Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Aprel 2026 / 12:47

İNANILMAZ! Nərimanov TM-in həkimləri görünməz işə düşüblər: maaşlarını ‘könüllü’ şəkildə geri qaytarmalıdırlar

Nərimanov Tibbi Mərkəzində çalışan bir qrup həkim əməkhaqları və bonus ödənişləri ilə bağlı ciddi problemlərlə üzləşib. Belə ki,  İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB tərəfindən tətbiq edilən qaydalar həkimlər üçün ciddi çətinliklər yaradır.

Nərimanov Tibbi Mərkəzində çalışan bir qrup həkimin sözlərinə görə, hər xəstə qəbuluna görə nəzərdə tutulan 1 manat 20 qəpik bonus ödənişi ya tam verilmir, ya da səbəbsiz şəkildə kəsilir: “Gündəlik qəbul limiti 20–25 nəfər göstərilsə də, biz faktiki olaraq 35–40 xəstə qəbul edirik. Amma ayın sonunda əməkhaqqımızda bu əlavə əməyin qarşılığını görmürük. Bonuslar kəsilir, səbəb izah edilmir”.

Tezadlar.az-ın məlumatına görə, həkimlərin yerli mediaya ünvanladıqları müraciətdə bldirilir ki, son struktur dəyişikliklərindən sonra mərkəzdə yoxlama aparılıb və nəticələr həkimləri şok edib: “Bizə bildirilir ki, guya son 2 ildə artıq maaş almışıq. Ona görə də həmin məbləği hər ay əməkhaqqımızdan hissə-hissə ‘könüllü’ şəkildə geri qaytarılmalıdır”.

Məsələ ondadır ki, heç kim etiraz edə bilmir: “Çünki səsini çıxaran işdən çıxarılmaq qorxusu ilə üz-üzədir. Müxtəlif bəhanələrlə işdən azad edilə bilərik”.

Həkimlər hesab edirlər ki, bu yanaşma həm hüquqi, həm də etik baxımdan qəbuledilməzdir: “Əgər hansısa maliyyə və ya idarəetmə səhvi olubsa, bunun məsuliyyəti sistemi quran və idarə edən şəxslərin üzərində olmalıdır. Sıravi həkimlərin nə günahı?”

Müraciət müəllifləri bildirirlər ki, həkimlər gecə-gündüz çalışaraq əhalinin sağlamlığı üçün xidmət göstərir, lakin buna baxmayaraq həm maddi, həm də mənəvi təzyiq altındadırlar.

Sonda həkimlər aidiyyəti qurumlara çağırış edərək bu məsələnin obyektiv və şəffaf şəkildə araşdırılmasını istəyirlər: “Əməkhaqlarımıza əsassız müdaxilələrin qarşısı alınmalı, günahkar şəxslər məsuliyyətə cəlb olunmalıdır”.

Xatırladaq ki, müraciətdə adı keçən mərkəzin rəhbəri son illər müxtəlif qalmaqallarla gündəmə gələn, TƏBİB-in keçmiş icraçı direktoru Vüqar Qurbanovun yaxın komandasına daxil olduğu bildirilən Fazil Alməmmədovdur.

Məsələ ilə bağlı Nərimanov Tibbi Mərkəzinin və aidiyyəti qurumların da mövqetini dərc etməyə hazırıq.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!