ildə 579 min.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ev heyvanları və quşlarının baş sayının azalmasının əsas səbəbini bu sahə üzrə aparılan siyasətin yalnış olması ilə əlaqələndirir:
“Zəruri qida məhsullarına ehtiyacın yerli istehsal hesabına ödənilməsinə çalışıldığı bəyan edilsə də, atılan addımlar buna uyğun deyil. Xatirinizdədirsə 2015-ci ildə pambıq əkini üçün böyük torpaq sahələri və su resursları cəllb olunanda, biz deyirdik ki, bu, heyvandarlığın inkişafına mənfi təsir göstərəcək. Hazırda ölkədə yem bazası zəifləyib, yem bitkiləri üzrə məhsuldarlıq da qənaətbəxş deyil. Mövcud potensial iri və xırda buynuzlu heyvanların sayını artırmağa imkan vermir. Hələ biz etibarlı olmayan statistikaya istinad edirik. Xaricdən diri heyvan alınıb burada kəsilir və bu, daxili ət istehsalı kimi təqdim olunur. Biz süd məhsullarına olan təlabatımızın yarısını idxal hesabına ödəyirik. Zəruri tədbirlər görülməsə, bu geriləmə davam edəcək.”
Azər Əli,
“Təzadlar”ın xüsusi müxbiri
(İmişli)