7 Aprel 2026 / 23:01

O QIZI TAPIN! -ANA FƏRYAD QOPARIR!

O qızı tapın! Yox, bu məşhur Azərbaycan filminin adı deyil, Ağdaşda iki aydan çoxdur itkin düşmüş qızın tapllması üçün anasının polis orqanlarına bir çağırışıdır…

Redaksiyamızın elektron poçtuna  Ağdaş rayon Dəhnəxəlil kənd sakini Kərimova Zenfira Sabir qızı tərəfindən, Azərbaycanın baş prokuroru cənab Kamran Əliyevə, Azərbaycanın daxili işlər naziri cənab Vilayət Eyvazova və surəti “Təzadlar” qəzeti redaksiyasına ünvanlanmış müraciət daxil olub. Zenfira Kərimova öz müraciətində iki uşaq anası, qızı Sevgülü Yusifovanın neçə aydır itkin düşməsində qızının qaynatası Qədim Yusifovdan və qızının baldızı Nuranə Yusifovadan şübhələndiyini bildirir. Müraciətdən məlum olur ki, Zenfira Kərimova Yevlaxda vətəndaş qəbulu keçirərkən daxili işlər naziri cənab Vilayət Eyvazovun da qəbulunda olub. O, qızının axtarılması və tapılması, bu işdə əli olan günahkarların cəzalandırılması üçün Ağdaş rayon Polis Şöbəsinə göstəriş verilməsini nazirin diqqətinə çatdırıb. Eləcə də rayon polisinin bu istiqamətdə axtarış- əməliyyat fəaliiyətinin zəif olduğunu bildirib. Radaksiyamıza daxil olmuş müraciəti kiçik ixtisarla təqdim edirik:

-Azərbaycan Respublikasının baş prokuroru Cənab Kamran Əliyevə!

Azərbaycan Respublikasının daxili İşlər naziri Cənab Vilayət Eyvazova!

Surəti: “Təzadlar” qəzeti və saytının rəhbərliyinə!

Ağdaş rayon Dəhnəxəlil kənd sakini Kərimova Zenfira Sabir qızı tərəfindən

Müraciət

Hörmətli cənablar!

Sizi məlum edirəm ki, iki uşaq anası olan zım Yusifova Sevgülü Adil qızı ər evinə getdiyi gündən, qaynatası Yusifov Qədim Fərman oğlu və baldızı Yusifova Nuranə Qədim qızı tərəfindən mütamadi olaraq şiddət görüb. Dəfələrlə adı çəkilənlərlə aparılan söhbətlər heç bir nəticə verməyib. Həyat yoldaşı Ruslan Yusifov da atası və bacısı tərəfindən göstərilən bu təzyiqlərə, şiddətlərə göz yumub. 

Məlumat üçün deyim ki, hər gün gördüyü bu şiddətlərə dözməyərək, qızım 17 may 2024-cü il tarixində sirkə içərək intihara cəhd etmişdir. Qızım Sevgülünü ağır vəziyyətdədaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılmış və həyatı xilas edilmişdir. Bu barədə xəstəxananın qeydiyyat şöbəsində məlumatlar vardır. Sevgülünün diaqnozu həmin vaxt “qida zəhərlənməsi” kimi qeyd edilmiş və iki gün stasionar müalicə almışdır. Halbuki, məlumata əsasən, həmin vaxt o, Qədim və Nuranənin təzyiqlərindən bezərək sirkə qəbul etmişdir. Bu səbəbdən, məsul tibb işçilərindən sirkə qəbulunun hansı əsasla “qida zəhərlənməsi” kimi qeydə alındığına aydınlıq gətirilməsi indi olduqca zəruridir.
 Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, qızımı gözümçıxdıya salan, hər gün təzyiq göstərən, onu söyüb təhqir edərək alçaldan baldızı Nuranə Yusifova Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım (“Acil”) şöbəsində tibb bacısı işləyir. Bu isə təbii ki, qoyulan diaqnozun obyektivliyinə dair ciddi şübhələr yaradır. Bundan əlavə, onun qardaşı, yəni kürəkənimiz Ruslan Ağdaş rayonu Tofiqi kənd tibb məntəqəsində işləyir. Nuranənin sözlərinə görə, qardaşı Ruslanın psixoloji vəziyyəti normal deyil. Psixoloji vəziyyəti normal olmayan bir insan tibb məntəqəsində necə işləyə bilər? Səhiyyə Nazirliyi buna mütləq aydınlıq gətirməlidir.
Hörmətli cənablar!

10 yanvar 2026-cı il tarixində qızımı bir az sakitləşdirmək üçün evimizə gətirmiş söz-söhbət olmasın deyə həmin gün axşam saatlarında yenidən yaşadığı ünvana qaytarmışıq. 6 fevral 2026- cı il tarixində isə, qaynatası Yusifov Qədim Fərman oğlubaldızı Yusifova Nuranə Qədim qızı bizə məlumat verərək bildirdilər ki, Sevgülü evdən çıxıb və bir daha geri qayıtmayıb. Biz bu xəbərdən çox sarsıldıq. Elə səhəri günü, 7 fevral 2026-cı il tarixində bu barədə Ağdaş Rayon Polis Şöbəsinə müraciət etmişik.
Bir məqamı da qeyd etmək istəyirəm ki, Sevgülü 10 yanvar tarixində bizə gələrkən, ana,“bir sirr var, yaxın zamanda sizə deyəcəyəm” ifadəsini işlətmişdir. Neçə dəfə soruşsaq da o, əlavə heç nə demədi. Aradan xeyli vaxt keçməsinə baxmayaraq, polis orqanları bu işə ciddi yanaşmadı. Bu günədək qızımdan bir xəbər yoxdur. Ona görə də 1 mart  və 17 mart 2026-cı il tarixlərində TV aparıcı Xoşqədəm Hidayətqızının təqdim etdiyi “Səni axtarıram” televiziya verilişində iştirak etmişəm. Maraqlıdır ki, həmin verilişdə Nuranə Yusifova tərəfindən Sevgülünün evdən çıxıb getməsini əks etdirən bir neçə ədəd istintaq üçün əhəmiyyət kəsb edən kamera görüntüləri təqdim edilmişdir. Sual olunur, polis əməliyyatçıları və müstəntiqbizə hər dəfə  bildirirdilər ki, Sevgülü evdən çıxarkən heç bir müşahidə kamerasına düşməyib, iz yoxdur… Bəs necə olur ki, TV- yə bu görüntülər göndərilir? Bu isə sual doğurur: istintaq üçün əhəmiyyətli bu görüntülər Nuranə tərəfindən hansı yolla əldə edilmişdir? Ona bunu kim ötürmüşdür? Niyə onu polis əməkdaşları əldə edə bilməyiblər? Burada Nuranə Yusifovanın və atası Qədim Yusifovun təmizə çıxarılması təəssüratı yaranmırmı? Bu görüntülərlə Nuranə sübut etmək istəyir ki, biz Sevgülüyə heç nə eləməmişik və sağ-salamat evdən çıxıb gedib. Elə evdən qaçıb getməyə məcbur etməyin özü cinayət əməlinin törədilməsinə şübhələri yaratmırmı?  Burada polisin araşdırmalı olduğu məqamlar çoxdur.
Hörmətli Cənablar!

6 mart 2026-cı il tarixində isə, Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazovun Yevlax şəhərində vətəndaşlar üçün keçirdiyi qəbulda olmuşam. Nazir bu məsələyə ciddi baxılması üçün rayon polis şöbəsinin rəhbərliyinə xüsusi göstəriş verdi. Amma Ağdaş polisi bu məsələdə hələlik təsirli heç bir iş görməyib. Biz hər yerdə demişik ki, qızımın yoxa çıxmasında qaynatası Qədim Yusifovun və baldızı Nuranə Yusifovanın əli var. Amma bizi eşidən yoxdur. Niyə bu iki şübhəli şəxs bu günədək dindirilib ifadələri alınmayıb? Nuranə isə dəfələrlə bildirib ki,mənim əlim-qolum o qədər uzundur ki, mənimlə heç kim bacara bilməz və heç kim mənə heç nə deyə bilməz.” Görəsən, adi bir tibb bacısının əli nə qədər uzun ola bilər ki, bu boyda cinayəti ört-basdır elətdirsin? Bundan əlavə, Sevgülü itkin düşdükdən sonra qaynatası onun qeydiyyatda olduğu ünvandan çıxarılması üçün də aidiyyəti üzrə müraciət etmişdir. Niyə, nə olub? Maraqlı deyilmi? Əgər qaynatası Qədimin və baldızı Nuranənin Sevgülünün ölməsi və ya öldürülməsi barədə dəqiq məlimatları yoxdursa, niyə onun pasport qeydiyyatından çıxarılmasını belə tələm- tələsik istəyirlər? Bəlkə mənim qızım sağdır, tapılıb evinə qayıdacaq? Deməli, onlar qızımın sağ olmamasına əmindirlər. Bu suallara hüquq-mühafizə orqanları cavab tapmalıdır.

Hörmətli Cənablar!

Qızım Sevgülünün itkin düşməsi ilə bağlı Yusifov Qədim Fərman oğlu və Yusifova Nuranə Qədim qızının əlaqəsinin olması ehtimal edirik və onun harada olması barədə məlumatın məhz onlarda ola biləcəyini düşünürük. Əgər qızım sağdırsa, o, ötən iki ay ərzində mütləq bizə, qohum- tanışlara mütləq verərdi.  

 Daha bir maraqlı məqam odur ki, 23 fevral 2026-cı il tarixində saat 10:50-də Y. Ruslan və Y. Sevgülü boşanma ilə bağlı MSA/MT061-2026-00057 saylı iş üzrə Mediasiya prosesinə dəvət olunmuşdur (ünvan: Ağdaş şəhəri, H. Əliyev Mərkəzi). Lakin bilə-bilə ki, Süvgülü itkin düşüb, amma bununla belə ona bildiriş göndərilməsi hüquqi baxımdan anlaşılmazlıq deyilmi?
 6 fevral 2026-cı il tarixindən 29 mart tarixinə qədər müvafiq qurumlar tərəfindən bizim ailə ilə heç bir əlaqə saxlanılmamışdır. Sevgülünün valideynləri olaraq dəfələrlə müvafiq qurumlara müraciət etsək də, yalnız “axtarış gedir” cavabı verilmiş, lakin heç bir nəticə əldə olunmamışdır. 30 mart 2026-cı il tarixində Rayon Polis Şöbəsinin rəsmiləri tərəfindən biz valideynlər Şöbəyə dəvət olunmuşuq. Orada bizə dedilər ki, Sevgülünün sağ qalma ehtimalı 1 faiz, həyatını itirmə ehtimalı isə 99 faiz olaraq qiymətləndirilir. Buna baxmayaraq, onun nə diri, nə də ölü halda tapılması ilə bağlı konkret nəticə yoxdur. Bəs bu işdə şübhəli üç şəxs olan qaynatası və həyat yoldaşı, baldızı necə dindirilib, onlar istintaqa necə cəlb edilib? Bizim ehtimal və şübhələrimiz necə araşdırılıb, kamera görüntüləri hansı qaydada yoxlanılıb? Axtarış necə aparılıb və hansı istiqaməti əhatə edib??? 

Hörmətli “Təzadlar” qəzetinin və saytının baş redaktoru, xahiş edirəm, övlad itkisi yaşayan mən dərdli ananın bu fəryadını işıqlanırıb hörmətli Prezidentimiz cənab İlham Əliyevin, baş prokuror cənab Kamran Əliyevin, daxili işlər naziri cənab Vilayət Eyvazovun diqqətinə çatdırasınız. Bu iş onların diqqətində olmasa, həqiqət üzə çıxmayacaq və qızımın harada olduğu bilinməyəcək.

Hörmətli cənablar!

İnanıram ki, mən dərdli ananın göz yaşları ilə yazdığı bu müraciətə həssaslıqla yanaşacaqsınız, bunun da nəticəsində qızımın yeri müəyyənləşəcək və günahkarlar layiqli cəzasını alacaqlar.

Əvvəlcədən hər birinizə ayrılıqda təşəkkür edirəm!

Hörmətlə:    Kərimova Zenfira Sabir qızı”

Redaksiyadan: Əks tərəfin mövqeyini öyrənmək üçün Ağdaş Rayon polis Şöbəsinin əməliyyatçısı Nicat Hüseynovla əlaqə saxladıq. Müraciətimizə çox həsaslıqla yanaşan N.Hüseynov sorğumuza cavab olaraq belə dedi: “Valideynlərin narahtaçılığını başa düşürəm. Ağır dərddir. Biz də əlimizdən gələni edirik ki, qız tapılsın və sağ-salamat valideynlərinə təhvil verilsin. İnanıram ki, qız salamat tapılacaq. Bundan ötrü qaynatasını, qızın həyat yoldaşını və baldızını istintaqa cəlb edərək sorğu-sual eləmişik və eləməkdə də davam edirik, ifadələri alınıb, hər bir şübhələr yoxlanılır. Hələki bir ipucu yoxdur. Amma bu işin üzərində çox ciddi işləyirik və nəticə verəcəyinə də inanıram”.

N.Hüseynovdan soruşdum ki, deyilənə görə, baldızı Nurənə Yusifovada Süvgülünün evdən getdiyini əks etdirən görüntülər var, amma bu görüntülər polisdə yoxdur. Bu, belədirmi?

Cavab olaraq N.Hüseynov dedi: Yalandır! O görüntü bizdə də var. Amma çox uzaqdan görünən müşahidə kamera çəkib deyə, görüntü nöqtə boydadır. Bu səbəbdən də demək olar ki, heç nə görünmür. Mən indi sizə istintaq sirrini aça bilmərəm. Onu deyə bilərəm ki, qızın tapılması üçün rəhbərlik səviyyəsində belə ciddi işlər görülür. Ona görə də qızın tapılacağına inanıram”.

Hazırladı və təqdim etdi: Elçin MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!