2 Aprel 2026 / 21:22

Dövlət sifarişi üzrə təhsil xərcləri büdcədən qarşılanır

Dövlət sifarişi əsasında təhsil alan tələbələrdən hər hansı formada ödəniş tələb olunması qanunvericiliyə ziddir. Belə tələbələrin təhsil xərcləri dövlət büdcəsi hesabına qarşılanır və bununla bağlı hər hansı maliyyə yükü tələbənin üzərinə qoyula bilməz.

Tezadlar.az xəbər verir ki, bu baxımdan, təhsil müəssisəsinin özəl statusu dövlət sifarişi əsasında qəbul olunmuş tələbələrin maliyyələşdirilməsi ilə bağlı dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimi dəyişmir. Təhsil müəssisəsinin daxili maliyyə planlaşdırması, ayrılmış vəsaitin idarə olunması, yaxud ilin sonuna istifadə olunmamış vəsaitlə bağlı yaranmış hallar tələbələr üçün əlavə öhdəlik yaratmır. Universitet tərəfindən maliyyə məsələlərinin düzgün tənzimlənməməsinin nəticəsinə görə tələbə cavabdeh deyil.

Məsələ ilə bağlı aidiyyəti ali təhsil müəssisəsinin müraciətinə qanunvericiliyin tələblərinə uyğun olaraq baxılıb və rəsmi qaydada cavab verilib. Bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.5-ci maddəsinə əsasən, ilin sonunda istifadə olunmamış və vahid xəzinə hesabına köçürülmüş vəsaitin geri qaytarılması Elm və Təhsil Nazirliyinin səlahiyyətləri çərçivəsində mümkün deyil.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!