Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
3 Aprel 2026 / 18:10

Qadınlara qarşı son vaxtlar artan şiddətlər: ciddi narahatlıq var!

Qadınlara qarşı son vaxtlar artan şiddətlər ciddi narahatlıq doğurur. Bununla bağlı İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisyası Azərbaycan və ingilis dillərində müraciət yayıb. “Təzadlar”a göndərilən müraciətdə deyilir:

Cəmiyyətdə insan alverinə qarşı mübarizə istiqamətində mühüm maarifləndirici fəaliyyəti ilə seçilən və tanınan İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisyası sosial şəbəkələrdə tez-tez rast gəlinən qeyri-etik paylaşımlarından narahatlığını ifadə edən müraciət yayıb. X, Meta, Tik-Tok, Teleqtam və Roblox şirkət rəhbərlərinə ünvanlanan müraciətdə diqqətçəkən, əsaslı məqamlara toxunulub. Müraciətdə deyilir: “Hörmətli X, Meta, Tik-Tok, Teleqtam və Roblox şirkət rəhbərləri, Azərbaycan Respublikasında fəaliyyət göstərən İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyası adından Sizə müraciət edərək rəqəmsal platformalarda artan istismar riskləri ilə bağlı ciddi narahatlığımızı diqqətinizə çatdırırıq. Son illərdə süni intellekt vasitəsilə yaradılan uşaqların cinsi istismarını əks etdirən materialların (CSAM) sayında 26 000%-dən çox artımın qeydə alınması beynəlxalq səviyyədə yeni və sürətlə genişlənən təhlükə dalğasının göstəricisidir. Bu tendensiya yalnız aşkarlanan hallarla məhdudlaşmır, hələ müəyyən edilməmiş və monitorinqdən kənarda qalan risklərin miqyası daha böyükdür.

Bununla yanaşı, rəqəmsal mühitdə təqib (stalking), onlayn zorakılıq və gender əsaslı zorakılıq halları artmaqdadır. Uşaqlar və qadınlar emosional manipulyasiya, romantik vədlər və sosial təzyiq vasitəsilə istismar riskinə daha həssas qruplar kimi ön plana çıxır. “Münasibət”, “evlilik” və “təhlükəsizlik” adı altında qurulan əlaqələr çox vaxt istismarın ilkin mərhələsinə çevrilir və artıq qlobal xarakter daşıyır. Xüsusilə qeyd etmək istərdik ki, uşaqların aktiv istifadə etdiyi rəqəmsal platformalarda risklərin qarşısının alınması üçün əlavə və gücləndirilmiş qoruyucu mexanizmlərə ehtiyac var.Bu səbəbdən də Sizi aşağıdakı konkret və təsirli tədbirlərin həyata keçirilməsinə çağırırıq:

• Süni intellekt vasitəsilə yaradılan və ya yayılan istismar xarakterli kontentin dərhal aşkarlanması və silinməsi üçün mexanizmlərin gücləndirilməsi;

• Qadınlara və uşaqlara yönəlmiş manipulyativ və istismar riski daşıyan mesajlaşma modellərinin proaktiv şəkildə müəyyən edilməsi;

• Platformalarda “romantik təkliflər”, “evlilik vədləri” və “asan çıxış imkanları” adı altında yayılan riskli kontent üçün erkən xəbərdarlıq sistemlərinin tətbiqi;

• Hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti ilə operativ məlumat mübadiləsi və əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi;

• İstifadəçilər üçün, xüsusilə qadınlar və gənclər üçün, riskləri tanımağa yönəlmiş maarifləndirici alətlərin artırılması;

* İstismar riski ilə üzləşən istifadəçilərin yerli yardım xidmətlərinə yönləndirilməsi.

İnanırıq ki, Sizin atacağınız addımlar yalnız texnoloji məsuliyyət deyil, həm də insan hüquqlarının və təhlükəsizliyinin qorunması baxımından qlobal öhdəlikdir. Bu çağırış, yalnız mövcud təhlükələrə deyil, həm də hələ görünməyən, lakin sürətlə formalaşan risklərə qarşı qabaqlayıcı tədbirlərin görülməsi zərurətindən irəli gəlir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!