22 Mart 2026 / 19:34

ABŞ-İsrail hücumlarında 210 uşaq həlak olub – İran

İranın səhiyyə naziri Zəfərkandi: “ABŞ-İsrail hücumlarında 210 uşaq həlak olub, 1510 uşaq yaralanıb; 300 səhiyyə mərkəzi zədələnib və 30 təcili yardım maşını istifadəyə yararsız hala düşüb.”

Tezadlar.az bildirir ki, İran mediasında yer alan xəbərlərə görə, səhiyyə naziri Zəfərkandi 28 fevral müharibəsinin başlanğıcından bəri mülki şəxsləri hədəf alan ABŞ-İsrail hücumlarında çoxlu uşağın həyatını itirdiyini bildirib.

Müharibənin ilk saatlarında, 28 fevralda Minabda ibtidai məktəbə edilən hücumu xatırladan Zəfərkandi deyib: “Düşmən Minabda Şəcərə-i Təyyibə ibtidai məktəbinə hücum edib və misli görünməmiş, ürək ağrıdan faciədə 168 uşaq şəhid olub. Bu günə qədər bu müharibədə təxminən 210 uşaq şəhid olub.”

Zəfərkandi həmçinin yaralanan uşaqların sayının 1510-u keçdiyini bildirib.

İran naziri müharibənin başlanğıcından bəri 300 səhiyyə və təcili yardım mərkəzinin zərər gördüyünü və hücumlarda 30 təcili yardım maşınının da hədəf alındığını bildirib.

İran Qızıl Aypara Cəmiyyəti 28 fevralda ABŞ-İsrail hücumunda 168 uşaq da daxil olmaqla 180-dən çox insanın öldüyünü açıqlayıb. Daha sonra hücumun ABŞ tərəfindən həyata keçirildiyi və məktəbə 40 dəqiqə ərzində iki dəfə zərbə endirildiyi məlum olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!