…Bakının Nərimanov rayonu, F.X.Xoyski küçəsi- 112 ünvanda yerləşən və göydələnə yapışdırılaraq tikilmiş beşmərtəbəli qeyri-yaşayış binası barədə məlumat vermişdik… Məlum olur ki, sosial mediada bu bina barədə tənqidlər səsləndirildikdən sonra Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti dərhal məlumat yayıb ki, həmin bina guya hələ Fövqəladə Hallar Nazirliyi yaradılmamışdan əvvəl- 2004-2005-ci illərdə “Səbinə” MTK tərəfindən tikilib. Sitat: “…Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 112 ünvanda yerləşən yaşayış və qeyri-yaşayış binası barədə bildiririk ki, sözügedən tikililər “Səbinə” MTK tərəfindən Fövqəladə Hallar Nazirliyi yaranmazdan əvvəl, 2004-2005-ci illərdə inşa edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən istismara hazırlıq aktı rəsmiləşdirilməmişdir”.
Araşdırmaçı jurnalist Cavanşir Həsənli isə FHN- nin mətbuat xidmətinin bu məlumatının yalan olduğunu üzə çıxarıb və özünün fb səhifəsində bu barədə yazıb, sübutlar təqdim edib. Sitat: “Mətbuat da FHN-in bu yalanını araşdırmadan olduğu kimi yayıb. Yalan olan nədir? Əvvəla sözügedən binanı “Səbinə” MTK yox, “Borçalı” MTK tikib. İkincisi, qeyd olunan ünvan azdırıcıdır və sözügedən binaya aid deyil. Sizə heç uzağa getmədən google-map-dan skrin elədiyim şəkli paylaşıram. Hazırda “Azərkreditinvest”in yerləşdiyi pərçimlənmiş binanın ünvanı Fətəli xan Xoyski 108b-dir. FHN “boynundan atdığı” binanın ünvanının 112 olduğunu deyir, hansı ki, ilk mərtəbəsində “Yaşam” klinikası yerləşir və arxa tərəfdə qalır. “Səbinə” MTK-nın tikdiyi binanın ünvanı isə 118-dir, daha aralıdır. Üstəlik, sonuncu şəkildə alqı-satqı elanında həmin binada satılan mənzillə bağlı məlumatda mənzilin kupçalı olduğu haqda məlumat qeyd olunur. Bu necə istismara hazırlıq aktı rəsmiləşdirilməmiş binadır ki, ordakı mənzillərə kupça verilib, hətta həmin binadan dövlət hərracı yolu ilə yarım milyon manata mənzil satışa çıxarılır?! Ünvan yalan, tikən şirkətin adı azdırıcı, binaya istismara hazırlıq aktı verilməməsi ilə bağlı məlumat həqiqətdən uzaq… Yəni, bir dövlət qurumu yaxasını kənara çəkmək üçün necə bu boyda yalan uydura bilər?!”.
Daha nə deyək… Fakt və sübutlar göz qabağındadır!
“Təzadlar”