Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Xristian dünyası üçün ən özəl və ən müqəddəs bayramlardan biri hesab olunan Pasxa bayramı İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi şərəfinə keçirilir. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi “Müqəddəs həftə” adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır.
Həm qədim yunan, həm də latın dilində II əsrdə bu xristian bayramı yəhudilərin Misirdən çıxmasının qeyd edildiyi Pesax bayramının adından arami dilində formalaşmış Pasxa sözü ilə ifadə olunur. Pasxa ibadəti Triodionun sonuncu ibadəti olan Gecə yarısı ibadəti ilə başlayır və Müqəddəs Şənbənin gecə yarısı başa çatır. Gecə yarısından etibarən isə Pasxa bayramı başlayır və Pasxa sübh ibadəti, Pasxa saatları, Pasxa İlahi Liturgiyası həyata keçirilir. Pasxa İlahi Liturgiyasının ardınca “Bayramlar bayramı” başlayır. Pasxa bazarı ilə başlayan həftə Parlaq həftə adlandırılır və bu həftə ərzində oruc tutulmur. Pasxadan sonra 39 gün davam edən Bayram sonrası başlayır. Bu bayramın özünəməxsus adət-ənənələri və xüsusiyyətləri var. Pasxa İbranicə Pesax sözündən götürülmüş, ay təqviminə görə qeyd olunan yəhudi Pasxası ilə eyniləşdirilmişdir. Həmin gün insanlar dini inanc kimi od qalayaraq İsa Məsihin dirilməsindən sonra “bütün kainatı işıqlandıran Allahın İşığını” simvollaşdırırlar. Yunanıstanın və Rusiyanın böyük şəhərlərində pravoslav kilsələri Müqəddəs Qəbiristanlıq Kilsəsindən bu Müqəddəs Atəşin gəlişini gözləyirlər. Müqəddəs Od Yerusəlimdən gətiriləndən sonra kahinlər onu şəhərin məbədlərinin ətrafında təntənəli şəkildə gəzdirirlər. Xristianlar şamlarını həmin oddan yandırırlar. Ayin icra olunduqdan sonra isə çırağı odlu evə aparır, orada onu bir il müddətində-növbəti pasxa gününə qədər saxlamağa çalışırlar. Pasxa bayramının digər önəmli xüsusiyyətlərindən biri də növbənöv şirniyyatların hazırlanması, yumurtaların müxtəlif rənglərlə boyadılması, bayram süfrələrinin təşkili, kilsələrdə ibadətlə məşğul olduqdan sonra isə bayram süfrəsi üçün hazırlanmış Pasxa tortlarının, kəsmik və Pasxa yumurtalarının dadına baxılmasıdır. Pasxa hədiyyələri arasında isə Pasxa dovşanı öz məşhurluğuna görə, Milad bayramının Santa Klausu ilə müqayisə edilə bilər.
Pasxa bayramının ölkələr üzrə keçirilmə qaydası
Polşa
Polşada Pasxa bayramında küçələrdə ətrafdakılara su, şar və silahla hücum etməyə hazırlaşan insanlar olur. Köhnə günlərdə subay qızların kişilər tərəfindən təqib edildiyi bu ənənə bu gün su davasına çevrilib. Pasxada suya davamlı paltar geyinərək, dünyanın ən gözəl ölkələrindən biri olan Polşanı gəzə bilərsiniz.
Norveç
“Paskekrimmen” kimi tanınan Pasxa bayramının Norveçdə çox maraqlı şəkildə qeyd olunduğunu deyə bilərik. İnsanlar Norveçdə Pasxa vaxtını sirr və qətllə dolu detektiv romanları oxuyaraq və filmlərə baxaraq qeyd edirlər. Ölkədəki əksər kitab mağazalarının vitrinləri bu mövzuda kitablarla bəzədilir.
Yunanıstan
Yunan əhalisi üçün Pasxa həm ən müqəddəs, həm də ən vacib dini bayramdır. Bununla belə, ölkənin demək olar ki, hər yerində fərqli bayramlara və adət-ənənələrə rast gəlmək olar. Pasxa bazar günü düz saat 11-də ada sakinləri yararsız gil qablarını pəncərədən atırlar. Onlar inanırlar ki, bu, pis ruhları qovacaq və yeni bir başlanğıc gətirəcək.
İspaniya
İspaniyada “Semana Santa” və ya “Müqəddəs Həftə” kimi tanınan Pasxa bayramı yeddi gün davam edir. Ölkədə böyük və ya kiçik dini mərasimlər keçirilir. İspaniyada Pasxa qəmli paradlara malikdir. Burada hər şey zərif dini heykəllər ilə bəzədilir.
İtaliya
İtaliyanın katolik əhalisi Pasxa bayramı zamanı rəngarəng tədbirlərə, bayram yürüşlərinə, dini mərasimlərə və ərzaq yarmarkalarına ev sahibliyi edir. İtaliyada Miladdan sonra ikinci ən vacib bayram kimi qeyd olunan Pasxada uşaqlara içərisində hədiyyə olan böyük şokoladlı yumurtalar verilir.
Almaniya
Almaniyada Pasxa bayramı gün batanda tonqalların yandırılması ilə başlayır. Bəzi yerlərdə isə mini festivallar keçirilir. Bölgələrdə Pasxa ağacını bəzəmək üçün “Pasxa yumurtaları”ndan istifadə olunur.
Braziliya
Dünyanın ən böyük katolik əhalisinə sahib olan Braziliyada Pasxa dini mərasimlərlə qeyd olunur. Pasxa bazarından əvvəlki cümə günü, braziliyalıların əksəriyyəti qırmızı ət yeməkdən çəkinir və xurma budaqlarından toxunmuş xaçlarla dua edirlər.
Fransa
Fransada Pasxa ənənəsi ölkə daxilində müxtəlif tədbirlərlə qeyd olunur. Pasxa bazar günü “Bessieres” kəndində onlarla aşpaz 15.000 yumurtadan nəhəng omlet hazırlayır. Omletlər hazır olduqdan sonra minlərlə hissəyə bölünərək, kəndlilərə çörəklə verilir. Burada əhliləşdirilmiş tüklü dovşanlar, keçilər və ördəklərlə dolu cazibədar bazarlar tapa bilərsiniz.
İsveç
İsveçdə əsrlər boyu davam edən xalq ritualına görə, Pasxa vaxtı uşaqlar “Pasxa cadugərləri” kimi geyinir və şokolad almaq üçün məhəllələrdə qapı-qapı gəzirlər. Gənclər və uşaqlar dəbdəbəli baş örtüyü taxaraq maraqlı üz rəsmləri ilə diqqət çəkirlər. Eyni ənənə Finlandiyada da davam etdirilir.
Bermud adaları
Bermudiyalılar Pasxa gününü çərpələnglərlə qeyd edirlər. Çərpəlnglər bütün formalarda, rənglərdə və ölçülərdə hazırlanır, inanca görə, onlar İsanın dirilməsini təmsil edirlər.
Amerika
130 ildən artıqdır ki, Amerikanın paytaxtı Vaşinqton “Roll” adlanan qəribə Pasxa ənənəsinə ev sahibliyi edir. Uşaqların Ağ Evin Cənub çəmənliyində, rəngli qaynadılmış yumurtaları böyük yemək qaşığı ilə yuvarlayaraq yarış keçirirlər. Nyu-York şəhəri Amerikanın ən rəngarəng Pasxa bayramı keçirildiyi yerlərindən biridir.
İsrail
Yəhudilərə görə Pasxa Allahın İsrailliləri b.e.ə. 1513-cü ildə Misir əsarətindən azad etməsi münasibətilə qeyd etdikləri yəhudi bayramıdır. Pasxa İbranicə “Yan keçmək” mənasını verən sözdən əmələ gəlmişdir. Bu bayram onlar üçün böyük əhəmiyyət kəsb etməklə yanaşı müqəddəs hesab edilir.
Pasxa bayramı Azərbaycanda da qeyd olunur. Belə ki, Azərbaycanda yüz illərdir ki, müxtəlif xalqların və dinlərin nümayəndələri əmin-amanlıq, qarşılıqlı etimad və anlaşma şəraitində yaşayırlar. Azərbaycan Respublikasında formalaşmış nümunəvi dövlət-din münasibətləri cəmiyyətin bütün təbəqələri kimi, xristian icmasına da öz dini-mənəvi dəyərlərindən lazımınca faydalanmaq imkanı yaradır. Bunun ən başlıca səbəbi dövlət başçımızın apardığı daxili və xarici siyasət, o cümlədən də multikultural dəyərlərə hörmətlə yanaşmağımızdır. Bu da Azərbaycanın tolerant ölkə olduğunun bariz nümunələrindən biridir.
Sonda onu da qeyd edim ki, Pasxa bayramının sabit tarixi olmadığından bu bayramı hər il olduğu kimi, 2026-cı ildə də iki dəfə qeyd olunacaq. Buna səbəb isə Yulian və Qriqoryan təqvim sistemlərindən istifadə edilməsidir.
Belə ki, bu il katoliklər Qriqoryan təqviminə əsasən 5 aprel, provaslavlar isə yulian təqvimi ilə 12 aprel tarixində Pasxa bayramını böyük təntənə ilə qeyd edəcəklər. Yəhudilər isə bu bayramı 1-19 aprel tarixlərində qeyd edirlər.
Hazırladı: RÖVŞANƏ