2 Aprel 2026 / 15:32

“Qobu Park”ın binaları əyilir, əyilmir? – Cavab fotolarda

“Qobu Park 1” yaşayış kompleksində məcburi köçkünlər üçün inşa edilmiş binaların pis vəziyyətdə olması ilə bağlı iddialar səngimir.

Tezadlar.az xəbər verir ki, bu barədə ictimai platformalarda paylaşımlar edilir, ardınca isə məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi açıqlamalar verir. Rəsmi qurumun son açıqlamasında bildirilib ki, bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb. Eyni zamanda, qeyd edilib ki, kompleksin texniki durumu daimi olaraq podratçı təşkilat tərəfindən nəzarətdə saxlanılır. Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür.

10-cu bina

Ancaq qurumun bütün bu optimist açıqlamalarına baxmayaraq, “Qobu Park 1” yaşayış kompleksində yaşayan keçmiş məcburi köçkünlərin “Təzadlar”a verdiyi məlumat və redaksiyamıza göndərdikləri fotoşəkillərdəki mənzərə heç də ürəkaçan deyil. “Qobu Park 1” yaşayış kompleksində yaşayan keçmiş məcburi köçkünlərin sözlərinə görə, ilk tikildiyi vaxtlarda vizual olaraq göz oxşayan bu binalar, indi yaşamaq üçün olduqca qorxulu, təhlükəli vəziyyətə düşüb – hərəsi bir istiqamətə əyildiyi üçün onların özülündə yenidən bərkitmə işləri aparılır. Hətta bəzi binalar özülündən qoparaq daha qorxunc vəziyyətə çatıb. Vaxtilə yaşayış kompleksindəki 8-ci binada ciddi əyilmə baş verdikdən sonra aidiyyəti qurumlar işə qarışaraq problemi kökündən deyil, müvəqqəti aradan qaldırıblar.

9-cu bina

Qeyd edək ki, 9-cu və 10-cu binaların fotoşəkillərindən də göründüyü kimi, artıq problemin ciddiliyini anlayan aidiyyəti qurumlar qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Belə çıxır ki, “Qobu Park 1” yaşayış kompleksində yaşayan keçmiş məcburi köçkünlərin bu binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar narahatlıqlarına ciddi əsas var…

E.ŞİRİN

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!