4 Aprel 2026 / 14:06

“Nizami Xudiyev təəssüflə dedi ki, Fatma Abdullazadə zəng edərək göstəriş verdi ki…”

…10 gündən sonra- aprelin 14- də “Təzadlar” qəzetinin 33 yaşı tamam olur… Bu 33 ildə qəzet əməkdaşlarının- kollektivin başına çox müsibətlər gəlib. Şüarı 2020- ci ilədək “Qarabağı xilas edən xalqı Allah da xilas etməyəcək!” olub… Kollektiv çalışıb ki, xalqımız ruhdan düşməsin, yurda qayıdış arzusu ilə yaşasın… Hətta Sovet dönəmində belə AzTV efirindən xalqa sözünü “Xalq- qalx” ifadələri ilə çatdıran dünya şöhrətli alim Xudu Məmmədovun şəklini qəzetin başlığında veririblər ki, millət daha ruhlu olsun, ağı qaradan, pisi yaxşıdan, alimini nadanından, dürüstünü yaltağından, şəxsi maraqlarını milli maraqlardan üstün tutmayanları qarın və vəzifə davası edənlərdən fərqləndirsin… Amma onları qəsdən anlamaq istəməyənlər vardı və daim badalaq vurmağa çalışırdılar ki…

XXX

Qəzetin 33 illiyində  33 ildir bu çətinliklərə dözən baş redaktor Asif Mərzili ilə söhbətləşdik… O, indiyədək heç kimin bilmədiyi bəzi detalları dilə gətirməyə məcbur oldu. 1993- cü ildən “Təzadlar”ın baş redaktoru olmuş Asif Mərzilinin söhbətlərindən bəzi məqamları təqdim etməyi “Ölüm- itim dünyasıdır” deyərək diqqətə çatdırmaq istədik… Deyir: “…Xudu Məmmədovun şəklinin qəzetin başlığında verilməsi bəzilərini qıcıqlandırırdı… 1995- ci ilin məlum 13-17 mart hadisələrindən sonra qəzetin təsisçisi  olmuş X.Məmmədov Xeyriyyə Cəmiyyətinin fəaliyyəti dayandırıldı, təsisçiliyi öz üzərimə götürməli oldum… Lakin o vaxtlar Mətbuat və İnformasiya Komitəsinin sədri olan Sabir Rüstəmxanlı qəzeti yenidən qeydiyyatdan keçirməyə çəkindi… Az sonra rəhmətlik Sirus Təbrizli komitənin sədri oldu, qəzet lisenziyasını aldı, lakin “Azərbaycan” nəşriyyatının rəhbərliyi qəzetin çapına risq etmədi… Prezidentin köməkçisi Əli Həsənovla götüşdüm, insafən, sağ olsun, söhbətləşdik, bəzi məsləhətlər verdi və nəşriyyatın direktoru Nazim İbrahimova zəng edərək qəzetin çapına kömək olunmasını bildirdi… Qəzet nəşrə davam etdi… Lakin bu dəfə başqa problemlərə tuş gəldik. “Azərbaycan” qəzetinin indi baş redaktoru, o vaxtlar əməkdaşı və sonralar Ramiz Mehdiyevə xidmətləri sayəsində Ağdamdan deputat olmuş Bəxtiyar Sadıqov yazı və mətbu çıxışlarında Xudu Məmmədovun şəklinin qəzetin başlığından götürülməsini tələb edirdi… “Azərbaycan” qəzetinin baş redaktoru Əmir Mustafayevdən bu barədə soruşdum ki, Bəxtiyar Xudu Məmmədovun şəklindən nə istəyir? Dedi ki, Fatma Abdullazadı Ramiz Mehdiyevə, o da Bəxtiyara göstəriş verib… Beləcə, biz də bu şəkil təhdidlərinə dözməyə davam etməli olduq… Əsas o idi ki, X.Məmmədovun ailəsi hələki bu barədə danışmırdı… Amma az keçmiş bunu da etdilər… Sonra Xalq şairi Bəxtiyar Vahabzadənin və professor Nurəddin Rzayevin məsləhəti ilə öz hesabımıza X.Məmmədovun 70 illiyinə həsr edilmiş “Xüsusi buraxılış” hazırladıq. AMEA- da alimin 70 illiyi keçirilirdi, mən də dəvət olunmuşdum. Orada təxminən 200 qəzeti iştirakçılar arasında payladıq… Elmi konfransı AMEA- nın prezidenti Fərəməz Maqsudov açıq elan etdi. Fatma Abdullazadə də iştirak edirdi… Açığı sönük tədbir oldu. Yanaşı əyləşdiyim vətənpərvər şairimiz Famil Mehdi də bunu mənə bildirdi, hətta bir ara dedi ki, dur çıxaq, bu konfransdan gözüm su içmir… Nəhayət, sözü ailə adından təşəkkür etmək üçün X.Məmmədovun oğluna verdilər… O, tribunaya çıxıb duruxdu, ən azı iki dəqiqə sakit dayandı, çox həyəcanlı idi, hiss olunurdu ki, ona nəyi və necə danışmağı tapşırmışdılar, lakin o, tərəddüd içində idi… Amma nəhayət, o, danışdı… Qəzetin və təsisçilərin, qəzetin İdarə Heyət üzvlərinin (İH- də Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, İlham Rəhimov, Famil Mehdi və başqaları vardı), əleyhinə danışdı, hətta qəzetin düşmənə xidmət etdiyini dedi və qəzetdə dərc edilmiş bəzi siyasi aforizmlərimizi misal da çəkdi… Sonda atası Xudu Məmmədovun qəzetin başlığında hər nömrə verilən şəklinin çıxarılmasını yuxarılara, yəni Fatma Abdullazadəyə xitabən xahiş etdi… Fatma xanımın bu vaxt üzü güldü… Amma zal şokda idi… Hamı qəzetin media xəttini, dövlətçiliyə sadiqliyini bilirdi… Bunları eşidən kimi zalda olan alimlərin hamısı yavaş- yavaş konfransı tərk etməyə başladı… Bu hələ harasıdır… İki gün sonra isə Ağdamda X.Məmmədovun 70 illik yubileyinin keçirilməsi üçün Bakıdan bir qrup ziyalılarla (tarix elmləri doktoru Boran Əziz, Xudu Məmmədovun sevimli tələbəsi, kimya elmləri doktoru İxtiyar Bəxtiyarlı və başqaları) Ağdama getməli olduq… Ağdama axşam saatlarında çatdıq, səhəri gün Üçoğlandakı Mədəniyyət Evində alimin 70 illiyi keçirilməli idi. Ağdamın İcra başçısı Həsən Sarıyev tapşırmışdı, yubiley tədbirinə ciddi hazırlıq görülmüşdü… Axşam olduğumuz qohum evində səhərisi baş tutacaq tədbiri müzakirə edirdik, birdən işıqlar söndü. O dövrlərdə bölgələrdə belə hallar adi idi. Biz dilxor olduq, çünki saat 21:30- da AzTV- də hər il ənənəvi olaraq Xudu Məmmədovun doğum gününə veriliş həsr edilərdi… Saat 21:32-də elə bil Allah üzümüzə baxdı, narahatçılığımıza dəstək verdi, işıqlar yandı. Hamı AzTV- yə hakim kəsildi… Veriliş başlamışdı, amma məlum oldu ki, bu ötən ilki verilişdir, təkrar verirlər… Bir də gördük ki, alimin oğlunun iki gün əvvəl AMEA- da səsləndirdiyi narahat çıxışının fərqli və daha sərt forması xüsusi çəkilərək onun dilindən həmin verilişin içərisinə yamaq kimiverilib…”.

Asif Mərzili danışır ki, dövlət TV- də yayımlanan bu verilişi görüb Bakıya qayıtmaq istəyiblər: “Düşündük ki, icra başçısı bunu gördüsə, birmənalı olaraq tədbir ləğv edilib… Lakin əksini gördük, Bakıya yola düşmək üçün maşınlara minib getmək istəyirdik ki, başçı Həsən Sarıyev zəng etdi ki, bəs hardasız, tədbirə az qalıb, sizi gözləyirik… Çox sevindik… Tədbir yüksək səviyyədə keçirildi…”.

IMG

Asif Mərzili ən vacib bir məqamı da diqqətə çəkdi: “…Bakıya qayıdanda AzTV sədri Nizami Xudiyevə zəng vurub görüşmək və X.Məmmədovla bağlı verilişin bu dəfəki variantının nə demək olduğuna aydınlıq gətirmək istədim… AzTV-də, özünün kabinetində görüşdük… Mənə veriliş və Xudu Məmmədovun oğlunun çıxışı ilə bağlı dedi ki, “…Fatma Abdullazadə zəng edib tapşırdı ki, təcili olaraq Xudu Məmmədovun oğlunu tapın, özünə deyilib, o, çıxış edəcək, olduğu kimi, bu axşam efirə gedəcək verilişə əlavə edin…”.

(Davamı var)

Zaur Mehdi

(Yenixeber.org”)

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!