Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tezadlar.az- ın son buraxılışlarında mərhum Xalq artisti Rasim Balayevin yerinə sədr seçkisindən yazmışdıq. Və Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik edə biləcək bəzilərinin, o cümlədən Akif Əlinin də mənbəyə istinadla adlarını qeyd etmişdik. Bundan sonra məsələ ciddiləşdi və Ayaz Salayev və digərləri Rasim Balayevin qırx mərasimi çıxan kimi Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) kimlərin seçilə biləcəyini dilə gətirdilər. Bu sırada Ayaz Salayev AKİ- nin İdarə Heyətinin üzvü Şəgiqə Məmmədovanın adını çəkmişdi. Nəhayət, tanınmış kino bilicisi Şeyx Əbdül “Yeni Müsavat”a açıqlamasında bəzi adlara əsəbi münasibət bildirib: “…qurultay çağırılacaq və kino ictimaiyyəti yekdilliklə öz yeni sədrini seçəcək. Hesab edirəm ki, heç bir artist, ssenarist bu quruma sədr ola bilməz. Rasim Balayev istisna idi. Çünki o, kino aktyoru idi və bu sahədə böyük nüfuz sahibi idi. Məhz buna görə onu sədr seçmişdik. Lakin bundan sonra Kino İttifaqının sədri mütləq kinorejissor olacaq…”. Şeyx Əbdül Baba Vəziroğlunun son açıqlamasına da çox sərt münasibət bildirib və deyib: “…Əvvəla, Baba Vəziroğlunun kinoya, Kino İttifaqına heç bir aidiyyəti yoxdur. O, orada sadəcə özü üçün mövqe qazanmağa çalışır, başqa sözlə desək, ‘daldalanır’. Əgər istəyirsə, getsin Bəstəkarlar və ya Yazıçılar İttifaqına üzv olsun. Onun kinodan danışmağa nə hüquqi, nə də mənəvi haqqı var. Vaxtilə Rasim Balayevin və Rüstəm İbrahimbəyovun imzası ilə onu ittifaqdan qovmuşdular. Sonradan yenidən ittifaqa qayıdıb və indi də çıxıb özü üçün bəyanatlar verir. İndi təzədən xeyir ola? İkincisi, Şəfiqə Məmmədova özü konfransda rəsmi şəkildə istefa verib, çıxıb getmişdi. Hətta koridorda tək qalmışdı. İndi yenidən sədr olmaq istəyi ilə çıxış etməsi nə dərəcədə doğrudur? Ora onun şəxsi sexidir, ya necə? Ümumiyyətlə, bu şəxslər ittifaqdan niyə belə bərk yapışıblar? Şəfiqə Məmmədova 45 ildir ki, kinostudiyanın, kinonun qapısını açmayıb. Eləcə də Baba Vəziroğlunun kinoya heç bir dəxli yoxdur, çıxıb fətva verir ki, məsələ necə olacaq. Mən Şeyx Əbdül deyirəm ki, qırx mərasimindən dərhal sonra qurultay çağırılacaq və yeni sədr seçiləcək. Əks təqdirdə mən onları ifşa edən faktları açıqlayacam”.
Beləliklə, AKİ- ya sədr seçkisi uğrunda məsələ qızışır… Rəhmətlik Rasim Balayevin 40- nı bir az da uzatmaq mümkün olsaydı, sədrlik uğrunda bu dava bəlkə bir az səngiyərdi…
SƏBUHİ