Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Aprel 2026 / 12:05

SON DƏQİQƏ: 17 yüksək vəzifəli şəxs cəzalandırıldı

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2026-cı ilin birinci rübü ərzində xidməti fəaliyyətdə şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.

Tezadlar.az xəbər verir ki, bu barədə SHXÇDX məlumat yayıb.

Məlumatda bildirilir ki, əməkdaşların qeyri-qanuni hərəkətləri və vəzifə səlahiyyətlərindən sui-istifadə halları üzrə 2026-cı ilin birinci rübü ərzində 27 əməkdaş (onlardan 17-si rəhbər heyət) barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 1 əməkdaş mənfi əsaslarla ehtiyata buraxılmış, 16 fakt üzrə 34 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Azərbaycan Respublikası Prezidentinin 06.09.2023-cü il tarixli Fərmanının icrası çərçivəsində müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı 4 yararlılıq kateqoriyası üzrə yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və bu sahədə aparılan optimallaşdırma tədbirləri korrupsiya risklərinin azaldılmasına, idarəetmədə operativliyin və obyektivliyin təmin olunmasına, ümumilikdə isə fəaliyyətin şəffaflığının artırılmasına müsbət təsir göstərir.

Mövcud qanunvericiliyə əsasən vətəndaşların hərbi vəzifələrinin icrası ilə bağlı özləri barədə məlumatlarla tanış olması, onları əldə etməsi və dəyişdirilməsi üçün müraciət etməsi, həmin məlumatlarda hər hansı dəyişikliklə bağlı məlumat alması, müraciətləri elektron formada göndərməsi, xidmətlərdən istifadə etməsi və ödənişləri həyata keçirməsi üçün Elektron Hökumət İnformasiya Sistemində xüsusi fərdi elektron səhifəsinin (elektron kabinet) yaradılması nəzərdə tutulub.

Vətəndaşlarla əyani təmasın minimuma endirilməsi, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə müasir texnologiyaların imkanlarından maksimum yararlanmaq və gələcəkdə göstərilən bütün xidmətlərin elektron qaydada həyata keçirilməsi planlaşdırılır. Hazırda “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmə”, “Müddətli həqiqi hərbi xidmətə müvəqqəti çağırılmamağa dair”, “Həqiqi hərbi xidmətkeçmə haqqında”, “Müddətli həqiqi hərbi xidmət barədə” və “Hərbi qeydiyyat” haqqında arayışlar “MyGov” mobil tətbiq üzərindən vətəndaşlara təqdim olunur.

15 yaşına çatmış kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınmasında yeni müddəaların tətbiq olunması, tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarının elektron sistemlərindən inteqrasiya yolu ilə əldə olunması onlarla, eləcə də valideynləri və qanuni nümayəndələri ilə əyani təmasın minimuma endirilməsinə və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.

Bundan əlavə cari ildən etibarən ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin kağız daşıyıcısının ləğv olunmasını nəzərə alaraq ilkin hərbi qeydiyyata alma komissiyasının qərarının və digər məlumatların vətəndaşlara elektron formada göndərilməsi “MyGov” platforması üzərindən elektron kabinetlərin yaradılmasını zəruri edir.

Vətəndaşların korrupsiya və digər qanunsuz hallarla qarşılaşdığı təqdirdə “9100” Çağrı Mərkəzinə və ya info@seferberlik.gov.az elektron poçt ünvanına müraciət etmələri, həmçinin elektron xidmətlərdən yararlanmaq və “MyGov” platformasına qoşulmaq üçün elektron kabinetlərin yaradılması tövsiyə olunur.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətində şəffaflıq, obyektivlik və ictimai etimadın gücləndirilməsi prinsiplərinə əsaslanaraq korrupsiyaya qarşı mübarizəni bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!