ABŞ-ın İranda desant əməliyyatına hazırlaşdığı bir zamanda onun 46 il əvvəl İranda həyata keçirtdiyi bir hərbi əməliyyat haqda bilmək, düşünürəm ki, maraqlı olar.
1979-cu ilin əvvəllərində İran şahı ölkədən qaçdı. Referendum nəticəsində 1 apreldə İranda İslam Respublikası elan edildi. Yeni hökumət ABŞ-dan məhkəməyə verilmək üçün şah Məhəmməd Rza Pəhləvinin İrana ekstradisiya edilməsini tələb etdi, lakin ABŞ bu tələbi rədd etdi. İranın dövlət hesablarını da dondurdu.
4 noyabrda radikal tələbə qruplarının üzvləri “Amerikaya ölüm!” və “Şahı bizə verin!” şüarları ilə Tehrandakı ABŞ səfirliyinə basqın edib, 66 əməkdaşını girov götürdülər. Girov götürmə İran hökuməti tərəfindən dəstəkləndi. 2 həftə sonra 13 girov azad edildi, 53 nəfər isə səfirlikdə qaldı.
ABŞ prezidenti Cimmi Karterin Amerika banklarındakı İran hesablarını dondurması və neft embarqosu da daxil olmaqla İrana qarşı sanksiyalar tətbiq etməsi girovların azad edilməsinə kömək etmədi. 1980-ci ilin 8 aprelində girovlarla bağlı danışıqlar uğursuzluqla bitdikdən sonra ABŞ ilə İran arasında faktiki dondurulmuş diplomatik münasibətlər rəsmi olaraq kəsildi. Girovların azad edilməsi üzrə “Qartal caynağı” əməliyyatı hazırlandı.
“Qartal caynağı” əməliyyatında Bad Tölzdəki 10-cu Xüsusi Təyinatlı Qüvvələr Qrupundan 80 “Delta Force” əsgəri və 13 yaşıl beret iştirak edirdi. Hamısı döyüş çəkmələri, cins şalvar, uzun günlüklü idman papaqları və xaki rəngli geniş gödəkçə geyinmişdi. 2 eskadron ciddi şəkildə qorunan Amerika səfirliyi binasında saxlanılan girovları, 1 eskadron isə İran Xarici İşlər Nazirliyinin binasında saxlanılan daha 3 girovu azad etməli idi. Əməliyyat planı üzrə Tehrandakı binalara hücum və girovların azad edilməsi 45 dəqiqə, bütün əməliyyat 36 saat çəkməli idi.

Plana görə, İran HHM sisteminin arxaik olması səbəbindən bütün ABŞ təyyaərə və helikopterlərinin uçuşları aşkarlanmamalı idi, çünki İran radarları alçaqdan uçan təyyarələri “görmürdülər”.
Lakin sürpriz bununla bitmədi.
Əməliyyatda 8 helikopter iştirak edirdi. Onlardan 1-i “Nimitz” gəmisindən qalxan kimi pərində olan nasazlıqdan qəzaya uğradı və dənizə düşdü. Digərləri İran ərazisində qum fırtınası ilə qarşılaşdılar və onlardan biri yolunu azaraq, “Nimitz”ə qayıtmaq məcburiyyətində qaldı. Daha biri “Səhra 1”-ə çatmadan xarab oldu (ekipajı təxliyə edildi). 5 helikopter “Səhra 1”-ə eniş etdı.
Saz qalan 5 helikopterdən biri yanacaq doldurarkən C-130 təyyarəsi ilə toqquşdu və güclü partlayış baş verdi. Nəticədə 3-ü mayor, 1-i kapitan ölmaqla 8 xüsusi təyinatlı öldü. Təyyarə də, helikopter də tamamilə məhv oldu. Partlayışdan İran gecəsi çıraqban oldu. Qalan 4 helikopter də partlayışın qəlpələrindən xəsarət aldılar.
Qalan döyüşçülər əvvəlcə nə baş verdiyini anlamadılar, gecə olduğu üçün İran ordusunun hücumuna məruz qaldıqlarını düşündülər, çaxnaşma düşdü və xaotik atışmaya başladılar. Aralarında ağır və yüngül yaralananlar oldu.
Nəticədə “qorxubilməz “”Delta Force” seçilmişləri 5 helikopteri, ölən pilotların və digər heyət üzvlərinin cəsədlərini, əməliyyatla bağlı bütün məxfi sənədləri, radiokod kitablarını, qabaqcıl avadanlıqları və pulları səhrada qoyub qaçdılar. Helikopterlər sonradan İran ordusuna təhvil verildi.
Çox “möhtəşəm” əməliyyat oldu. Hollivud bu əməliyyatdan gözəl bir qəhrəmanlıq filmi düzəldə bilərdi.
İran cəsədləri 5 mayda Qırmızı Xaç vasitəsilə ABŞ-a təhvil verildi.
“Qartal caynağı” əməliyyatının uğursuzluğundan sonra uzun danışıqlar aparıldı. Bu danışıqlar davam edərkən İran-İraq müharibəsi başladı. İranın pula çox ehtiyacı var idi. ABŞ girovların taleyini həll etməkdə həlledici addım olan İran aktivlərin bir hissəsinin dondurulmasını ləğv etməyə razı oldu. 19 yanvar 1981-ci ildə razılaşma əldə edildi və prezident Karterin istefasından bir neçə dəqiqə sonra, 20 yanvarda azad edilmiş girovlar Tehranı tərk etdilər.
İndiki Vens də, deyəsən, o vaxtkı Vensin mövqeyindədir və onun taleyini yaşayacaq.
Asif ŞƏFƏQQƏTOV,
HƏRBİ EKSPERT







